-Niyə o uşaqları xilas etməyə bu qədər həvəskarsan?-Janset həmişəki güvənsizliyini ortaya çıxararaq dilləndi.
Xəyallar boşluğunun daha əvvəl yaratdıqları "utopik şəhər" görkəmi yox olduğundan Elvin bu dəfə yeridikləri ərazini metro içinin mərmərdən daşlarına bənzər xəyal etmişdi. Geriyə döndüklərindən bu dəfə yolları sağa doğru qıvrılırdı.
-Necə?-Mayari üzündə asanca görünən təəccüblə bir Jansetə, bir Elvinə baxdı.
-Janset, bu qədər bəsdir,-Elvin qızın köməyinə çatdı,-həddindən artıq şübhələnirsən.
-Ən azından səbəbini söyləsən, anlayardım,-Janset Elvinə fikir vermədi.
-Çünki onlar mənə qardaş-bacılarımı xatırladır,-Mayari son dərəcədə ciddi ifadə ilə dedi.
-Necə yəni?-Janset maraqla soruşdu.
-İcazə verin, sizə söz verdiyim kimi özüm haqqımda danışım,-Mayari dostcasına gülümsəyib sözə başladı,-mən balacalığımda kiçik bir kənddə yaşayırdım. Malazyada. Ailəm geniş idi; anam və atam, iki qardaşım, dörd bacım və mən. Anam vəfat etdikdə mənim on üç yaşım vardı. Atam bizi yedizdirmək üçün çox çalışırdı, mən də uşaqlar arasında ən böyükləri olduğumdan, bacı-qardaşlarıma özüm baxmalı oldum. Bir neçə il məktəbə də gedə bilmədim, amma onlar böyüdükdən sonra axır ki, evdən ayrılıb öz təhsilimlə məşğul olmağa başladım. Lakin hələ də uşaqlara sevgi və qorumaq istəyi duyurdum. Sanki uşaqlıqdan bəri alışdığım şeydir,-çiyinlərini çəkdi.
-Kaş mənim də bacı-qardaşım olardı,-neçə vaxtdır ağzını açmayan Armo dilləndi.
Bacı-qardaş...Elvin də balaca olduğunda qardaşı olduğunu xatırlayırdı...
-Bəs necə oldu ki, buraya düşdün?-Elvin soruşdu. Buraya düşənlər haqqında öyrənərək aralarındakı oxşar cəhəti tapmağa çalışırdı. Bəlkə beləcə burdan çıxmağın yolunu tapa bilərdilər.
-Onda hekayəmin qalanını da danışım,-Mayari səbirlə danışmağa davam etdi,-Təhsilimlə bağlı problemləri aradan qaldıraraq bir-neçə dil də öyrəndim Bu arada üzməyi də yaxşı bacarıram. Ona görə də turistlər üçün hazırlanmış "Dəniz səyahəti" proqramında dalğıc vəzifəsində işləməyə başladım. Dil bilgim olduğundan turistlərlə danışa bilirdim və onları dənizaltında kiçik səyahətlərə çıxardırdım. Amma axırıncı dəfə nə olduğunu tam xatırlamıram. Yenə də dəniz kənarında olmalıydıq. Deyəsən kiçik bir qəza oldu, mən də harasa ilişmişdim. Ondan sonra huşumu itirmiş olmalıyam...
Elvinin gözləri böyüdü: Armoda olan problem Mayaridə də vardı; əgər xilas olunmamışdısa, dəniz altında boğula bilərdi. Xilas olunmuşdusa da...yenə də tezliklə ayılmalı idi.
-Buraları tezcə keçə bilmərik?-Armo soruşdu,-uçaraq, ya da daha sürətlə ən azından...
-Uşaqları xilas etmək üçün çox güman ki, Zədanlarla mübarizə aparmalı olacağıq,-Janset cavab verdi,-diqqətimizi və enerjimizi xərcləyə bilmərik. Həm də nə qədər sürətli getməyə çalışsan, labirint də sanki o qədər böyüyür.
-Mənə bir şey də maraqlıdır,-Armo bir daha dilləndi,-biz hamımız müxtəlif ölkələrdənik. Bəs yuxuda necə olur ki,bir-birimizlə əlaqə saxlaya bilirik?
-Bu ki, aydındır,-Janset dedi,-ortaq dil vasitəsi ilə çox güman.
-Əlbəttə!-Elvinin gözləri işıldadı,-budur bizim ortaq cəhətimiz. Mayari, sən bir-neçə dil öyrəndiyini söylədin,-qıza döndü,-hansı dillər?
ESTÁS LEYENDO
Yuxular Labirinti
FantasíaBu cəhənnəmdən məni xilas edə biləcək tək insan özüməm... Yuxuları öyrənən elm "oneirologiya" adlanır... Lusid yuxu görmək üçün edilməli olan məşqlər: 1. Yatma və durma vaxtlarının planlı hala gətirilməsi. 2. Yuxuların yadda saxlanılması üç...