-Zədanlardan əsər-əlamət yoxdur,-Elvin qaşlarını qaldırdı,-daha bizi həbs etməyi fikirləşmirlər deyəsən.
-Yuxu iradəsi onları geri çəkib çox güman,-Janset dedi.
-Niyə görəsən?
-Bilmirəm,-Janset bezikmiş halda dilləndi,-o, daim oyun oynamağı sevir.
Artıq beşinci qatı geridə qoymuşdular. Qarşılarında açılmış altıncı qat-Yuxu qatı digərlərindən daha fərqli atmosferə malik idi. Burada hər şey bir qədər dumanlı görünürdü: sanki daha lusid yuxuda deyilmişlər kimi hiss verirdi. Elvin hərəkətlərinin yavaşladığına da fikir verdi, onun üçün zaman yavaş axırmış kimi görünürdü. Digər tərəfdən də havada çəkisiz halda duran şəffaf kürəciklər Elvinin diqqətini çəkdi.
-Bunlar nədir görəsən?
-Onlar,-Janset qaşlarını çataraq çox güman ki, xəritədə bu haqda nəsə yazılıb-yazılmadığına baxmağa çalışırdı,-sadəcə yuxu kürələri. Aha, bu kürələrin içinə daxil olsan, yuxu görməyə başlayacaqsan.
-Yuxu içində yuxu? Qəribədir, yuxuda nə görə bilərik...
-Normal yuxularına keçmiş xatirələrin və təcrübələrin də qarışar,-Janset dedi,-onda...
-Yox, Janset,-Elvin təlaşlı şəkildə başını buladı,-nə düşündüyünü bilirəm, ancaq əvvəla bu kürələrin içinə düşsək, nə vaxt və necə ayılacağımızı dəqiq bilmirik. Bunu risk edə bilmərik. İkincisi də,-Jansetin zeytun yaşılı gözlərinə baxdı,-onlar sənə xatirələrini göstərsə belə, bunların nə dərəcədə doğru olduğunu bilə bilmərik. Yuxular adi hadisələri şişirdib təhrif edir, sən onların doğruluğuna tamamilə güvənə bilməzsən.
-Həmişə fikrimdəkiləri oxuyursan,-Janset kiçik uşaqlar kimi etiraz edib dodağını büzüşdürdü. Elvin gülümsəməkdən özünü güclə saxladı.
Havada sərbəst süzülən yuxu kürələrindən kənar qaçmağa çalışaraq, altıncı qatı bir müddət yeridilər. Jansetlə birgə qabaqda gedirdilər, arxada isə Mayari və özünə yaxın tutub qoruduğu uşaqlar vardı.
-Mayari, biz buradan nə vaxt çıxacağıq?-Elvin balaca qızlardan birinin səsini eşitdi.
-Çox tezliklə,-Mayari şirin səsi ilə cavablandırdı,-bax, bunu oyun kimi təsəvvür edin: labirinti keçə bilsək, azadlığa çıxacağıq.
-Bunlar sadəcə yuxudur,-bu dəfə danışan oğlan idi,-bir azdan ayılarıq.
-Yuxuya oxşamır axı,-qız etiraz etsə də, səsi zəif çıxmışdı.
Elvin fikrini onların söhbətindən yayındırıb, beşinci qatda Yuxu iradəsi ilə olanları düşündü: özündən asılı olmadan, şüursuz şəkildə onun istəyinə tabe olurdu. Elvin bir daha Yuxu iradəsinin gözlərinə baxmayacağına özünə söz verdi. Digər tərəfdən də, Jansetin onu necə özünə qaytardığını fikirləşdi. "Sənə ehtiyacım var. Qayıt" demişdi. Elvin öz-özünə gülümsədi: deməli təkcə onun Jansetə ehtiyacı yox idi. Bunu bilmək içini bir qədər rahatlaşdırmışdı.
YOU ARE READING
Yuxular Labirinti
FantasyBu cəhənnəmdən məni xilas edə biləcək tək insan özüməm... Yuxuları öyrənən elm "oneirologiya" adlanır... Lusid yuxu görmək üçün edilməli olan məşqlər: 1. Yatma və durma vaxtlarının planlı hala gətirilməsi. 2. Yuxuların yadda saxlanılması üç...