Biri var idi, biri yox idi. Qəfəsdə bir quş yaşayırdı. Hər dəfə o qəfəsdən açıq
səmaya baxır, küləyin səsini dinləyir, o ağacdan bu ağaca uçan quşlara tamaşa
edirdi. Yazıq quşcuğazın dərdi böyük idi. O da digər quşlar kimi azad, təmiz,
sonsuz səmada qanadlarını çırparaq uzaqlara uçmaq istəyirdi. Hərdən başqa quşlar
qəfəsin yanında qonub ona təəccübə baxırdılar. Onlar quşun qəfəsdə necə tək
yaşadığını başa düşə bilmirdilər.Yazıq quş isə ağacların budaqlarında özünə yuva
qurub balalarını böyütmək, yazda çiçəklərin ətrini alıb, payızda gölməçələrdə
çimmək istəyirdi. Günlərin bir günü quşun sahibi qəfəsin qapısını bağlamağı
unudur. Quş parlaq səmaya baxır, küləyin səsini dinləyir. Qəfəsin açıq qapısından
uçuşan quşlara tamaşa edir. Ağaclardakı yuvaları görür, çiçəklərə baxır.Uçsun ya
yox? Seçimini etmək istəyir. Elə bütün günü bu seçim qarşısında düşünür. Günün
sonunda quşun sahibi gəlib qəfəsin açıq olduğunu görüb yavaşca qapını bağlayır.
Həyatımızda elə anlar olur ki, ediləcək seçim bütün taleyimizi dəyişir. Ayseli
qaçırtmaqla mən həyatımın ən böyük səhvini etdim. Amma Ayseli qaçırtmaqla
mən həm də həyatımın ən böyük düz seçimini etdim.Yol boyu bir kəlmə də
damışmadıq. Axşam düşəndə ocaq qaladım. Hava elə də soyuq deyildi. Göyün üzünə o qədər ulduz səpələnmişdi ki, heç bizim estradada o qədər ulduz olmazdı.
Yenə də Ayseldən gözlərimi çəkə bilmirdim.Mənim yalançı şahzadəm.Təsadüf və
Taleyim.Bəzən insanlar bir biriləri üçün o qədər yaxın olurlar ki, heç danışmağa da
ehtiyac qalmır.Amma sükut sonsuz davam edə bilməzdi. Ilk olaraq mən dedim:
- Soyuq deyil?
-Yox , soyuq deyil. Olar bir sual verim?
-Ver.
- Sən yaxşı insansan?
Mən bir az duruxdum:
-Nə bilim vallah, özünə görə hamı yaxşıdı. Amma hələ adam öldürməmişəm.
Bilmirəm, bu məni yaxşı edir ya yox. Bəs sən? Sən yaxşısan?
Aysel gözlərini qaçırtdı:
- Yox, mən yaxşı deyiləm. Mən çox pis adamam. Həmişə başqalarına paxıllıq
eləmişəm.Yad adamlarla ikiüzlü, doğma adamlarla soyuq olmuşam. Məni bura
gətirməklə sən böyük səhv elədin. Məni axtarırlar. Tapandan sonra yenidən qızıl
qəfəsimə aparacaqlar. Amma səni tapsalar öldürə bilərlər. Mən istəmirəm sənə bir
şey olsun. Axı mən səni sevmişəm. Sən mənə həyatımdakı ilk öpüşü verdin. Mən
bu öpüşü uzun illərdi ki, gözləyirdim. Səni ilk baxışdan tanıdım.