Əksər hallarda dahi elm adamı dedikdə, ağla qoca, saçları dağınıq, öz sahəsindən danışarkən sürətlə danışan, asanlıqla atomaltı parçacıq sürətləndiricilərdən danışdığı halda yeni doğulan pişiyinin də köhnə dəlikdən evə girə biləcəyi kimi sadə şeyləri düşünməyən bir insandı. Bəs doğrudanmı öz sahəsində super olan biri, digər sahələrdə tamamilə bacarıqsız olur? Əgər belədirsə, niyə belədir? Beynimizdə sadəcə bir zəkamı var, yoxsa bir neçə?
Ümumiyyətlə, ağıllı olmaq fiziki cəhətdən güclü olmağa bənzəməz. Bunu bir dəfəlik dərk etməliyik. Çünki, güclü adam hər yerdə, bütün mühitlərdə güclüdür. Amma fizikanı super bilən bir insan digər elmlərdə tamamilə bacarıqsız ola bilər. Məsələn, mən özüm psixologiya və fizika sahəsində ən qəliz hissələri anlasam da, kimyadan ən sadə şeyləri belə anlamaqda çətinlik çəkirəm. Yaxud da bir tanışım 29 yaşında Almaniya Psixoanalitik Universitetində doktor dərəcəsi almağı bacarsa da, qızlarla münasibətdə başdan-ayağa qabiliyyətsizdir.
Ağıldan danışarkən g ( ümumi mənasına gələn general sözünün baş hərfi) faktorunu unutmamaq lazımdır. Bu faktorla biz insanların zəka göstəricilərini öyrənib müəyyən düsturlarla riyazi nəticə çıxara bilirik. Buna psixologiyada riyazi statistik metodlar deyirlər. Yəni, çox insanın düşündüyü kimi psixologiya bir qrupun alimin fəlsəfi fikirlərindən ibarət bir elm deyil. İlk dəfə Spearman İQ testlərini dəyərləndirərək ağılın təməlində yatan g faktorunu kəşf etmişdi. Normal bir insanın ağıl dedikdə nəzərdə tutduğu hər şey g-dir. G bütün ağıldır demək yanlışdır, çünki g daha çox intellektual qabiliyyətlərin nüvəsidi. Buna evin təməli olaraq baxa bilərsiniz. Evin təməlini atdıqdan sonra bir çox başqa şeylər əlavə edə, içinə mebellər düzə bilərsiniz. Amma əgər evin təməli yaxşı deyilsə, başlanğıcdan uduzmusunuz.
Bəzi araşdırmalar ağılın yaddaşla və şüuru təmsil edən frontal lobla bilavasitə əlaqəli olduğunu deyir. Əslində, bu heç də təəccüblü deyil. Çünki, ağıl bir baxımdan da yaddaşımızdakı bilgilərdən istifadə edərək şüurlu nəticə çıxarmaq qabiliyyətidir. Hələ o vaxt Charles Darwin " Növlərin mənşəyi " kitabında intellektin tərifini keçmiş təcrübəyə dayanaraq nəticə çıxarmaq qabiliyyəti kimi vermişdi. Ona görə də Darwin qeyd edirdi ki, intellekt heyvanlarda da var.
Bundan başqa Charles Spearmanın tələbəsi Raymond Cattell və onun tələbəsi John Horn 20 il ərzində araşdırmalar apararaq 1960- cı ildə iki ağıl növünün olduğunu irəli sürdülər. Axıcı ağıl və kristallaşmış ağıl. Axıcı ağıl yuxarıda da qeyd etdiyim kimi əvvəlki bilgilərdən istifadə etmək məharətidir. Kristallaşmış ağıl isə həmin bilgilərdir. Məsələn, bir dəfə getdiyiniz yerə yolu tanıyaraq getməniz axıcı zəkadı, həmin yol haqqında informasiyalar isə kristallaşmış zəkadı. Uşaqlıqda baxdığınız filmin qəhrəmanlarının adını bilməyiniz kristallaşmış zəkanın ən tipik göstəricisidir. Axıcı ağıl zaman içərisində zəifləyə bilər, lakin kristal zəka ömür boyu sabit durur. Məsələn, velosiped sürməyi gənclikdə öyrənən biri, qocalanda da əgər ayaqları ağrımasa sürə biləcək. Çünki, axıcı zəka daha çox enerji xərcləyən alın payı tərəfindən idarə olunur ki, bu bölgə daha tez sıradan çıxmağa başlayır. Kristal zəkadan isə beynin daha geniş korteksləri, xüsusilə də sumramarjinal girus və Broca bölgəsi məsuliyyət daşıyır. Bunlardan birincisi emosional intellekti, digəri isə nitqi təmin edir. Nitq isə öz - özlüyündə təfəkkürün və ağlın yaranması üçün ən önəmli ünsürlərdən biridir. Hətta, o dərəcə önəmlidir ki, heyvanlardan daha üstün şüura sahib olmamızı məhz bizə nitqi bəxş edən ikinci siqnal sisteminə borcluyuq. Yəni, nitqin yaranması ilə biz sözlü - məntiqi öyrənməyi bacardıq və təbii ki, bu da öz növbəsində ağlımızı inkişaf etdirdi. Bu gün anadan nitq qüsuru ilə doğulan uşaqlarda əqli geriliyin olma səbəbi də budur.
Bütün bunlar bizə onu göstərir ki, ağıl bir bütün deyil, fərqli növləri var və fərqli faktorlardan asılıdırlar. Məsələn, futbolçular adətən riyazi fənlərdən kəsilirlər amma futbol meydançasında yüksək səviyyəli məkan qavrayışı, topu vurarkən dəqiq güc və bucaq hesablamasını tətbiq edə bilirlər. Yaxud da ki, Rainman filmində Raymond Babbitt autizm xəstəsi olduğu üçün yeməyini belə kontrol altında olmadan yeyə bilmir amma yerə dağılan diş çöplərinin dəqiq sayını bir baxışda hesablaya bilir. Belə insanlara bəzən axmaq dahilər deyilir. Yeri gəlmişkən o film real həyatdakı Kim Peek adlı əqli gerilikdən əziyyət çəkən insandan ilhamlanaraq çəkilmişdi. Kim Peek mənasını anlamasa da 12000 kitabı sözbəsöz əzbər bilirdi. Bütün bu faktlar ağılın bir sıra növləri olduğunu bir daha sübut edir.
İnsan zəkasının yeddi təməl qabiliyyətdən ibarət olduğunu ilk dəfə 1938- ci ildə Louis Leon Thurstone söyləmişdi. Bunlar aşağıdakılardır.
YOU ARE READING
Hər şeyin hekayəsi - Elmin fonunda
Science FictionHəqiqəti tapmaq üçün elm, əlimizdə olan ən gözəl şeydir