Sonun sonu

383 32 1
                                    

Səhər yuxudan oyananda Aslan sakitcə dedi :
- Abbas öldü.
Bu sözlər qulağımı döyəclədi, elə bil başıma qaynar su töküldü. Tez qalxıb qapını açdım. Abbas
yox idi. Aslana təəccüblə baxdım:
- Hə, Anar. Bir saatdan sonra dəfndir.
Mən divara təpik vurdum. Amma bu əsəbimi daha da gücləndirdi. Yerə yıxılıb uşaq kimi
ağlamağa başladım. Hönkür-hönkür ağladım. Bu cür oğlan, Abbas kimi oğlan ölmüşdü.
Içimizdən ən az ölümə layiq olanı o idi. Abbas həmişə başda olmuşdu. Həmişə çətin anlarda
köməyə gəlmişdi. O ölə bilməzdi. Axı niyə Abbas? Niyə mən yox? Abbas HOST-a daha çox
lazım idi. Görəsən A haralardadır indi? Görəsən o da ağlayır? A niyə ən çətin günümüzdə yenə
də haradasa gizlənib?
Aslan əlini çiynimə qoyub dedi:
- Gəl düşək aşağı. Uşaqlar bir azdan cənazəni aparacaqlar.
Gözlərimi silib onunla həyətə çıxdım. Episentrin ətrafı adamla dolu idi. Dünənki qızğın kütlədən
əsər-əlamət qalmamışdı. Hər kəs qara geyimdə, hər kəs gözüyaşlı sakitcə Abbasın son gedişini
gözləyirdi. Bizi görüb başlarını aşağı salırdılar. Bəziləri yaxınlaşıb başsağlığı verirdi. Bəzi qızlar
hönkürtülərini saxlaya bilmirdilər. HOST-un ürəyi qırılmışdı. İndiyə kimi bir dənə də itki
görməyən ordumuz birdən-birə ən lazımlı əsgərini itirmişdi. Mənə elə gəlirdi ki, bu HOST-un
sonudur. Mənə elə gəlirdi ki, A da bizi tərk edib gedəcək. Dünənki hücumdan sonra A da bizdən
üz döndərəcək. Bütün gözlər bizə baxırdı. Biz nəsə etməliydik. Amma Abbasın nurlu gülüşündən
başqa heç nə haqda fikirləşə bilmirdim. Abbas, Abbas... Kütlə yavaş-yavaş qaynamağa
başlayırdı. Arada bir bəzi suallar verilirdi. "Niyə cənazəni gətirmirlər?", "Abbas öldü, bəs indi nə
olacaq?", "Kim öldürdü onu? Nə edək?", "A haradadır?", "HOST dağılacaq ?" Biz bu suallara
cavab verə bilmirdik. Çünki cavabı bilmirdik. Heç kəs bilmirdi nə olacaq. Həyat həmişə yaxşı
insanları tez aparır. Abbasın nə heykəli qoyulacaq, nə də ki hörməti qalacaq. Abbas dünyanın
gözündə cinayətkar kimi öldü. Amma bəlkə də illər sonra onlar Abbasın nə işlər gördüyünü başa
düşəcəklər. O da çətin. İnsanlar yaxşılığı gec anlayır amma tez unudurlar. Mən yığılmış kütləni
saymaq istəyirdim. Amma deyəsən onun sonu yox idi. Bütün küçə camaatla dolu idi. Yəqin ki,
milyonlarla adam bu gün burada idi. Onların gözləri harasa uzaqlara, ümidli bir gələcəyə
zillənmişdi. Amma birdən qarşıdakı oğlanın boynundakı uşaq qışqırdı "Ora baxın, A gəlir!"
Bütün kütlə Episentrin qapılarına baxıb guruldamağa başladı. Sonra dəli kimi hamı ağlaşdı.
Qadın, kişi, uşaq, qoca - hamı ağlayırdı. Mən də yavaşca çevrilib Episentrin qapısına baxdım.
