Sənə öyrədilən hər şeyi unut.
Sən qum dənəciyi qədər kiçiksən.
Sən həyatın boyu ölümü düşünmədən yaşayırsan.
Ölüm gələndə isə deyirsən - “mən ki heç yaşamadım”.
100 il sonra isə sənə görə heç kəs ağlamayacaq.Nanə müəlliməni bütün fakültə tanıyırdı. Onun dərsində hamı sakit otururdu. Nanə
müəlliməyə xüsusi diqqət vardı. Yox... Səbəb onun yaxşı dərs keçməsində deyildi. Yox... O heç
güzəşt etmirdi. Yox... İnsan kimi də yaxşı insan deyildi. Ona bu qədər çox hörmətin səbəbi
imtahanlarda hamını kəsməsi idi. Ona görə hamı ondan qorxurdu. Hətta əlaçılar da. Çünki Nanə
müəllimə qiyməti biliyə görə vermirdi. Onun özünəməxsus ölçüsü vardı. Kim hörmətini
qazanarsa, o da imtahandan keçəcək. Onun hörmətini isə tərbiyə, mədəniyyət və xoş sözlə
qazanmaq olmazdı. Nanə xanım hörməti ancaq pulda görürdü. Bu gözəl xasiyyətinə görə hər
imtahan avtomobilini yenisinə dəyişirdi. Evə yeni bir şey alırdı.Yay gəzintisini
müəyyənləşdirirdi. Amma bu gün Nanə müəllimənin bəxti gətirməmişdi. Avtomobilini həyətdə
saxlayıb bloka daxil oldu və liftin düyməsini basdı. Lift gələnə kimi arxadan iki nəfər bloka
yaxınlaşdı. Nənə xanım telefonunu qurdalaya-qurdalaya liftə daxil oldu. Qapı bağlanmamış qara
geyimli oglanlar da liftə girdilər.
Nanə xanımın fikri hələ də telefonda idi. Lift qalxmağa başlayanda adamlardan biri düyməni
basıb lifti yarıda saxladı. O birisi sərt zərbə ilə telefonu Nanə xanımın əlindən saldı. Sonra əski
ilə onun ağzını tutdu ki, qışqırmasın. Nanə xanım onun əlindən çıxmaq istəyəndə digər kapişonlu
oğlan onun piyli qarnına iki zərbə endirdi. Nanə xanım qarnını tutub diz üstə çökdü, gözləri
doldu. Ağzını bağlayan oğlan bıçaq çıxarıb onun boğazına tutdu. Nanə xanım bıçağı görüb
sakitləşdi. Oğlanlardan biri pıçıltı ilə danışmağa başladı:
- Həə, həyat insanı gör hansı vəziyyətlərə salır. Can bala, can, ağlama, səs də salma. Axı
qonşular yatır.. Biz istəmərik ki, onlar sənin kimi rüşvətxor zibilçəyə görə narahat olsunlar. Nanə
qızım, mənə deyiblər ki, sən özünü çoooxx pis aparırsan... Nu-nu-nu! Yaxşı qızlar tərbiyəsizlik
eləməz. Sən imkansız, kasıb uşaqları universitetdən qovursan. Amma yaxşı qızlar belə şey
eləməz. Varlılar pul verib diplom alır, kasıblarınsa son ümidi - bilikləri də onlara kömək edə
bilmir. Sonra həmin pul ilə diplom alan varlı oğlanlar işə düzəlir, kasıb oğlanlar isə elə kasıb
qalır. Mən kasıb oğlanam, sən də mənə dərs keçirsən. Hər dəfə dərs danışanda ümid edirəm ki,
bu dəfə mənə layiq olduğum qiyməti yazacaqsan. Amma sən yenə də məni kəsirsən. Axı belə
olmaz...
Bu an Nanə xanım nə isə demək istədi. Gözlərindən yaş axmağa başladı. Oğlan əyilib dedi:
Nə isə demək istəyirsən? Hmm. İndi əskini çəkəcəm. Amma sən səs salma, sakitcə danış.
Yoxsa mənim dostumu görürsən, onun bıçaqdan çooxx xoşu gəlir. Özü də ən çox nə isə
doğramaqdan.
Oğlan Nanənin ağzını açdı.
Nanə ağlaya-ağlaya sakitcə dedi:
- Məni bağışlayın, bir də etməyəcəm. Sən adını de. Mən bir də səni kəsmərəm. Adını mənə de,
istəsən sənə ən yaxşı qiyməti yazaram.
Oğlan əskini yerinə basdı və gülümsədi:
- Yoox, axı belə maraqsızdı. Adımı bilsən, bütün şou pozular. Oyunun ləzzəti elə ondadır ki, sən
mənim kim olduğumu bilməyəcəksən. Mən sənin dərs dediyin bütün fakültələrdə oxuya bilərəm.
Bəlkə mən birinci partada otururam. Ya da dərsə gecikən o arxa partada oturan oğlanam. Bəlkə
mən sənin sinifinə təzə gələn oğlanam. Bəlkə sənin dərs dediyin o biri universitetdə oxuyuram?
Hə? Səncə hansıdı? İndi sözlərimə yaxşı qulaq as. Bax, ağıllı bala, əgər sən bir də mənə layiq
olmadığım qiyməti yazsan ya da görsəm ki, kiməsə pulla qiymət yazırsan, səninlə bir də
görüşəcəyəm. Və o görüş son görüşümüz də ola bilər. Hələlik səni buraxırıq. Amma dostum sənə
nəsə demək istəyir.
Sonra digər oğlan Nanənin başına 3 zərbə endirib lifti birinci mərtəbəyə göndəri. 5 dəqiqə sonra
isə üz-gözü göyərmiş Nanə xanım liftin içində tək oturub ağlayırdı. Qara kapüşonlu oğlanlar
sanki qeyb olmuşdular. Əslində onlardan heç biri Nanə xanımın sinifində oxumurdu. Amma
Nanə müəllimə sakit oturan, ya çox danışan, ya qəribə geyinən hər bir tələbədə, hər bir sinifdə
bileti çəkən hər bir oğlanda onları görəcək. Və cəsarəti çatırsa verdiyi sözü tutmasın.