Elmdəki inkişaf prosesini diqqətimizə çatdırmaq üçün bu gün bir mövzu götürərək, o sahədə indiyədək edilən araşdırma üsullarını yazacam. Mənim ən sevdiyim orqan olan və " Bağlantı " kitabımda haqqında inanılmaz elmi məlumatları yazdığım beyinə baxaq. İndiyədək onu öyrənmək üçün nə etmişik?
200 ildən çoxdur ki, bütün diqqətimizi kəllə qutusunun içindəki beyin adlanan boz maddəyə yönəlib. Bizi biz edən və bütün duyğularımızın, düşüncələrimizin, xatirələrimizin yaranmasına səbəb olan bu orqanı anlamağa çalışırıq. Başımızın içində tam olaraq nə baş verir? Bu suala cavab tapmaq üçün tarix boyu müəyyən metodlar yaratdıq.
İlk olaraq frenologiyadan danışmaq istəyirəm. Bu fikir axınına görə kəllə qutumuzun quruluşu bizim psixoloji vəziyyətimizdən xəbər verir. 18- ci əsrin sonlarına doğru yayılan bu ideyanın nəticəsində kəllə qutusunun girintili - çıxıntılı səthi öyrənilirdi. Kəllə qutusu seramiklərini toplayıb qəlibini çıxardan William Bally də xəstələrin və məhkumların beyin fəaliyyətini araşdırırdı. Lakin, bu hipotez 50 il sonra gözdən düşdü və əsl elmi dəlillərə dayanaraq beyni araşdıran Broca kimi alimlər peyda olmağa başladı. Onlar anlayırdılar ki, eyni xəstəlikləri olan iki insanın xəstəlik səbəbləri də eyni olmalıdır. Frenologiyanın bir iddiası da ondan ibarət idi ki, beyində hər bölgə müəyyən bir funksiyanı yerinə yetirir. Artıq, belə olmadığını bilirik. Çünki, beyində eyni funksiyanı müxtəlif bölgələr yerinə yetirir. Məsələn, bir qisim xatirələr hipocampusda, digər qisim daha çox travmatik xatirələrsə amygdalada toplanır. Frenologiyanın iki əsrdir ki, elm tərəfindən qəbul edilməməsinə baxmayaraq hələ də bu hipotezə inanan insanlar var.
1920- ci ildə alimlər insan beynindəki elektrik siqnalların oxumağa başladılar. İlk dəfə olaraq beyində elektrik aktivliyi müşahidə olundu və elektroensefalogramma ( EEG) təkmilləşdirildi. İlk olaraq EEG cütlüklərin bir - birinə uyğunluğunu öyrənmək və cinayətkarların beynini analiz etmək üçün istifadə olunurdu. Yəni EEG çox qəribə bir dövrdən keçib. Daha sonra isə və bu gün də EEG epilepsiya xəstəliyini araşdırmaq üçün istifadə olunmağa başladı.
1970- ci ildə Godfrey Hounsfield rentgen yolu ilə beynin içini görə bildi və beləcə tomoqrafiyanın əsası qoyuldu.
Bu gün isə beyni öyrənmək üçün daha təkmil bir üsuldan istifadə edirik. Qısaca olaraq emar ya da fMRT dediyimiz maqnit rezonans görüntüləmə bizə beyni daha yaxşı araşdırmaq şansı tanıyır. fMRT zamanı beyindəki oksigen dəyişikliyi hərəkət halında görünə bilir. Biz müəyyən bir aktı həyata keçirərkən beynin müvafiq hissəsinə çoxlu qan axışı olur. Məsələn, qəzəblənən zaman beynimizin qəzəblənmədən məsuliyyət daşıyan bölgəsi, danışan zaman nitqdən məsuliyyət daşıyan bölgəsi aktivləşir. Yəni, bu bölgələrə daha çox qan axışı olur. fMRT məhz bu qan axınını müşahidə edir. Bu zaman beynin aktivləşən bölgəsindəki rəng dəyişkənliyini ekranda görmək olur.Bunlar indiyədək yaratdığımız üsullardı. Şübhəsiz ki, gələcəkdə daha təkmil üsullar yaranacaq. Yəqin ki, gələcək nəsillər bizim üsullarımıza, bizim indi frenologiyaya baxdığımız gözlə baxacaqlar.
YOU ARE READING
Hər şeyin hekayəsi - Elmin fonunda
Science FictionHəqiqəti tapmaq üçün elm, əlimizdə olan ən gözəl şeydir