Əxlaq dəbdən düşübmü?

62 10 35
                                    

Milyon illər əvvəl ibtidai bir insan yediyi yeməyin qaynağını bilirdi, çünki özü toplamışdı. Paltarlarını kimin tikdiyini bilirdi, çünki yanında yatırdı. Hətta təqaüd fondu haqqında da bizdən çox bilirdi, çünki özü dünyaya gətirmişdi. Yəni o vaxt təqaüd fondu uşaq idi. Belə bir şəraitdə haqsızlıq və ədalət anlayışı bəlli idi. Biri gəlib yeməyinizi əlinizdən alırsa bu haqsızlıqdır. Yeməyinizi aclarla bölüşürsünüzsə bu ədalət və mərhəmətdi.
Amma bu gün ədalət və haqsızlıq anlayışı üzərində bir daha düşünməliyik. Çünki, ibtidai babalarımızla müqayisədə bəzi mövzularda çox cahilik. Yediyimiz yeməyin və geyindiyimiz paltarların qaynağını bilmirik. Manqalda kabab hazırlayarkən bu ətin neçə ac insanın haqqından oğurlanıb bizə gəldiyi barədə bir məlumatımız yoxdur. Özümüzə təqaüd fondu yığarkən neçə uşağın su almaq üçün pulunun olmadığını düşünə bilmirik. Köhnə model telefon işlətdiyimizə görə həyatımızdan narazılıq edə bilirik, amma bilmirik ki, neçə insan yaşasalar da yaşaya bilmirlər. Heyvan müdafiəçiləri bizi ət yediyimiz üçün qınaya bilərlər. Halbuki, heyvanları biz kəsmirik.
Bəs bütün bunları edərkən ac və çılpaq qalanlara haqsızlıq etmiş oluruqmu?  İbtidai insanların ədalət anlayışını pozmuş oluruqmu?  Hər şeydən xəbərsiz olmağımız bizə bəraət qazandırırmı?  İnsanların bir hissəsi ac qaldığı halda evimizdə marketdən rahatlıqla ala bildiyimiz yeməkləri yediyimiz üçün günahkarıqmı? Yoxsa ədalət anlayışı artıq dəbdən düşmüş bir məfhumdurmu? Əmin deyiləm.
Məsələ ondadır ki, müasir dövrdə nə etdiyinizi anlamaq son dərəcə çətin bir şeyə çevrilmişdir. Başqasının haqqına girmək düzgün deyil norması başqasının haqqı olan bir şeyə bilavasitə əl qoymanın mümkün olduğu dövrdə formalaşmışdı. Amma hal - hazırda ehtiyac duyduğunuz şeyləri sistem özü oğurlayıb sizə gətirir. Əgər mən bir şirkətdə işləyirəmsə və şirkət məhsullarını maya dəyərindən olduqca baha bir qiymətə bazara çıxarırsa və mən də bu ədalətsiz satışdan qazanc əldə edirəmsə məni oğurluqda ya da haqqınıza girməkdə günahlandıra bilərsiniz? Nə də olmasa heç kimin cibinə girib pulunu götürmürəm. Deyə bilərsiniz ki, bu ədalətsiz sistemdə yer almamaq üçün iş yerini dəyişə bilərsən. Amma, işə qəbul olacağım bütün şirkətlər eyni kapitalist sistemin parçası olduğundan və biz də bu psixologiya ilə yetişdirildiyimizdən təklif etdiyiniz yol keçərli deyil. Sonuçda hər birimiz pulumuz çox olan kimi xarici ölkələrin birində yaxşı bir tətil xəyalı qururuq. Bir neçə dəfə təşkil etdiyim xeyriyyə kompaniyalarında ən çox pul yatıranlar belə bir ad günü partisində xərclədikləri puldan daha azını yatırırdılar. Onları kasıb ailələrə göstərdikləri yardımın öz istirahətlərinə xərclədikləri puldan daha az olduğu üçün qınaya bilərsinizmi? Əxlaq normalarının böyük əksəriyyəti mağaralarda yaşayan ovçu - toplayıcı babalarımız tərəfindən yaradılmışdı. O dövrdə əgər bir nəfər qonşusundan daha çox meyvə toplayıbsa, öz meyvələrini qonşusu ilə bölüşməli idi. Əks təqdirdə ədalət anlayışını pozduğu üçün qrupdan atılırdı. İndi siz məni sizdən daha çox pul qazandığım və bunu sizlə bölüşmədiyim üçün məni qınaya bilərsiniz?  Ya da məndən kasıb qonşuma hər gün bazarlıq etməyimi tələb edə bilərsiniz? 
Ətə olan ehtiyacımıza görə dünyada hər gün milyonlarla heyvanlar öldürülərək, sözün həqiqi mənasında qətliam törədilir.  Bu heyvanların qanı əksər hallarda axar su hövzələrinə axıdılır. Sırf bu çirkli suyu içdiyi üçün xəstələnib ölən Meksikalı bir uşağı vecimizə alırıqmı?  Ya da oğlunun ölümünə görə həmin uşağın valideyni gəlib başqa bir ölkədə yaşayan sizi günahlandıra bilərmi? 
Gördüyünüz kimi artıq baş verənlərə köhnə əxlaqi kriteriyalarla qiymət verə bilmərik. " Əsas niyyətdi " deyib bu kimi məsələlərdən yayınmaq olar. Amma bu çox məsuliyyətsiz və dayaz iş olardı. Çünki, müasir dövrdə əxlaq da baş da olmaqla bütün anlayışların başında bilgi durur. Bilmirəm deyib sualdan yaxa qurtara bilməzsiniz. BİLMƏLİSİNİZ.

O zaman bunu bir daha düşünün. Artıq köhnə, işə yaramayan əxlaqi kriteriyalara dayanıb yaşamalısınız, yoxsa yenisini yaratmalısınız. Gəlişi gözəl söz yığınına müraciət etməlisiniz, yoxsa yaşadığınız dünya haqqında elmi bilgiləri öyrənib bu dünyaya həqiqətən uyan bir sistem yaratmalısınız? 

Hər şeyin hekayəsi - Elmin fonunda Where stories live. Discover now