Həyatda hər birimizin bir xəyalı var. Ümid edirəm ki, belədir. Amma rasional düşüncəm mənə təəssüflə bildirir ki, belə deyil. İnsanların bir çoxunun heç bir xəyalı yoxdur. Sadəcə, proqramlanmış şəkildə daha " təcrübəlilərin " dediklərini edirlər. Xüsusilə, mövzu elm olanda insanlara bu proses xəyal qurmağa ehtiyac olmayan, uzun və maraqsız kimi gəlir. Nə də olmasa, elmi kəşf etmək üçün əvvəlcə fərziyyə qoyulmalı, həmin fərziyyə təcrübədə yoxlanmalı, nəticələrin analiz edilməsi və səbəb nəticə arasında korrealyasiyası yoxlanaraq, başqa şəraitlərdəki keçərliliyini öyrənmək yenidən kontrol təcrübələr aparılmalıdır. Bu sıxıcı proses kimi görünür. Filmlərdə də həmişə elm adamları dünyanı yerindən oynayacaq kəşflər edirlər. Amma, bu tam da düşündüyünüz kimi deyil. Daha gözəl gələcək üçün daha kiçik və sadə addımlar atmaq mümkündür. Bu baxımdan sevdiyim bir gerçək hekayə var.
1983- cü ildə iki təbiət müəllimi Levin və Levayn yerli qəzetlərdə elan verərək elm mərkəzi yaratmaq istədiklərini dedilər. Bu ideya cəmi 50 nəfər tərəfindən müzakirə olunub, qəbul edildi. Yerli şirkətlər tərəfindən yığılan iyanə sayəsində həvəskarlar şəhərdən kənarda torpaq sahəsi almağı bacardılar. Təcrübəli memar Bob Leders tam təmənnasız halda binanın proyektini hazırladı. Çarlz Trautman bu layihəyə icraçı direktor seçilərək tikinti üçün lazım olan materialları bağışladı. Elm mərkəzinin tikiləcəyi yerdə köhnə nasos stansiyasını sökmək lazım gəlirdi. Kornell Universitetinin tələbələri könüllü olaraq burda işlədilər və iki gün ərzində 200 ton tullantını ərazidən kənarlaşdırdılar. Digər tərəfdən də adi şəhər sakinləri - həkimlər, fəhlələr, dülgərlər, professorlar, tələbələr işə girişdilər və tikintiyə kömək etməyə başladılar. Təcrübəlilər pilləkənləri düzəldir, kafelləri düzürdülər. Təcrübəsizlər ilə taxtaları boyayır, materialları daşıyırdı. Amma hər kəs gündə 10 saat işləyirdi. İşləyən 2200 şəhər sakininin 10 faizi qısamüddətli cəza almış məhkumlar idi. Onlar həbsdə boş oturmaqdansa, şəhərləri üçün bir şey etməyi üstün tutmuşdular. Nəticədə, dünyada ilk dəfə şəhər sakinləri tərəfindən tikilmiş İtaka Elm Muzeyi hazır idi. Bu muzeydə indi də çox möhtəşəm və görənləri elmə sürükləyəcək eksponatlar var.
Levin və Levayn hələ də könüllü şəkildə bu muzeydə işləyirlər. Onlar bütün dünyaya göstərdilər ki, əl - ələ verərək sıfır imkanlarla böyük işlər görmək mümkündür. Yetər ki, ilk addım atılsın və yetər ki, birlikdə olaq. Dünyanı daha gözəl bir yer halına gətirə bilərik. Bunu etməliyik. Çünki, nəhəng kosmosda -ətrafı təhlükələrlə dolu bir sahədə olan bu mavi nöqtə, bu planet bizim evimizdir.Necə yəni? Elmlə məşğul olmasaq və səhv bir ideologiyaya inansaq ən çoxu nə itirə bilərik ki? Bu sualları düşünə bilərsiniz. Amma elm ciddiyə alınacaq bir işdir. Elmdə olan kiçik səhvlər böyük fəsadlara səbəb ola bilir. Təxminən, yüz il əvvəl SSRİ - nin elmdə etdiyi kiçik səhvə görə bu gün Rusiyanın iqtisadiyyatında və inkişafında axsaqlıqlar müşahidə edirik.
