Belə bir çox yayılmış fikir var. Genlər həyatda qalmağa və çoxalmağa meyllidir. Və ona görə də biz özümüzü qoruyur və seks edirik. Təkamülçülərin həyatda qalma ilə bağlı olan suallara verdikləri cavabdır bu. Amma bu cavab bir az reallığı təhrif edir. Axı genin şüuru yoxdur ki, hələ bir düşünüb qərar versin ki, həyatda qalmaq yaxşıdır. Məsələn, valideynlər niyə övladlarının qayğısına qalır? Standart cavab bu şəkildə olacaq. Çünki, genləri eynidir və eyni genlər bir birini qorumağa çalışır. Amma genlər bu qərara necə gəlirlər?
Belə izah edim. Bu, bir təbii seçmə məsələsidir. Düşünək ki, təbiətdə iki növ canlı var. Balalarının qayğısına qalanlar və qalmayanlar. Aydın məsələdir ki, qayğı görməyən balaların tələf olma ehtimalı daha çoxdur. Və həqiqətən də onlar tələf olacaq və təbii olaraq dünyaya yeni bir bala gətirə bilməyəcəklər. Belə olduqda, həmin canlı növünün nəsli tükənəcək və geriyə ancaq balalarının qayğısına qalan növlər qalacaq. Nəticədə, gen hovuzunda da onların geni yayılacaq.
Məsələn, qu quşlarını bəzən qağayılar aldadırlar. Beləki, onlar yumurtalarını qu quşlarının yuvasına qoyurlar. Hər şeydən xəbərsiz qu quşları da həmin yumurtaları öz yumurtaları zənn edib, onların üstündə kürd yatırlar. Amma qarabataq quşlarını bu şəkildə aldatmaq mümkün deyil. Çünki, onların yumurtaları fərqlidir, üzərində xallar var. Amma bu dəfə də onları başqa qarabataq quşları aldadır. Öz yumurtalarını onların yuvalarının yaxınlığına qoyurlar və yuvanın sahibi də yumurtanı özününki bilir. Nəticədə, həm özlərinin həm də digərlərinin yumurtası üstündə kürd yatırlar. Deyə bilərsiniz ki, bəs nə əcəb elə bir quş formalaşmadı ki, sadəcə bir yumurta üstündə otursun. Nəticədə, digər quşlar onları aldada bilməzdi. Çünki, bir quş bir yumurta üstündə oturursa, onun yuvasının yaxınlığına qoyulan yumurta sahibsiz qalacaqdı. Məsələ burasındadır ki, belə quşlar formalaşıb. Amma, bu halda da səhvən öz yumurtasını kənarda saxlayıb digər yumurtanın üstündə oturma ehtimalı var. Bu səhv təkrarlandıqca yenə həmin quşların nəsli kəsildi və geriyə ancaq yumurta yalanına inanan və başqasının yumurtası üstündə kürd yatmağı gözə alan quşlar qaldı. Nəticədə də, onların genləri yayıldı.
İndi bir sual ortaya çıxır. Okay, öz genlərinin qayğısına qalan canlılar qala bilir həyatda. Bunu anladıq. Bəs yaxşı, bilirik ki, valideyn övlad genlərinin yarısı eyni olur. Eyni şey qardaşlar və ya bacı qardaşlar arasında da olur. Yəni həm qardaşınızla həm də ananızla genlərinizin yarısı eynidir. Gen özünü qorumağa meyllidirsə, biz övladlarımızla qardaşlarımızı eyni şəkildə sevməli və qorumalıyıq. Amma, əsasən övladlarımızı daha çox qoruyuruq. Niyə? Bunun təkamül baxımından cavabı nədir?
Brian Bertram Serengeti Milli Parkında şirləri araşdıraraq bu sualın cavabını tapıb. Bir şir sürüsündə yeddi dişi və iki erkək şir olur. Dişi şirlər eyni zamanda doğurlar. Doğulan şirlərin hansı şirin ana bir ata bir qardaşı olduğunu bilməsi çətin məsələdir. Üstəlik bəzən erkən şirlər sürüdən qovulur və başqa sürülərə qatılırlar. İşlər kifayət qədər qarışıb. Belə olduqda hansı şirin hansı şirlə qardaş olduğunu bilmək demək olar ki, mümkünsüzdü. Buna müqabil öz balalarının hansı şir olduğunu bilmək daha rahatdır. Nəticədə, belə bir vəziyyət yaranır. Təsəvvür edin ki, siz şirsiniz. Balanızın kim olduğunu dəqiq bilirsiniz, amma qardaşınızdan o qədər də əmin deyilsiniz. Təhlükə anında hansını qoruyacaqsınız. Təbii ki, balanızı. Nəticədə, övlad qayğısına qalma geni daha çox yayılır. Təkcə şirlərdə deyil, bütün heyvanlarda. Və bu instinkt genetik olaraq insanlara da ötürülüb.Gen məhz belə işləyir.
YOU ARE READING
Hər şeyin hekayəsi - Elmin fonunda
Science FictionHəqiqəti tapmaq üçün elm, əlimizdə olan ən gözəl şeydir