Bir kişi dəniz sahili ilə gedirdi. Birdən uzaqda balaca bir uşağın sahildən nə isə götürüb dənizə
atdığını gördü. Yaxınlaşanda gördü ki, bütün dəniz sahili balaca balıqlarla doludur. Yəqin
səhərki güclü külək onları sahilə çıxarmışdı. Uşaq da bir-bir balıqları götürüb dənizə atırdı.
Amma bütün sahil bu kiçik balıqlarla dolu idi. Kilometrlərlə sahəni kiçik balıqlar doldurmuşdu.
Milyonlarla balıq. Bunu görən kişi uşağa dedi:
- Niyə bu balıqları suya atırsan?
Uşaq cavab verdi
- Səhər güclü dalğalar onları quruya atdı indi dəniz sakitdi, əgər axşam əsəcək küləyə qədər
onları suya atmasam balıqlar öləcək.
Kişi qışqırdı:
- Axı bu axmaqlıqdır. Bir ətrafına bax? Burda milyonlarla balıq var. Sənin əziyyətin heç nəyi
dəyişməyəcək.
Uşaq əyilib yerdən növbəti balığı götürdü və dedi:
- Yox, mənim əziyyətim əlimdəki balıq üçün hər şeyi dəyişəcək.
Sonra balaca balığı dənizə atdı.
BİZ HƏR GÜN DÜNYANI XİLAS EDƏ BİLƏRİK. ÇÜNKİ HƏR GÜN BİR İNSANI XİLAS
EDƏ BİLƏRİK. HƏR İNSAN DA BİR DÜNYADIR.
Psixoloq məni xilas etmək istəyir, mən də dünyanı
Evdə gec-gec göründüyümdən valideynlərim lap narahat olmuşdular. Onların HOST-dan xəbəri
var idi. Elə bilirdilər ki, müxalifət partiyasıdır. Mənə deyirdilər ki, ay bala əl çək bu
müxalifətçilərdən. Ən yaxşı hakimiyyət indiki hakimiyyətdir. Amma mən onlara başa sala
bilməzdim ki, iş nə yerdədir. Mənə iki-üç dəfə psixoloqun yanına getməyi məsləhət
görmüşdülər. Sonra yaz tətilində Türkiyəyə aparacaqlarını deyirdilər. Gündə bir paltar , yeni
kompyuter, doberman, gitara zir-zibil hamısından alıb otağıma doldururdular ki, bəlkə mənim
başım qarışdı və sektadan çıxdım. Bunlar da kömək etməyəndə məni söyməyə başladılar, sonra
atam bir-iki şillə vurdu. Bütün ümidləri öləndə anam ağlamağa başladı. Amma bu da mənə təsir
etmirdi. Dünyanın taleyini anamın göz yaşına qurban verə bilməzdim. Tam biganəliyimi görəndə
sonuncu üsula əl atmışdılar.
Evə gələndə qapının açıq olduğunu gördüm. İçəri daxil olub anamı səslədim. Cavab
gəlmirdi. Sonra atamı, sonra bacımı çağırdım. Səs gəlmirdi. Böyük otaqdan dəhlizə orta yaşlı
kök bir kişi çıxdı. Bu mənim anam deyildi. Atam da bir günə bu boyda şişə bilməzdi. Ağ qəribə
uzun bığları lap Nitşeni xatırladırdı. Mənə baxıb gülümsündü: Anar oğlum, keç içəri.
Mən çaşbaş qaldım
- Siz kimsiz ki?
Kişi dedi: