3. Tanışlıq

167 29 22
                                    

 Musiqi gözəl və sirli atmosfer yaradacaqdır.

   Oğlanı Kabuslardan xilas edib-etməmək mövzusunda çox götür-qoy elədi, sonda da bunun lehinə qərar verdi. Nəticədə, kim olursa olsun, qorxunc Kabusların ona nələr hiss etdirə biləcəyindən xəbəri vardı. Quzğunları çağırmaq onun üçün çətin deyildi, tez-tez istifadə etdiyi xəyal olduğundan güclü diqqət tələb etmirdi.

İndi isə qarşısında dayanmış oğlanı başdan-ayağa süzürdü. Hündür boy, dalğalı və gur qəhvəyi saçlar, uzunsov və geniş üz, uzun düz burun, qəhvəyi gözlər, ensiz çənə...Görünüşü xoşəgələn idi. Lakin birdən-birə peyda olan bu oğlanı tanımırdı və asanlıqla da güvənməyi fikirləşmirdi.

-Çox sağ ol,-oğlan dilləndikdə az qala diksindi. Uzun müddət səssiz durduqlarının fərqinə varmamışdı.

-Yaxşı,-nə deyəcəyini bilmədiyindən yenə susdu. Sonra geri çevrilib getmək istədi.

-Dayan!-oğlan arxadan çağırdı və ona doğru gəlməyə başladı. O isə bir-iki addım geri gedib, əlləri ilə "dur" işarəsi verdi. Oğlan ona üç-dörd metr aralıqda dayandı.

-Hara gedirsən?-naməlum oğlan yenə dilləndi,-məni də özünlə apara bilərsən?

-Yox,-səsi bir qədər sərt çıxdı,-bilmərəm. Səni tanımıram.

-Onda özümü tanış edim: mənim adım Elvindir. Yuxuda olduğumu bilirəm, amma ayılmağı bacarmıram. Buralar isə mənə yaddır. Nə edəcəyimi, hara gedəcəyimi bilmirəm,-Elvin adlı oğlanın səsində çarəsizlik vardı.

-Əlbəttə ayıla bilməyəcəksən, Yuxular labirintinə düşmüsən.

-Necə? Sən də ayıla bilmirsən? Onda bəs nə edəcəyik?

-Bir yol tapmağa çalışacağam,-sözünü bitirib yenə geri döndü.

-Dayan,-oğlan yenə arxadan səsləndi,-adın nədir bəs? Səni necə çağırım?

Ad? Qız beynindəki o boşluğu yenə hiss etdi. Adı nə idi onun? Heç bu haqda fikirləşməmişdi. Bir adı olmalı idi. Beynini zorlamalı idi, özünü tamamilə unutmasına icazə verə bilməzdi. Onun adı nə idi?

-Xatırlamıram,-səsi zəif çıxmışdı.

-Xatırlamırsan? Amneziya? Bəlkə də yuxuda olduğundandır. Bir az da cəhd et,-oğlanın sözləri ona qəribə bir təskinlik verirdi. Bir az da düşündü, beynindəki o boşluqdan məlumat çıxarmağa cəhd etdi. İlan bir dəfə ona necəsə müraciət etmişdi. Bəs necə? Gözlərini yumub möhkəmcə sıxdı, sanki beyninin içinə baxmağa çalışırmış kimi, göz qapaqlarının arxasındakı boşluqda nə isə görə biləcəkmiş kimi. İlanın səsini xatırlamağa cəhd etdi, onu necə çağırmışdı? Nəhayət...Nəhayət...

-Janset!-yüksək səslə dilləndi,-adım budur! Janset!-sürətlə nəfəs almağa başladı, beynindəki qəribə boşluq bir anda dolmuşdu. Adını xatırlayırdı.

-Janset? Nə qəribə addır...-oğlan qaşlarını çatdı,-çərkəz əsilli adlara bənzəyir. Ailəndə çərkəz əsilli kimsə var?

-Hardan bilim axı,-Janset səbirsizliklə dedi, o ki, adını güclə xatırlayırdı.

-Yəni heç nə xatırlamırsan?-Elvinin gözləri maraqla böyüdü,-maraqlıdır. Bəlkə də lusid yuxuda deyilsən. Bəlkə də sadəcə mənim xəyalımın bir məhsulusan. Bəlkə də əslində öz-özümlə danışıram...

-Bura bax,-Janset əsəbləşməməyə cəhd edərək dilləndi,-sənin kim olduğunu bilmirəm, amma mən heç kimin xəyalı filan deyiləm. Bura necə düşdüyümü də bilmirəm, ancaq çıxış yolu tapacağıma inanıram. Ona görə də, mənə mane olma və öz yoluna get.

Janset bir daha geri dönməyə çalışdı, ancaq Elvin bir daha onu saxladı: bu dəfə yaxınlaşıb dirsəyindən tutaraq:

-Məni beləcə qoyub gedə bilməzsən, burada nə baş verdiyini anlamıram.

Janset diksinərək qolunu çəkib xilas etdi və mümkün qədər ondan uzaqda durmağa çalışdı. Qəflət təmasdan tükləri biz-biz olmuşdu, ürəyi qorxu ilə daha sürətli vurmağa başlamışdı.

-Mənə toxunma!-Elvinin təəccüblü üz ifadəsin vecinə almadan qışqırdı,-yaxınlaşma mənə! Bəlkə sən də Üzsüzlər kimi mənə mane olmağa çalışan hansısa varlıqsan? Nə bilə bilərəm?

-Mən...-oğlan susub ona baxmaqla kifayətləndi. Üz ifadəsindən nə isə demək istədiyi aydın görünürdü.

-Bu həmin oğlandır,- Janset birdən yaxınlardan ilanın səsini eşitdi. Yerdə qıvrılaraq ona doğru sürünən ilan ayaqlarına dolandı və yuxarı sürünüb başını Jansetin çiyninə qoydu.

-Necə?-Janset dönüb oğlana bir daha baxdı. Deməli xilas etməli olduğu oğlan bu idi.

-İlan?-Elvin geri addımladı,-Janset, diqqətli ol, sənə zərər vura bilər.

-O mənim dostumdur,-Janset açıqlama verdi,-narahat olma.

-O hörümçəklər kimi deyil?

-Yox, Soşo onlar kimi bir Kabus deyil.

-Soşo?-Elvin gördüyündən bəri ilk dəfə gülümsədi,-bu adı ona sən vermisən? Yazıq bu ada layiq olmaq üçün nə günah işləyib?

-Nə danışırsan?-bu oğlan artıq onun əsəblərinə toxunmağa başlayırdı,-nə isə, səni xilas etdim, indi daha gedə bilərəm.

-Məni də özünlə apar,-Elvin bir daha dilləndi. Üzündə bayaqkı təbəssümdən əsər qalmamışdı, gözlərindən çarəsizlik asanlıqla oxunurdu. Janset istəməsə də, bu naməlum oğlana ürəyi yanırdı. Amma yox! Tanımadığı birinə belə tez güvənə bilməzdi. Başını sağa-sola yelləyərək təklifdən imtina etmək istəyirdi. Lakin Soşo işə qarışdı:

-Hər şey qarşılıqlıdır, Jansset,-unutma... 

 Buraya qədər oxuduğunuz üçün təşəkkürlər. Artıq labirintin içərilərinə doğru daxil olub qeyri-adi macəralarımıza və sirlərlə dolu əhvalatımıza davam edə bilərik. 

Yuxular LabirintiDonde viven las historias. Descúbrelo ahora