19. Pərdə arxası(2)

78 10 41
                                    

   -Qısası,-Elvin dilləndi,-biz sadəcə lusid yuxuda deyil, həm də paralel dünyadayıq.

-Düz başa düşmüsən,-Şəhzadə gülümsədi.

Bəli, Elvin onun dediklərini başa düşmüşdü, lakin bu o demək deyildi ki, bütün bunlara inanırdı. Şüur ruhdur? Bu, elmi cəhətdən cəfəngiyata oxşayırdı. Deyilən hər şeyə inana bilməzdi. Natsune doğru deyirdi, bunlara on yaşlı uşaq da inanmazdı. İndi Elvin, sadəcə vəziyyəti olduğu kimi qəbul etməyə çalışırdı. Əks təqdirdə, beyni mümkünsüzlük burulğanına düşmüş gəmi kimi sulara qərq olardı.

-İnana bilmirəm,-Mayari dilləndi,- Bizim əslində bir paralel dünyada hərəkət edə bilən şüurlarımızla əlaqə saxladığımızı söyləyirsən. Bütün bunlar...-dərindən nəfəs aldı,-bütün bunlar qeyri-adi görünür, ona görə də bunları düşünmək üçün vaxt lazımdır. Amma indi buna vaxt yoxdur... Bu saat məni maraqlandıran iki şey var: burada qalmış digər uşaqları da tapmaq və labirinti həmişəlik tərk etmək.

-Ah, Eriko və Emeriko əkizlərini deyirsən,-Şəhzadə ayağa qalxdı,- labirintə düşənlərdən sadəcə ikisi burada yoxdur.

-Haradadır onlar?-Mayari də ayağa qalxmaq istədi, lakin Zədanlardan biri əlindəki çubuqla onu sinəsindən itələyib geri oturtdu. Elvin digər Zədanların da oturduqları yerdən iki addımlıq məsafədə onlara nəzarət etdiklərini gördü.

-Labirintin ikinci qatında.

-Ola bilməz,-Mayari təlaşlandı,-onları ikinci qatda tərk etmişik.

-Narahat olma, indi əsgərlərdən bir-neçəsini göndərəcəyəm onları gətirsinlər,-Şəhzadə əli ilə işarə verdi və iki Zədan onun əmrlərinə tabe olub havada əriyərək yox oldular.

-Onlar bunu necə edə bilirlər?-Elvin çoxdan bəri maraqlandığı sualı verdi.

-Məgər sən xəritəni yaxşı nəzərdən keçirmədin? Bu labirint spiral halında yuxarı qalxan qatlardan ibarətdir. Lakin qatlararası keçidlərdə boşluqlar vardır. Bu boşluqlar labirintin tam mərkəzi ilə əlaqəlidir. Qatlararası boşluqlardan spiralın ortasına keçib oradan sürətlə labirint boyu hərəkət etmək mümkündür.

-Axı Zədanlar elə havadaca yoxa çıxırlar,-Elvin izahla qane olmadı.

-Aha, həm də onların şəffaflaşma bacarıqları var,-Şəhzadə gülümsədi,-havada yox olub-yenidən yaranırlar. Bu ideyanı Jansetə mən vermişdim, necədir? Labirintin şəhzadəsi belə əsgərlərə sahib olsa, daha qüdrətli olmazmı?

-Deməli Zədanları, Kabusları və başqa varlıqları sən yaratmısan...

-Bütün hamısını,-Şəhzadə dedi,-ancaq Eno və Soşodan başqa. Onları Janset özü də bilmədən bura düşdükdən sonra yaradıb. Eno onun üçün xatirələrinin bəzilərini saxlayan kitabxanaçı qismində bayquş idi. Enonun yanında xəritə olduğuna özünü inandırmışdı, halbuki, əsl xəritə onun yaddaşında idi. Soşo isə,-Şəhzadə bir qaşını qaldırdı,-onu niyə yaratdığını dəqiq bilmirəm. Ancaq onu bilirəm ki, Soşo Jansetə həddindən artıq kömək edib, onun üçün hər şeyi asanlaşdırıb. Hətta deyə bilərəm ki, mənim və sizin haqqınızda gizli qalınması gərəkən bilgiləri ona söyləyib.

Deməli Soşo Jansetin zehnində olan qoruma mexanizması kimidir? Ona əslində kim olduğunu, harada olduğunu çatdırmağa çalışan biri...Soşo Jansetin şüuru idi, onun zehninin fantaziya ilə reallığı əlaqələndirməyə çalışan parçası...

-Bütün bu günahlarına görə onları cəzalandırmalıyam,-Şəhzadə dilləndi və Elvin bunun nə mənaya gəldiyini anlamamış incə səslə qırmızı ilanı çağırmağa başladı,-Soşo! Soşo, sənə ehtiyacım var! Xahiş edirəm, bura gəl!

Yuxular LabirintiDonde viven las historias. Descúbrelo ahora