-Nə istəyirsən yenə?-Janset əsəblərini cilovlamağa çalışırdı.
-Bax, o yaraşıqlı oğlanı,-Yuxu iradəsi şirin səsi ilə barmağını Elvinə yönəltdi.
Janset çevrilib Elvinə baxdıqda artıq iş-işdən keçmişdi: Elvin, gözləri fokus nöqtəsini itirmiş halda Yuxu iradəsinə doğru bir addım atdı.
-Elvin, yox!-Janset onu dayandırmağa çalışaraq arxasınca getdi, lakin Elvin ona fikir vermədən hipnozlanmış halda Yuxu iradəsinə doğru getməyə davam edirdi.
-Elvin, dayan!-Janset arxasınca qışqırdı və xeyri olmadıqda bu dəfə onu əli ilə tutub saxlamağa çalışdı. Lakin bir-neçə addımdan sonra sanki hava təzyiqi ilə geri itələndi. Elvin Yuxu iradəsinin təsir dairəsinə düşmüşdü və Janset bu dairədən içəri keçə bilmirdi. Nə qədər ayaqlarını irəli aparmağa çalışsa da, qarşısındakı hava sanki daha da sıxlaşır və onun hərəkətinə mane olurdu.
-Afərin, oğlan,-Yuxu iradəsi həmişəki şirin səsi ilə Elvini çağırmağa davam etdi. Elvin də itaətkar kukla kimi onun səsinə doğru cəzb olunurdu.
-Elvin!-Janset bir daha qışqırdı, amma onun səsi artıq işə yaramırdı.
-Daha inandırıcı olmalısan,-Yuxu iradəsi ona gülümsədi,-onu özünə cəzb etmək üçün hisslərinə toxunmalısan. Səsin titrəməməlidir, özündən bir an belə şübhə etməməlisən.
-Ondan nə istəyirsən axı?-Janset bu dəfə gözlərinin yaşardığını hiss edirdi. Kabuslar və ya Zədanlar olsa idi, onlarla mübarizə apara biləcəyindən əmin olardı. Lakin Yuxu iradəsinə qarşı edə biləcəyi heç nə yox idi.
Havada sürətlə uçan buz parçalarını gördükdə geri çevrildi: Armonun əllərini irəli uzatmış, buz parçaları ilə Yuxu iradəsinə qalib gələcəyinə əmin kimi görünürdü. Amma buz parçalarının iti ucları Yuxu iradəsinin müdafiə qalxanına dəyərək qırılırdı. Bu qalxanı heç bir xəyal yıxa bilməzdi.
-Afərin, əzizim,-Yuxu iradəsi heç buz parçalarına fikir belə vermirdi: onun qırmızı işıqla parlayan gözləri Elvinə zillənmişdi,-yaxın gəl, indi isə otur.
Elvin dizlərini qatlayıb yerə oturacaqdı ki, Janset bu dəfə bütün gücü ilə bağırdı:
-Elvin, dayan!
Səsindən Armonun da diksindiyini hiss etdi. Elvin isə sadəcə dayanıb başını geri çevirdi, lakin gözləri hələ də dumanlı idi.
-Elvin,-Janset bu dəfə özünü toplayaraq Yuxu iradəsinin dediklərinə əməl etməyə çalışdı. Səsini bir az yumşaltdı ancaq tonunu azaltmadı. Özündən əmin şəkildə Elvinin gözlərinə baxdı:
-Elvin, məni qoyub getmə,-səsinin titrəməsinin qarşısını alaraq dedi,-sənə ehtiyacım var. Bura qayıt.
Elvinin gözləri aydınlanmağa başladıqda, bacardığını anladı. Oğlan bu dəfə ona doğru gəlməyə başladı. Janset irəli qaçaraq Yuxu iradəsinin təsir dairəsindən çıxan Elvinin qolundan yapışıb özünə doğru dartdı.
-Aha, yaxşı yerdən vurdun,-Yuxu iradəsi məmnun təbəssümlə dilləndi,-bir oğlana, ona ehtiyacın olduğunu söyləmək...Əslində səndə də cazibə varmış, amma istifadə etməyi bacarmırmışsan,-barmağını alt dodağına toxundurdu,-Sənə bir məsləhət verim: çalış ki, hər şeyi xatırlayasan. Bax onda ən güclüsü olacaqsan.
-Bəsdir daha, rədd ol buradan!-Janset qışqırdı,-sənə qalib gəldik, odur ki, çıxıb getməlisən artıq.
-Bu sadəcə səninlə belə olardı,-Yuxu iradəsi güldü,-amma bu dəfə əliboş getməyi düşünmürəm,-baxışlarını Jansetin soluna çevirdi.
ESTÁS LEYENDO
Yuxular Labirinti
FantasíaBu cəhənnəmdən məni xilas edə biləcək tək insan özüməm... Yuxuları öyrənən elm "oneirologiya" adlanır... Lusid yuxu görmək üçün edilməli olan məşqlər: 1. Yatma və durma vaxtlarının planlı hala gətirilməsi. 2. Yuxuların yadda saxlanılması üç...