26- Bir ovuc torpaq.

109 14 7
                                    

Salam , canlar. Uzun zaman sonra men yarım qalanlarımla birlikde sizinleyem. Nece darıxdığımı bile bilmezsiniz. Uzun müddet kompun ekranına baxdığım , bir-neçe cümle yazıb pozduğum zamanlardan sonra bu gün bu bölüm su kimi geldi , yazdım ve indi paylaşıram. Hetta instagramdan görenler bilir bir ara elyazma ile bele yazmağa cehd etdim. Neyse , uzatmadan xoş oxumalar size ❤️ multide yazarken dinlediyim mahnılardan biri var. Ümid edirem siz de seversiniz ❤️

           

-          Torpağa toxunmaq hər zaman fərqli idi mənim üçün. Evimizdə heç dibçək yoxdur , çünki olsa da onlara baxan olmayacaqdı. Əlimi torpağa hər vuranda həyatı hiss edirəm. Eyni qədər də ölümü. Ovucumuzun içinə sığacaq qədərik əslində , - Elşad tək əlinin içinə bir qarış torpağı aldı , - Gəldiyimiz , getdiyimiz yer. Bir ovuc qədər torpaq olacağıq ən sonunda hamımız. Anamın fikrincə , torpaqla oynayan insan pis ola bilməzmiş. Böyüdükcə bunu daha yaxşı başa düşürəm. Torpaq anamı xatırladır. Heç tanımadığım , bilmədiyim , atamın bəzən haqqında danışdıqları ilə təsəvvürümdə canlandırdığım , daha azı ya da daha çoxu olan anamı.

Elşad məzarın bir ucunda oturub qara qəbir daşına baxaraq danışırdı. Bəzən baxışlarını Mələyə çevirir , bəzən daha uzağa baxıb sakit qalırdı. Həmin an , Elşadın buraya Mələyi gətirdiyi bu dəqiqələrdə bütün şəhər , bütün tanışlar , bütün insanlar və hekayələr geridə qalmışdı. Burada yalnız idilər. Ətrafda heç kim yox idi. Buludların ardından çıxıb gəlişini sübut etməyə çalışan günəş , bitmiş insan həyatlarından geriyə qalan daşlar , bozarmış süni güllər, canlı adlandırıla biləcəklərsə Elşad , Mələk və gətirdikləri yeni tülpanlar.

-          Böyüdükcə başa düşürsən. Başa düşmək necə incidir bilirsənmi Mələk ? Bəzi şeylərin fərqində olmamaq üçün nə qədər gözlərimi yumsam da alınmırdı. Fərqində idim , başa düşürdüm. Mənim ailəm fərqli idi , mən yarımçıq idim. Nə qədər uşaq idim yadımda deyil. Ancaq bunu anlamağımın ürəyimi necə ağrıtdığı çox yaxşı yadımdadır. Və daha çoxu. Daha çoxunu görüb müşahidə edib analiz etmək. Evlərin daşı-divarı eyni ola bilər yalnız , hər evin öz sakinləri var , hər evdə fərqli ailə var , hər ailənin ayrı dərdi ancaq eyni sevincləri. Xoşbəxt ailələr bir-birinə bənzəyirlər ,

-          Bədbəxt ailələrin hərəsi bir cür bədbəxtdir , - Mələk nəhayət danışmışdı.

-          Anna Karanina.

-          Tolstoy , - Mələyin tozlu kitabxanasından sevimli kitablarından biri də bu idi.

-          Mənim ailəmin bir parçası bu torpaqdadır , bir parçası da evdə məni dəyişdirmək üçün planlar qurur. Sən mənim ən yaxınımsan. Bu yalnız , kimsəsiz dünyamda ən çox bənzəyənim , ən çox başa düşəcək olanım. Mələk , biz eyniyik.

Həqiqətən eyni idilərmi ? Oxuduqları kitablar eyni idi bəlkə. Ancaq o kitabları onlarla birlikdə minlərlə insan da oxumuşdu. Bəs onlar da yarımçıq cümlələri eyni çevikliklə tamamlaya bilərdilərmi ? Qarşısındakını əzbər bildiyi kitab səhifəsi kimi oxuya bilərdimi ?Titrəyən dizlər , qızaran yanaqlar , artan bədən temperaturu , hara baxacağını bilməyən gözlər. Bir istiqamətdə onu buraya gətirmiş Elşad ümid dolu baxışlarıyla ətrafı izləyirdi. Necə də həvəslə səni anamla tanış edim demişdi Mələyə. Digər tərəfdə isə Elşadın fiziki görüntüsünü borclu olduğu qara mərmərin üstündəki şəkildən belə hiss olunan anası. Azacıq təbəssümlü üzü ilə Mələk yaşlarındakı görüntüsü ilə o da haranısa izləyirdi. Bəlkə oğluna baxırdı ? Məni tanış etdiyin , eyniyik dediyin qız budurmu deyə ? Bəlkə Mələyə ? Mənim oğluma necə yalan danışa bilərsən deyirdi içdən-içə ? Bəlkə elə iksinə də bir anda baxıb sevinirdi. Bir ana üçün xoş an deyildimi bu? Nə böyük yalançı. Oğlunu öz saxtalığına inandırdığı kimi anasını da bu yalana daxil etmişdi. Mələyin qəlbi tez-tez çırpınır , Elşadla göz-gözə gəlməmək üçün ətrafa baxırdı.

