Anar, inana bilmirəm. Bu doğrudan da sənsən? Mənə demişdilər ki, səni türmədə döyüb-döyüb
öldürüblər. Qorxumdan ağlaya da bilmirdim. Damarımı kəsmək istədim. Sadəcə gücüm çatmadı.
Sənin yanına gəlmək istəyirdim. Elə bilirdim ki, o dünyadasan. Amma qorxurdum özümü
öldürməkdən. Canım, nə yaxşı məni tapa bildin. Anar, sevgilim, mənim günüm-gecəm yoxdur.
Burda mənə zülm eləyirlər. Həyatımda heç bir həvəs qalmayıb. Gözlərimin nuru solub. Üzümdə
gülüş yoxdu. Həyatımın mənasını ilk məhəbbətimi tapıb itirdim, sonra yenidən tapdım. Səni bir
daha itirsəm dəli olaram. Anar, o alçaq məni sevmir. Mən onun üçün sadəcə bir oyuncağam.
Neçə dəfə qaçmaq istəmişəm, amma evi möhkəm qoruyurlar. Həm də gedəsi bir yerim yoxdu.
Hara getsəm məni tapacaqlar. Özün bilirsən ki, bu ev kimindir. Bilirsən onun əlində nə qədər
adam, casus var. Mən səni sevirəm. İlk baxışdan səni sevdim. Mənim Nağılım , mənim qara atlı
cəngavərim. Mən səninəm.Yalnız sənin. Hər nəfəsim, ürəyimin hər döyüntüsü sənindir. Bəlkə
bədənim başqalarının ola bilər, amma qəlbim sənindir. Canım, yalvarıram, ruhum yanındadır,
cismimi də yanına apar. Mən burada daha qala bilmirəm. Mən sənə inanıram. Öpürəm ilk dəfə
öpdüyüm kimi. Sevirəm. Bu məktubu bu gecə qucaqlayıb yatacağam. Sənə çatanda sən də
qucaqlayarsan. Bəlkə bir azca da olsa sənin istini duya bildim. Sevirəm, mənim ilk və son
məhəbbətim...
Ayseldən Sevgilərlə
Bu məktub gələndə göz yaşlarımı saxlaya bilmədim. Ayselin harada olduğunu bilirdim,
Ayselin nə əzablar çəkdiyindən xəbərim var idi. Amma ona heç cür kömək edə bilmirdim.
Mənim nə yaşım vardı ki, təzəcə ayağa durmağa başlamış bir gənc. Amma o pəzəvəngin 40 yaşı
vardı. Artıq nail ola biləcəyi hər şeyə nail olmuşdu. Mənim Ayseli qaçırası maşınım da yox idi.
Pulum da yox idi. Heç nəyim yox idi. Bircə HOST. Mənim dəli dostlarım. Onlar mənə kömək
edərdilər. Amma sonrası necə olacaqdı? Axır əvvəl hamımızı məhv eləyərdilər. Çox böyük adam
idi. Onun hələ polisləri demirəm, özünün şəxsi mühafizəçilər dəstəsi var idi. 40 nəfər, 50 nəfər
peşəkar idmançı killer. Biz isə altmışa yaxın həyatından bezmiş gənc insan. Tankın qabağına
dırmıqla çıxmaq olardı bu. Amma namusum da dözə bilmirdi. Mənim sevgilim onun əlindədir.
Onun iyrənc nəfəsinə dözməyə məcburdur. Bu gün onun evinə cumub iki mühafizəçini öldürüb
həyətə girə bilərdim. Amma sonra məni eyvandan güllələyərdilər. Əslində ən namussuz hərəkət
bunu etmək olardı. Özümün güya ki, şəhidliyimlə təmizə çıxardım. Amma Şahzadəyə bundan nə
xeyir dəyə bilərdi ki? O yenə də onun altında qalacaqdı. Nəsə başqa bir şey fikirləşməli idim.
Nəsə başqa bir çıxış yolu. Həmin günlər çox pis hiss edirdim özümü. Amma kaş ki, onda
biləydim bircə ayın içində nə qədər şey baş verəcək.