Qapqara uzun paltarlı, qapqara maskalı, başında qara kapüşon, sinəsində qıpqırızı yekə "A"
hərfi, çiynində də Abbasın cənazəsi. A Abbasın cənazəsini daşıya -daşıya bizə yaxınlaşdı. Sağ
tərəfdən A yapışmışdı, sol tərəfdən də mən yapışdım. Arxadan Aslan və Azad yapışdılar.
Əllərim tir-tir əsirdi. İlk dəfə idi A ilə çiyin-çiyinə durmuşdum. Camaat az qala dəli olmuşdu.
Onlar qorxaq siçanlar kimi geri çəkilib bizə yol verirdilər. Qızların ürəyi gedirdi. Oğlanların dili
tutulmuşdu. Jurnalistlər də öz işlərindən qalmırdılar. Amma yaxınlaşmağa da cəsarət etmirdilər.
Kapüşon A-nın sinəsinə kimi düşürdü. Üzünü görməsəm də onun nə qədər kədərli olduğunu hiss
edirdim. Abbas onun ən yaxın dostu idi. Aslan da, Azad da heç nə demədən cənazəni
daşıyırdılar. Dalbadal iki dəfə şok keçirən kütlə artıq sərxoş kimi bizim arxamızca gəlir, yol
boyu ağılar oxuyur, cənazənin üstünə çiçəklər tökürdülər. Bakının bütün küçələrində nəqliyyat
dayanmışdı. Bir nəfər də polis yox idi. Hər kəs Abbasın ölümünü matəm kimi keçirirdi. Onlar ən
əziz HOST-çunu itirdikləri gün ən inanılmaz adam A-nı tapmışdılar. Onlar Abbasın
cənazəsindən çox A-ya baxırdılar. Bilmirdilər ki, Abbasa görə ağlasınlar, yoxsa A-ya görə
sevinsinlər. Onun hər hərəkətini izləyirdilər. Mən isə onun düz yanında olsam da bir an belə ona
tərəf baxa bilmirdim. Qorxurdum. Çünki o seçilmiş idi. Hamı bilirdi ki, o seçilmişdi.
Qəbristanlığa çatanda kütlə sakitləşdi. Biz bütün yolu piyada Abbası daşımışdıq. İndi də onu basdırmalı idik. A önə keçib Abbasın cəsədini cənazədən götürdü. Sonra təkbaşına onu qəbrə
yerləşdirdi. Biz ona yaxınlaşmaqdan çəkinirdik. O çox əsəbi, eyni zamanda çox səbrli
görünürdü. Üzünü seçmək olmurdu. Qara paltarı yerlə sürünüb torpağa bulaşırdı. Əlindəki bel ilə
yavaş-yavaş Abbası basdırırdı. Bilmirəm niyə, amma A-nı dəlicəsinə sevirdim. Həmin an A-nı
dəlicəsinə sevirdim. Mən elə bilirdim ki, ən böyük məhəbbət oğlanın qıza olan sevgisidir. Amma
indi başa düşmüşdüm ki, mən heç vaxt heç kəsi A qədər sevməmişəm. Bu sevgi adi sevgiyə
bənzəmirdi. Bu tamam başqa sevgi idi. Gözlərimdən yaşlar yanağıma süzülüb sinəmə tökülürdü.
A Abbası basdırıb qurtarandan sonra qəbrin qarşısında diz çökdü. Başını aşağı saldı. Sonra
silkələnməyə başladı. Mən onun nə etdiyini başa düşə bilmirdim. Heç kəs başa düşmürdü. Hamı
donub qalmışdı. Arada elə bildim ki, indi Abbası dirildəcək. Amma yox. O nə isə başqa şey
edirdi. Kütlənin içindən bir qız pıçıltı ilə dedi: "O ağlayır".
Gözlərim dolub daşmağa başladı. Bütün kütlə fəryad etdi. Hamı ağlayırdı. Hamı A-ya baxıb uşaq
kimi ağlayırdı. Bəlkə qəbristanlıq indiyə qədər belə ağlaşma eşitməmişdi. Bütün HOST bütün
gənclər ağlayırdı. Bir az keçəndən sonra A ayağa qalxıb yavaşca Azada nə isə dedi. Azad da
üzünü camaata tutub dedi: - Aralanın A getmək istəyir, tez, tez.
