Netflix mənə görə ən keyfiyyətli film və serial platformasıdı. Bunun ən bariz nümunələrindən biri digər 3 sezonu Foxda olan Lucifer serialının sonuncu sezonunu Netflix çəkəndə gördük. Birdən birə bu serial çox möhtəşəm bir hekayəyə səbəb oldu. Black Mirror serialı isə nəinki Netflixin hətta bəlkə bütün dünyanın ən böyük " vau " effektini yaradan serialdı. Daha öncə də bu serialın ikinci sezonunun ikinci bölümünü analiz etmişdim. İndi isə sezon 3 bölüm 5 haqqında danışacam. Bu bölümdən çıxara biləcəyimiz o qədər çox dərs var ki...
Bölüm bir əsgərin hekayəsini ələ alır. Burda əsgərlərin beyninə implantlar yerləşdirirlər, nəticədə onların nişan almaq, döyüşmək, plan qurmaq və bir - biri ilə kommunikasiya qurmaq imkanları artır. Məsələn, nişan alanda görüntünü gözləri ilə zoom edə bilirlər. Ya da binaya girmək strategiyası quranda artdırılmış reallıq texnologiyası ilə binanın 3d hologramını gözləri önünə gətirə bilirlər.
Bir də bunların "böcək" adı verdikləri düşmənləri var. Əsgərlərin komandirinin açıqladığına görə bu böcəklər virus yoluxaraq zombivari canlılara çevrilmiş insanlardı. Onların başqalarına ziyan verməməsi üçün, insanlığın gələcək nəsillərini qurtarmaq üçün bu böcəkləri öldürmək və bu ülvi məqsəd uğrunda savaşmaq lazımdır.
Bizim baş rolda olan əsgər də ilk böcək əməliyyatına gedir və orda iki bədheybət və iyrənc böcəklə savaşıb onları öldürür. Normal olaraq da bununla fəxr edir. Hətta ordunun psixoloqu ondan peşmanlıq və ya vicdan əzabı hiss edib - etmədiyini soruşanda deyir ki, yox əlbəttə, onlar insan deyil ki, günahsızları incidən bədheybətlərdi. Çünki, həqiqətən də qonşu kəndlərin əhalisi də onlardan qorxur və hamısının məhv olmasını istəyir.
Amma bir şey olur və bu əsgərin beynindəki implant pozulur. Və bu zaman anlayır ki, bu texnologiya olandan bəri qoxu hiss etməməsinə baxmayaraq indi hiss edir. Və döyüşdükləri adamların zombi və bədheybət deyil, normal insan kimi görməyə başlayır. Nəticədə, özləri kimi normal olan insanları öldürməyə imtina edir.
Bu böcəklər sən demə adi xalq imiş. Yəni tamamilə normal insanlardı. Hətta bu əsgər yaralananda ona kömək edirlər. Bölümün sonlarına doğru məsələ aydın olur. Sən demə, hərbiçilər baxıblar ki, insan digər bir insanı öldürməkdən çox vaxt imtina edir. Məsələn, birinci və ikinci dünya müharibələrində əsgərlərin 70-80 faizi qarşı tərəfə atəş açmaqdan imtina edib və sadəcə görüntü olsun deyə çox vaxt boşluğa atəş açırlarmış. Bu bütün müharibələrdə müşahidə olunur və nəticədə müharibə uzun çəkir. Bunun üçün alimlər MASS deyə bir texnologiya hazırlayıblar. Nəticədə, əsgərlər düşmənlərini insan olaraq deyil, zombi kimi görür. Onları öldürmək də mənəvi baxımdan çox rahatdır.
DİQQƏT! DİQQƏT!
Bu mənə hardansa tanış gəlir. Hal-hazırda dünyada baş verən elə budur. Həm də təkcə hərbi sahədə yox, bütün sektorlarda. MASS ingiliscə kütlə deməkdir. Yuxarıda duranlar kütləni idarə edərək onların düşmənlərini və dostlarını müəyyən edirlər. Televiziya, internet, ictimai rəy və sosial media ilə hər birimiz manipulyasiyaya uğrayır və bizim kimi olan insanları bəzən bizdən deyil kimi görürük. Bütün dünyada baş verən bu proses nəticəsində insanlar özlərini normal, digərlərini onlardan olmayan " bədheybət " kimi görürlər. Bəzən onlara ad da qoyur və bununla da həmin insanları insan olmaq kateqoriyasından çıxarırlar. Sovetlərin almanlara alman yox nemes deməsi kimi. Afrikada Tusi qəbiləsinə böcəklər deyilməsi kimi. Dindarların onlardan olmayana kafir deməsi kimi.
Din, dil, irq, millət. Bunlar hamısı yuxarıdakıların yaratdığı kriteriyalardı. Onlar bu kateqoriyalarla bizdə digərləri haqqında önyarğı yaratmağa və onları olduqlarından fərqli görməyimizə səbəb olurlar.
Black Mirrorun bu bölümündə əsgər " böcək " adı verilən insanların birindən soruşur :
- Axı bu texnologiya sadəcə hərbçilərdədi. Bəs niyə adi kəndlilər də sizdən nifrət edir? Axı onlar sizi olduğunuz kimi görürlər. Onlar niyə sizdən nifrət edir.Və cavab bilirsiniz nə olur?
" Çünki, nifrət etmələri söyləndi. "
Bəli. Bu cümlə haqqında düşünmək lazımdır. Niyə əksər insanlar realda pislik görmədikləri toplumlara önyarğı ilə yanaşıb, onlara nifrət edirlər? Çünki, nifrət etmələri söyləndi.
Bu bölümdə olan başqa bir replikaya baxaq.
" Mass, ən güclü və təhlükəli silahdır "
Massın mənasının kütlə olduğunu yuxarıda demişəm.
" Kütlə ən güclü və təhlükəli silahdır "
Çünki, kütlə anonimdi. Kütlədə olan insan fərdiliyini itirir və düşünmədən digərlərinin etdiklərini edir, dediklərini qəbul edir. Bəs sonra nə olur?
Black Mirrorun bu bölümündə əsgərlər böcəkləri öldürdükdən sonra beyinlərindəki implantlar vasitəsilə onlara gözəl yuxu bəxş edirlər.
Bəli, olan budur. Media və ictimai rəy manipulyatorları bizi aldadır, manipulyasiya edir, istədiklərini qəbul etdirir, istədikləri kimi fikir və davranışlarımızı formalaşdırır, dostlarımızı və düşmənlərimizi müəyyən edir, qarşılığında isə bizə gözəl amma yuxu kimi yalan olan həqiqət illüziyasını verirlər. Bizimsə bunlardan nə xəbərimiz olur, nə də ruhumuz inciyir.
YOU ARE READING
Hər şeyin hekayəsi - Elmin fonunda
Science FictionHəqiqəti tapmaq üçün elm, əlimizdə olan ən gözəl şeydir