Uzun dəhlizin sonuna çatıb qapını sakitcə döydüm. Həyatımın ən vacib anı gəlib çatmışdı. Qapı
öz-özünə açıldı. Mən yavaşca içəri daxil oldum. Otaq mağaraya oxşayırdı. Çox qaranlıq və
səliqəsiz. Hər yerdə cırıq kağızlar, qəribə alətlər, fiqurlar, şəkillər, şamlar vardı. Masanın
üzərində qırmızı pentaqramm çəlimişdi. Künclərdəki böyük külqabılardan şirin tamlı tüstü
qalxırdı. Otağın o biri başında A dayanmışdı. İşıq onun arxasından düşdüyü üçün üzünü seçə
bilmirdim. Uzun paltar geyinmişdi. Saçları çiyninə çatırdı. Mən içəri keçən kimi qapı arxamca
bağlandı. Otaqda bizdən başqa heç kəs yox idi. A və mən. Ondan o qədər şey soruşmaq
istəyirdim ki, amma heç nə ağlıma gəlmirdi. Mən onunla görüşümü dəfələrlə təsəvvür etmişdim.
Hər gecə yuxuda onu görürdüm. Ondan bütün bu işlərin sirrini soruşurdum. Amma indi dilim
tutulmuşdu. Tüklərim biz-biz idi. Qarşımda ölümdən qorxmayan bir insan dayanmışdı. Onun
uzun saçları üzünə tökülürdü. Bir neçə saniyəlik sükutda sonra A dedi:
- Sən kitab yazacaqsan!
Donub qalmışdım. Başımı qaldırıb üzünə baxa bilmirdim.
- Sənin kitabın bütün dillərdə yayılacaq. İnsanlar bu kitabı oxuyub ona əməl edəcəklər. Onu
gözəl yazacaqsan. Onda bir dənə də səhv olmayacaq.
Mən gücümü toplayıb soruşdum:
- Nə kitabı?
A dedi:
- Sonuncu kitabı. Sən sonuncu kitabı yazacaqsan.
Mənim əllərim titrəməyə başladı:
- Necə yazım?
A dedi:
- Hava Od Su Torpaq. Onları birləşdir.
Bu sözlərdən sonra otaqda elə parlaq işıq yandı ki, gözlərim az qala kor olacaqdı. A-ya baxa
bilmirdim. Hər yerdən işıq gözlərimi qamaşdırırdı. Gözlərimi yumub geri çəkildim. Arxadan
qapının açıldığını eşitdim. Sonra A-nın səsi gəldi: "Gedə bilərsən".
Otaqdan çıxanda hər şeyi dumanlı görürdüm, başım gicəllənirdi. Yer ayağımın altından qaçırdı.
Divarlar üstümə gəlirdi. Hər şey qarışırdı. Dəhlizdə balaca qız gördüm. Sonra dəhliz qırmızı
rəngə boyandı. Qıraqda qağayılar donub qalmışdı. Yerdə çay axırdı......
Yenidən Doğuluş
Anar...Anar dur..Anar..Oyan..Anar...Anar...
Gözlərimi açanda ətrafımda qəribə adamlar gördüm. Baxışlarım aydınlaşanda onları seçməyə
başladım. Abbas, Aslan, Aysel, bir də bir neçə uşaq. Mən yataqda uzanmışdım. Həkim nəbzimi
yoxlayırdı. Aysel yanağımı sığallayır, əllərimdən öpürdü. Yavaş-yavaş özümə gəlirdim. Deyəsən