Belə ki, 1930 - cu ildə Stalinin də dəstəklədiyi Trofim Lisenko adındakı bir fırıldaqçı meydana çıxmışdı. Lisenko indiyə qədərki genetika elminin iddialarının doğru olmadığını, fəlsəfi olaraq əsl genetikanın fərqli nəticələr verdiyini irəli sürürdü. O qışlıq buğdadan iki dəfə məhsul götürməyin mümkün olduğunu deyirdi. Bu da Stalinin kənd təsərrüfatının zorla kollektivləşdirməsindən sonra zəifləyən sovet iqtisadiyyatı üçün xoş xəbər idi. Lisenkonun iddiaları heç bir elmi metodika ilə dəstəklənmirdi. Kontrol təcrübələr aparılmamışdı və bu iddialara dair bircə sübut belə yox idi. Nə var ki, Stalin ona inanırdı.
O vaxt Amerikalı genetik Herman Müller Moskvada modern genetika məktəbində işləyirdi. O, Lisenkonu idealist adlandırır və Kənd Təsərrüfatı Akademiyasının iclaslarında dəfələrlə vurğulayırdı ki, Lisenko genetika ilə bağlı azacıq biliyə belə sahib deyil. Əks halda belə absurd bir nəzəriyyə yaratmazdı. Akademiyanın prezidenti Vavilov da Mülleri tam dəstəkləyirdi. Buna görə də Lisenko Müllerə şər atır ki, guya o, qərbin üstünlüklərini vurğulayan məktublar yazır. Bundan xəbər tutan kimi Müller Lisenkonu ittiham edən bir məktub yazaraq " Pravda " qəzetində dərc etdirir. Bununla da həyatını təhlükəyə atmış olur. Müller Moskvanı tərk etdikdən bir gün sonra NKVD onu həbs etməyə gəlir. Lakin, Müller artıq yox idi. Amma Vavilov Sibirə sürgün edilir və 1943 - cü ildə elə ordaca ölür.
Lisenkonu həm Stalin, həm də Xruşşov dəstəkləyirdi. Nəticədə, klassik genetika sıxışdırılırdı. Necə ki, indi bizim kitablarda təkamül nəzəriyyəsinə az yer verilir, 60- cı illərdə də sovet biologiya kitablarında xromosomlara və klassik genetikaya az yer verilirdi.
Nəticə olaraq qışlıq buğda ikinci məhsul vermədi. Sovet iqtisadiyyatı durğunluğa girdi və Lisenko 1963 - cü ildə Saxarovun təşəbbüsü ilə taxtdan endirildi. Həmçinin, məhz bu səbəbdən bu gün Rusiya molekulyar biologiya və genetika sahəsində olduqca geridə qalır. Ən azı iki nəsil Rusiya müasir elmdən geridədir. Bunun səbəbi isə Stalinin 30- cu illərdə etdiyi səhvlər və sadəlövhlüyüdür.İndiki dövrdə isə elmi səhv və biliksizlik daha dərin problemlərə səbəb olur. Elmi ciddiyə almağımızın zərurətini və biliksiz olsaq yaxın illərdə qarşılaşacağımız ağlagəlməz problemləri növbəti bölümdə açıqlayacam. Hələlik isə sizi məsuliyyətli və diqqətli olmağa çağırıram. İnanın ki, bu səmimi bir həyəcan siqnalıdır.
ESTÁS LEYENDO
Hər şeyin hekayəsi - Elmin fonunda
Ciencia FicciónHəqiqəti tapmaq üçün elm, əlimizdə olan ən gözəl şeydir