-          Ən başından bəri hiss edirdim. Səndə bunu görürdüm. Sən də eyni yaxınlığı hiss etmirdinmi ? Daha əvvəl nələr yaşamısan çox maraqlıdır. Bax mən sənlə hər şeyimi bölüşdüm. Bu da ailəm. Sən də mənlə bölüş. Çəkinmə. Özündən , səni tanımadığım vaxtlarından , uşaqlığından  danışacağın bir cümləyi belə dinləməyə hazıram , Mələk.

-          Sənin ananla tanış olacam zənn edirdim , - Cümləsinin ilk kəlmələrində səsi olduqca zəif- eşidilməyəcək kimi çıxmışdı , - bu gün səni tanıyırıq. Mən başqa vaxt.

-          Bu başqa vaxtların bir sonu olmalıdır , - Elşad ovucunda saxladığı torpağı nəhayət buraxdı. Torpaq süzülərək məzarı əhatə edən mərmərün üstünə töküldü. Ovucunda bir arada olan qırıntılar indi parçalara bölünüb məzarın bir küncünə dağılmışdı. Ovcuna sığışdırdığı həyat adlandırdığı torpaq indi yenidən aid olduğu yerə qayıtmışdı - Ancaq səni sıxmaq istəmirəm.

-          Anana bənzəyirsən. Həm də çox.

-          Elə deyirlər , - Elşad oturduğu yerdən yavaşca qalxdı. Ovcunda bir qədər torpaq qalmışdı. Ancaq təmizləmədi , - görüntümüzdən daha çox. Ara-sıra yuxumda görürəm. Çox gec-gec. İllərlə görmürəm bəzən. Bəzən də günlərlə ard-arda yuxumdan çıxmır. Kaş daha çox görəydim. Çox şey soruşmaq istəyirəm , ancaq soruşa bilmirəm. O qısa yuxuları heyf edirəm hər dəfəsində. Son dəfə görəndə anamla eyni yaşda idim , - baxışlarını məzara zilləyib dedi , - qabağımda mənlə eyni yaşda gözəl bir qadın var – anam. Və bir müddətdən sonra mən anamdan daha yaşlı olacam. Yuxularımda özümdən daha cavan bir qadın görəcəm və o mənim anam olacaq.

-          Yaşlı halını.

-          Yaşlı halı necə olarmış deyə düşünürəm. Məni ən çox sən başa düşərsən , başa düşürsən. Yarımçıq cümləmi sən başa düşüb tamamlayırsan.

Mələk gülümsədi. Ancaq sevincli bir təbəssüm deyildi. Özündə kədərdə var idi. Acı bir təbəssüm idi.

-          Gedək istəyirsən ?

-          Gedə bilərik.

Birlikdə addımlayarkən Mələyin ağlında buraya gələrkən düşündükləri dövrə vururdu. Həyəcanlanmışdı , sevinmişdi bir az da. Bir qədər də tərəddüd edirdi. Bəs anası ilə üzbəüz dayanıb gözünün içinə baxarkən oğlunu inandırdığı yalana onu necə daxil edəcəkdi ? Belə dahamı asan oldu ? Bəlkə daha çətin. Ölü birinə gerçəyi izah etmək daha asan olacaqdı bəlkə ?Ən son ağlına gətirəcəyi yerdə idilər. Ancaq hər şey bariz olaraq ortada deyildimi? Elşadın divarları var idi. Hər kəslə yaxın deyildi. Fərqli xarakteri , özünəməxsusluğu , içinə qapanıqlığı. Bu insanın , bu uşağın bir yarım qalmış tərəfi var idi. Elşad baxışlarını uzaqlara zilləmişkən Mələk diqqətlə onu incələdi. İlk dəfə onu görəndə və sonrakı dəfələrdə üzünə hakim olmuş o özündənrazı təbəssüm bir maska idi , bir sədd , qalın divar idi bəlkə də. İçindəki ana sevgisindən , qadın qayğısından yarım qalmış o uşağı göstərmək istəmirdi. O uşaq onu həvəslə buraya gətirən , əlinə torpaq alan , torpağı mərmərin üstünə dağıdan , anasını yuxusunda görməyin özləmini yaşayan Elşad idi. Bəlkə də indi onunla bu yolda yeriyərkən belə geridə qalmış , hələ də anasının yanında idi o uşaq. Bəs o uşaq Mələyin gizlətdiyi bu yalana inanacaq nə etmişdi ? Bu uşağın taleyində Mələyin necə bir yeri var idi? Başqa şərtlər olsa , bəlkə daha asan olardı demək. Bəs indi? İndi biz eyniyik deyən , buna ürəkdən inanan adama gerçəyi necə deyəcəkdi? Gerçəklə üzləşən kim olacaqdı ? Özündənrazı təbəssümü olan Elşad ? Yoxsa anası üçün darıxan uşaq?

Bölüm haqda fikirler? 👐🏻 Diger obrazları növbeti bölümlerden yene göreceyik ❤️

Yarım Qalanlar.Dove le storie prendono vita. Scoprilo ora