Tək gəzmək doğrudan da əla şeydir. Ən adi yemək yeməyi misal çəkim.
Dostlarımla, ya da sevgilimlə yemək yeyəndə gərək bahalı bir yerdə oturaydım.
Amma indi harda gəldi dönərdən, peroşkidən yeyirdim pulum da özümə
qalırdı.Yemək də ki, həmin yemək. Hərdən yeməyin yeyilməkdən əvvəlki
görünüşünə yox, yeyilib ifraz olunandan sonrakı görünüşünə baxın. Onda
görəcəksiniz ki, yeməklər eynidir. Hər halda bunu sonradan görürük. Heç vaxt
ifrazata baxıb bozbaşı pitidən seçə bilməzsən. Elə iəs fərqləndirmək nəyə lazım?
Bütün bu səyahətimin bircə məqsədi vardı. Özümə uyğun həyat tapmaq. Bilirsiniz,
həyat paltar kimidir. Əvvəlcə biz dükanda ən öndə olan paltarı görürük. Təsəvvür
edin ki, hamı dükana girir və birinci qarşısına çıxan paltarı alır. Belə olmur axı.
Gərək özünə uyğununu seçəsən. Həyat dükanında da birinci paltar ”Məktəb-İş-
Ailə”-dir.
Deyə bilərsiniz ki, sizin həyatınız fərqlidir. Ola bilər siz “məktəb-iş-ailə” paltarının
bir rəngini geyinirsiniz, qonşunuz başqa rəngini, ya da ki başqa ölçüsünü. Amma
tərz etibarilə eyni modeldir. Başqa modelləri isə gərək axtarasan. Məsələn, Tibet
monaxları tamam başqa tərzdə yaşayırlar. Ya da ki, fahişələr. Bu da bir tərz
cinayətkarlıqdır. Başqa bir tərz Hollivud ulduzları.Ya da həyatlarını orduya həsr
edən paqonlu adamlar. Mən də öz həyatımın mənasını axtarmaq istəyirdim. Yoxsa
axın məni də sizin kimi sıradan birinə, evinə yem daşıyan adi qarışqaya
çevirəcəkdi. ”Cırcırama və qarışqa” hekayəsini eşitmisiniz də. Bütün yayı
cırcırama uçur, o çiçəkdən bu çiçəyə, sevinir, kef çəkir. Qarışqa isə evinə yem
daşıyır. Cırcırama qarışqanı dolayır ki, bütün günü əziyyət çəkirsən. Qarışqa isə
fikir vermir. Qış gələndə cırcırama ölür, qarışqa isə daşıdığı qidaları yeyir.
Bilirsizmi, bu hekayədə zooloji səhv var. Cırcırama bütün günü yem daşısaydı belə
yenə də qışda öləcəkdi. Çünki onun həyatı elə bir aylıqdır. Qarışqa isə yem
daşımagına baxmayaraq yenə də qışda ölür. Bizə uşaq vaxtında qarışqanı misal
çəkirdilər. Deyirdilər ki, siz də elə olun. Amma əslində cırcırama həyatını yaşadı,
xoşbəxt olub, dünyanı görüb öldü. Qarışqa isə əziyyət çəkib, sürünüb öldü. Mən də buna baxıb öz seçimimi edirəm. Qarışqa olub sürünərək ölməkdənsə, qoy
cırcırama olub uçaraq ölüm.
Bakının mərkəzi küçələri geridə qaldı. Mikrorayonlardan keçirdim. Hava isti idi.
Ona görə əlavə paltara o qədər ehtiyac olmurdu. Köynəyim çirk olan kimi su
tapırdım, yuyub çiynimdəcə qurudurdum. Şamaxinka tərəflər lap isti idi.