2- Qonaq

510 45 12
                                    

Necesiz, millet ? Yarımçıqları sevdinizmi? Düzdü hele iki obraz gelib. Ama digerleri de gelecek tezlikle. Multi- Leyla. Neçe gündü obrazlarıma uyğun adamları axtarıram. Nehayet tapdım hamsını) instada wattpadaz sehifesin follow etmeyi unutmayın. Adminler o qeder hevesle paylaşım edirlerki, destek olmamaq elde deyil.

Bakının soyuq küləkləri mavi şalını havalandırarkən üzündəki məyus ifadə ilə şəhərin işıqlı küçələrində irəliləyirdi Mələk. İşdən çıxandan sonra adəti üzrə evin yolunu tutmaq əvəzinə Bulvara tərəf getməyi qərara almışdı. Bura gəlmək işlədiyi yerdən çox da uzaq olmadığı üçün ona rahat idi. Havanın isti keçdiyi vaxtlar gecələr iynə atılsa yerə düşməyəcək qədər çox adam olan Bulvar indi bomboş idi. Səssizliyə vurğun insanlar üçün əlbəttə gəzinti üçün ən yaxşı vaxt bu zaman idi. Mələk Bulvar skamyalarının qabağından irəliləyib beynində son zamanlar baş verən hadisələri düşünürdü. Mədətlə qarşılaşmamaq üçün iki gündür işə tez gəlmirdi. Bu məsələ onu çox sıxırdı çünki tezdən oyanmağa vərdiş edən biri kimi oturub evdən çıxmaq üçün uyğun saatı gözləmək çətin idi. Bir müddət başqa mövzular haqda düşünməyə çalışsa da fikri yenidən Mədətdə ilişib qaldı. "Niyə məhz əslində heç nə ifadə etməyən biri üçün bu qədər düşünürəm? Mədəti son günlər görməyə başlamışdım. Əvvəl heç nəzər yetirmirdim də. Son zamanlar mənə bir az maraq göstərməsi onun varlığından xəbərdar olmağıma səbəb oldu. Bəlkə də həyatımda kimsə yoxdur deyə sadəcə biri ilə tanış olmaq xoş gələcək deyə düşünmüşdüm. Hər zaman olduğu kimi də yanılmışdım." Mələk nəhayət bəzi şeyləri özünə qəbul etdirə bilmişdi. İnsan nə qədər özünü təcrid etməyə çalışsa da cəmiyyətdən bir yerə qədər ayrı qala bilər. Və yenə də insan təbiətinin tələblərindən biridir ki, güvənəcək , dərdini bölüşə biləcək biri olsun istəyirdi həyatında. Mələk illər əvvəl bu tələblərin hamsının üstündən qara cızmaqaralar etmişdi.  Ama artıq o da yalnızlıqdan sıxıldığını anlayırdı. Bəlkə də biri ilə sevgili ola bilər deyə düşündü. Mədət kimi olmayan biri ilə. Nəzərə almadığı bir gerçəklik gizləndiyi yerdən çıxıb ən istehzalı təbəssümü ilə Mələyə gülümsədi: "Restoranın mətbəxindən başqa bir yer görməyən adam kimlə tanış olacaqdı?" Bu həqiqəti necə unuda bilmişdi o? Bəlkə də adminstratora ərizə yazıb daha çox insan görə biləcəyi bir işə keçə bilərdi. Məsələn, ofsiantlıq. Bu düşüncə keçən dəfə restorana gələn qəribə adamı xatırlaması ilə anındaca qanadlanıb qəti olaraq fikirlərini tərk etdi. O sadəcə bir günlük ofsiantlıq fəaliyyətində gördüyü bir müştəri idi. Mütəmadi olaraq belə bir işdə işləsə, ondan daha bətər insanlar görəcəkdi. Hər nə qədər qəribə olsa da ani olaraq oturduğu yerdən çıxıb qaçan adam Mələyə maraqlı gəlmişdi. Ona görə də növbəti günlər o mətbəxin  kiçik pəncərəsindən gələn müştəriləri izləmişdi. Ama qəhvəyi gözlü isti baxışlı oğlan gəlməmişdi. Dəniz dalğalarının qayalara çırpınarkən yaratdığı xaotik səs Mələyi sanki  düşüncələrindən oyatdı. Dayandığı yerdə ətrafına baxanda çox irəlilədiyini hiss etdi. Geri qayıdıb evinə getmək çətin olacaqdı. Ona görə də addımlarını tezləşdirib əks istiqamətə dönmək onun xeyrinə idi.

Hər dəfə dənizdə külək qalxdıqca Mələk o yana boylanır, dənizə yaxın hissədən gedib-getməmək haqqında tərəddüd edirdi. Nəhayət istiqamətini dəyişib vahiməylə çırpınan dənizə daha çox yaxınlaşdı. Əvvəlcə əmin olmasa da sonra bu hissədən getdiyi üçün məmnun olmuşdu. Bir qədər yalnız dalğa səsləri ilə irəlilədikdən sonra artıq tək olmadığını anladı. Bu da  yenidən məyusluğuna səbəb oldu. Paylaşmaq istəmədiyi şeylərin başında səssizlik və yalnızlıq dururdu.

Yarım Qalanlar.Onde histórias criam vida. Descubra agora