Ulker_Suleymanova - ya ithaf edilmişdir :)
Elvin, Jansetin səndələyib yerə sərildiyini gördükdə dərhal yanına köməyə qaçdı. Çox güman ki, yenicə sahib olduğu xatirələrini başa düşməkdə çətinlik çəkirdi deyə düşünürdü. Bir əli ilə onun kürəyindən, digəri ilə isə boynunun arxasından tutub ehmalca yerə oturdu. Jansetin göz qapaqları hərəkət edirdi, lakin huşu özündə deyildi. Elvin onu ayıltmaq üçün bir qədər silkələdi. "Janset, Janset!"-deyə səsləndikdə qız gözlərini açıb ona bir müddət baxdı. Elvin onun ayıldığına sevinmişdi ki, Janset qalibiyyət təbəssümü ilə onu bir anlıq çaşdırdı.-Janset,-Elvin, heç bir çətinlik çəkmədən ayağa qalxan Janseti bir daha səslədi,-yaxşısan?
-Əlayam, əzizim,-Janset bir daha gülümsədi və barmağı ilə alt dodağını sürtdü. Elvin sonda qarşısındakının Janset deyil, Yuxu iradəsi olduğunu anladı.
-Sən Janset deyilsən,-Elvin ayağa qalxıb başını silkələdi.
-Mən Jansetəm,-Janset dedi,-əlbəttə, mənə "Yuxu iradəsi", "Şəhzadə" kimi də müraciət edə bilərsən.
-Əgər sən bu vaxta qədər həqiqətən də Janset idinsə, onda bizim gördüyümüz Yuxu iradəsi kim idi?-Elvin qaşlarını çatdı.
-Səncə?-Janset onu ələ salmağa başladı,-sən ki, ağıllı oğlan idin. Lakin gözünün önündəkindən belə xəbərin yoxdur.
Elvin indi anlamışdı: Yuxu iradəsi forma dəyişdirmirdi. Levitanın da dediyi kimi, forma dəyişdirənlər əslində Zədanlar idi. Digər tərəfdən Elvin, Yuxu iradəsinin toxunuşunu xatırladıqda buna daha da əmin oldu, çünki Yuxu iradəsinin toxunuşu da, Zədanların toxunuşu kimi onu iyrəndirirdi.
-Zədanlar mənim sadiq əsgərlərimdir,-Janset dilləndi,-onlar qız cildinə girərək və mənim səs tonumda danışaraq sizi əsl Yuxu iradəsindən yayındırmağa çalışırdılar. Və görünür ki, həqiqətən də buna nail olublar.
Deməli, Elvinin əvvəl Janset haqqında olan düşüncələri də doğru idi: Jansetdə "şəxsiyyət ikiləşməsi" vardı. Jansetin xatirələri də bunu tamamilə təsdiqləyirdi. Əvvəlcə öz-özü ilə danışmaqdan başlamışdı, lakin görünür, sonradan bu daha intensiv şəklə düşərək bir bədəndə iki ayrı xarakter halını almışdı. Janset və Şəhzadə-onlar hər ikisi eyni adam idi.
-Uşaqlar,-Elvin özü kimi çaşqın halda duran dostlarına müraciət etdi,-yəqin ki, Jansetin xatirələrini siz də gördünüz. Əslində bu labirinti yaradan Yuxu iradəsi onun özüdür.
-Bəs niyə Janset əvvəlkindən fərqli davranırdı?-Mayari həyəcanla dilləndi,-bu vaxta qədər bizi aldadırdı?
-Xeyr, Mayari,-Elvin dedi,-onda psixi xəstəlik var. Bunu sanki eyni bədəndə fərqli iki insan kimi başa düşün.
Janset, bənövşəyi donunun ətəyini yerlə sürüyərək qırmızı xalça boyu getdi və nəhayət öz taxtına oturdu. Taxt döşəmədən bir qədər hündürdə olduğu üçün Janset oturaq vəziyyətdə belə digərlərindən daha yüksəkdə idi. Elvin onun həqiqətən də şəhzadə kimi göründüyünü düşünməkdən özünü ala bilmədi.
-Bəsdirin,-Janset dedi,-mənim haqqımda sanki burda yoxmuşam kimi danışmayın. Narahat olmayın, sizə hər şeyi daha aydın izah edəcəyəm.
-Janset,-Elvin onun sözünü kəsdi,-biz burda qala bilmərik. Tezliklə ayılmalıyıq. Sən də ən başdan məhz ayılmaq, bu labirintdən çıxmaq istəyirdin axı...
-Bunu istəyən digər Janset idi,-Şəhzadə-Janset dilləndi,-mən isə qətiyyən buranı tərk etmək fikrində deyiləm.
-Siz ikiniz də eyni adamsınız,-Elvin etiraz etdi.
STAI LEGGENDO
Yuxular Labirinti
FantasyBu cəhənnəmdən məni xilas edə biləcək tək insan özüməm... Yuxuları öyrənən elm "oneirologiya" adlanır... Lusid yuxu görmək üçün edilməli olan məşqlər: 1. Yatma və durma vaxtlarının planlı hala gətirilməsi. 2. Yuxuların yadda saxlanılması üç...