Piramidaların sirri

43 14 20
                                    

Piramidalar. Bütün tarixin ən maraqlı tikililərindən biri. Dünya möcüzəsi. Bu tikililər o qədər əsrarəngizdir ki, haqlarında müxtəlif spekulyasiyalar dönür. Bu piramidaları yadplanetlilər tikdi, yoxsa bizdən qat-qat inkişaf etmiş sivilizasiyalar. Bütün bu qeyri-ciddi iddialara rəğmən, tarix ciddi bir elmdir. Bizdən öncə baş verənləri anlamaq üçün bizdən öncə bütün şərtləri və şəraiti bilməyimiz lazımdır.
Aqrar inqilabdan sonra insanlar öz inanclarının və dəb anlayışlarının əsirinə çevrilmişdilər. Müasir dövrdə varlı bir kişi həyat yoldaşı ilə münasibətlərini yaxşılaşdırmaq üçün onu Parisə tətilə aparır. Amma qədim dövrlərdə bir varlı kişi eyni məqsəd üçün xanımını Babilə aparmazdı, onun yerinə xanımı öləndən sonra dəfn ediləcəyi möhtəşəm bir məzar tikdirərdi. Bunlara indi piramidalar deyirik.
4500 illik bu piramidalar mümkünsüz görünən şərtlərə qarşı insanların qazandığı qələbənin ən böyük örnəyini təmsil edirlər. Keçmişdə kahinlər ölən fironun cəsədini mumyalayır, orqanlarını möhürlü qablara yerləşdirir və müxtəlif ayinlər icra edirdilər. Onlar inanırdılar ki, bütün bu rituallar fironun ruhunun bədənini taparaq yenidən dünyaya gəlməsini təmin edəcək. Beləcə mumyalanmış və bezlərlə bağlanılmış cəsəd piramidanın dərinliklərinə yerləşdirilirdi. Misirlilərə görə bu piramidalar o biri dünyaya keçid açır. Firon burdan axirətə köçərək öz xalqını qorumağa davam edəcək. Əgər piramida fironun ölümünə qədər tikilib qurtarmasa fironun ruhu heç vaxt cənnətə gedə bilməz və ölümsüzləşə bilməzdi. Nəticədə, ölkəyə xaos hökmran olardı.
Piramidaların ən çox araşdırılan tərəfi qədim insanların bütün o nəhəng daşları necə o hündürlüyə qaldıra bilmələridi. Nə də olmasa bu tikililər sənaye inqilabına qədər insanların ucaltdığı ən böyük binalar idi. Minlərlə qulun ağır zəhmətinin nəticəsi bizi hələ də təəccüblər içində buraxır. Ona görə də Piramidaların yadplanetlilər və başqa varlıqlar tərəfindən tikildiyini demək həmin o zəhmətkeş işçilərə qarşı edilən haqsızlıqdı.
Ən böyük Giza piramidasını tikdirən fironun adı Kufu idi. Bu piramida 140 metr hündürlüyündə idi. Qədim Misirdə hər bir kral özündən əvvəlki kralların tikdirdiyi piramidadan daha hündür piramida tikdirirdi. Bu, onlar üçün bir növ status simvolu idi. Kufunun atası da üç piramida tikdirmişdi. Beləcə, 20 yaşında taxta keçən Kufunun ilk əmri böyük bir piramida tikdirmək olur. Yüksək mühəndislis bacarıqları ilə hesablamalar aparılır və planlar çizilir. Yuxarıda da qeyd etdiyim kimi misirlilər fironun ruhunun bu abidələrdən ulduzlara yüksələcəyinə inanırdılar. Bunun üçün də astronomiya bilgilərinə baş vurmaq lazım idi. Tarixdən bilirik ki, misirlilər astronomiyada çox yaxşı idilər. Qütb ulduzu ətrafında fırlanan iki ulduza baxır və bu ulduzlar bir düz xətt boyunca duranda həmin xətt istiqamətinə baxıb şimal tərəfin hara olduğunu tapa bilirdilər. Şimala uzanan bu düz xətti yerə bir taxta bərkidərək işarələyən insan şəxsən Kufunun özü olmuşdu. Piramida həmin işarənin üzərində tikildi.
Bu piramida üçün lazım olan daşların hər biri 2.5 ton ağırlığında idi. Tikinti zamanı onlarla insanın xəsarət alıb öldüyü piramidaların yaxınlığındakı məzarlarda yatan skeletləri araşdırarkən məlum olmuşdu. Bəzilərinə görə, bir piramidanın tikintisi üçün 10 000 qul lazım olurdu. Amma bu, elmi fakt deyil. Arxeoloji qazıntılar göstərir ki, inşaat prosesində 1200 adam daşları hazırlayır, 20 insan onları dartır, 700 insan isə bilavasitə tikinti prosesində çalışırdı və bunların hamısı qul olmayıb. Bəziləri pul qarşılığında çalışan azad işçilər olublar. Bəziləri isə vergilərini bu şəkildə ödəyirdilər.
Bəs, 2.5 tonluq daşları 140 metr hündürlüyünə necə qaldırıblar?  Məsələ burasındadır ki, daşları qaldıra bilməyəcəklərini anlayan misirlilərin ağlına parlaq bir fikir gəldi. Torpağı qaldırmaq. Daşların durduğu yerdən başlayaraq piramidanın ətrafına dolana - dolana qalxan yol inşa etdilər. Beləcə, bu daşları qaldırmaq yox, sadəcə maili müstəvi boyunca sürümək lazım gəlirdi. Bir piramidanın tikintisi üçün 20 il vaxt sərf olunurdu. Piramida tam hazır olduqdan sonra ətrafındakı torpaq yol təmizlənirdi. Bu da bir neçə il çəkirdi.

Elmi üsullarla öyrəndiyimiz kimi bu piramidaları yadplanetlilər ya da cinlər, şeytanlar inşa etməyib. Bu qədim misirlilərin yüksək geometrik, mühəndislik, astronomiya və riyaziyyat bilikləri sayəsində olmuşdu.

Hər şeyin hekayəsi - Elmin fonunda Donde viven las historias. Descúbrelo ahora