Böyük kütlənin arasında uzun bir dəhliz əmələ gəldi. Biz A-nı əhatəyə alıb onun təhlükəsizliyi
üçün kütləni itələyə-itələyə keçidi genişləndirdik. Qəbristanlıqdan çıxanda A-nı qara avtomobil
gözləyirdi. O heç kəsə heç nə deməyib getdi. Amma onun bu gəlişini bütün dünya görmüşdü. İlk
dəfə idi ki, adı çəkilən qəhrəman üzə çıxmışdı. Televiziyalar onun gəlişini günlərlə təkrar
göstərəcəkdilər. Bütün dünya A-nı izləyəcəkdi...
Bəzən Məğlubiyyət qələbədən yaxşı olur
Abbasın ölümündən sonra kütləmiz daha da aqressivləşdi. Mən kitabı Abbasın ölümü və A-nın
qəbirstanlıqda ağlaması ilə bitirdim. Kitabı A-ya apardılar. Bir neçə gün sonra kitab artıq əllərdə
idi. HOST-un kitabı çörəkdən də çox satılırdı. Ən maraqlısı o oldu ki, bu kitab çıxan kimi
Episentrə müxtəlif adamlar gəlib qəribə-qəribə şeylər deyirdilər.
Bəziləri deyirdi ki, A başqa planetdən gəlib. Bəziləri deyirdi ki, A - növbəti peyğəmbərdi. Bəzi
müsəlmanlar deyirdi ki, bu, Imam Mehdidir. Bəzi xristianlar deyirdi ki, İsa peyğəmbərdi.
Buddistlər deyirdi ki, Krişna məhz A çıxan vaxtda çıxmalı idi. Katoliklər A-nı Antixrist
adlandırırdılar. Deyirdilər onu uşaq evinə Şeytanın özü gətirib. Kitabımız iyirmidən çox dilə
tərcümə olunub başqa ölkələrdə dərc olunurdu. HOST ideologiyasına qoşulanların sayı milyonu
keçmişdi. Belə qısa vaxtda bu qədər yayılmaq mümkün deyildi. Amma mənim də şübhə etdiyim
bir şey vardı. Deyəsən A təkcə Azərbaycanda olmurdu, tez-tez xaricə gedirdi. Hər ölkədə onun
xüsusi adamları vardı. Onlara tapşırıqlar verirdi. Ən çətini bu fəlsəfənin Avropaya yayılması idi.
Çünki orada insanlar o qədər pozulmuşdu ki, onları bir də geriyə normal hallarına qaytarmaq çox
çətin olardı. Avropadakı dəstələrin də öz müsbət halları var idi. Maddi imkan yaxşı olduğundan
bizim hələ də bacarmadığımız işi görmüşdülər, bir həftəyə televiziya açmışdılar. Onlar bizdən
daha yaxşı silahlanırdılar. Amma mənə ən pis təsir edən o idi ki, Abbasın ölümü bizim
uşaqlardan heç kəsin vecinə deyildi. Üç gün keçməmiş hamı yenə öz işindəydi, heç bir dəfə də
olsun Abbasın xatirəsini yad etmirdilər. Elə gedib-gəlib çevrilişdən danışırdılar. Çevriliş,
çevriliş. Başqa söhbətləri yox idi. Özümə yer tapa bilmirdim. Bəlkə də Ayselin məni yarı yolda
atması ürəyimi sıxırdı. Amma yox, nə isə başqa bir şey. Elə bil hər şey aydınlaşdıqca məlum olur
ki, sən ümumiyyətlə əvvəldən heç nə bilmirsən. Aradan bircə ay da vaxt keçdi. Dünyaya qarışqa
kimi səpələnmişdik. Hamı nəyisə gözləyirdi. Mən də tam başa düşə bilmirdim. Episentrin
otaqlarında qaynaşan camaata baxırdım. Hamı nə isə bir iş görür, hesabat yazır, tapşırıqları
yerinə yetirirdi. Ondan sonra isə "Qəribə gün" gəldi. Bu gün mənim həyatımda ən qəribə gün
kimi qalacaq.

AWhere stories live. Discover now