Gözlərimi açanda dəniz kənarında bir skamyada oturmuşdum. Və elə indicə yuxudan ayıldım. Bura necə gəlmişdim? Niyə burda yatmışdım? Nə baş verirdi? Yaddaşımda qalan son obrazlarda iş yerimə hücum edən manyak qatil sevdiyim qadını öldürmüşdü. Daha sonra o mənə də atəş açdı. Gerisini xatırlamaqda çətinlik çəkirdim. Ayağa qalxıb camaatın arasıyla özümə yol açaraq getməyə başladım. Sizcə bu insanlardan hansı mənəm? Kostyumlu əlində çanta ilə gedən bığlı kişimi yoxsa sport stildə geyinmiş üzü tüklü oğlanmı? Saçları hafif uzun ucaboy olanmı yoxsa sadəcə qara şalvar və ağ köynək geyinənmi?
İlk öncə özümü sizə tanıdım. Mən qara köynək, cins şalvar və sport ayaqqabıları olan 28 yaşlı, hər qadının arzulayacağı üz və bədən cizgilərinə sahib olan bir kişiyəm. Qısa qara saçlarım və uzun boyum var. Çox insanın dediyinə görə həddindən artıq soyuq gözlərim sifətimə ciddilik qatan yeganə amillərdir. Nə də olmasa sport geyimli psixoloq hər an qarşımıza çıxacaq bir insan deyil.
İndi isə gələk hal hazırda beynimdən keçən düşüncələrə. Yaddaşımın son verdiyi bilgilər mənim işlədiyim plazaya olan hücum və Leylanın ölümü ilə bağlı idi. Sonra mənə atəş açdılar. Atəşdən həmən sonra isə mən burda - bir skamyada oturmuş vəziyyətdə peyda oldum. Bütün mümkün variantları götür qoy etmək ağlıma gəldi.
Birinci variant. Mənə açılan atəş yuxu tapancası ilə edilib. Mən huşumu itirmişəm və hansısa bir zaman kəsiyində qatil və ya başqa bir insan məni bura gətirib. Belə bir mümkün halında ortaya çoxlu sayda suallar çıxır.
Başqa bir variant. Gülləni mənim beynimdən çıxara biliblər ancaq ki, növbəti ömrümü çoxlu sayda hafizə kəsimləri ilə yaşamağa məhkum olmuşam. Beləcə bir sıra şeyləri unutmuşam və bu da hal hazırda mənim beynimi qarışdırmağa kifayət edir.
Üçüncü ehtimal isə ən dəhşətli olanıdır. Mən şizofrenəm. Hər şey mənim beynimin içində baş verir. Beləcə bütün sualların da cavabı aydın olur.
Nəyin necə olmasından asılı olmayaraq bir həqiqət dəyişmirdi. Başıma gələn hər nəysə heç də yaxşı bir şey deyildi.Mən illərlə işlədiyim şirkətin binasını görəndə içimi bir həyəcan bürüdü. Sanki həqiqət anına yaxınlaşırdım. Bir azdan bütün bu qarmaqarışıqlıqdan aydınlığa çıxacaqdım.
İçəri girib receptiona yaxınlaşdım. 5 ilə yaxın mənə demək olar ki, katibəlik etmiş qadın yad bir təbəssümlə üzümə gülümsəyib :
- Buyurun, sizə necə kömək edə bilərəm?
- Nə? Nərgiz mənəm.
- Üzr istəyirəm tanıya bilmədim.Elə bu an kənardan səs eşitdim.
- Coşqun sən haradasan? Telefonunu niyə açmırdın?
Mən çevrildim və qarşımda ortaboylu, ömrümdə heç vaxt görmədiyim bir kişini gördüm.
- Üzr istəyirəm biz tanışıq? - Deyə soruşdum.
O isə dostyana bir ədayla çiynimdən vurub dedi.
- İndi zarafat vaxtı deyil. Onsuz da səni gözləyib kifayət qədər gecikmişik.Mən artıq qeyri ixtiyarı olaraq bu adamla birgə koridorda irəliləyirdim.
- Hə Coşqun vərəqə baxacaqsan yoxsa çıxışını tam əzbərləmisən?
- Nə çıxış?
- Coşqun...Artıq dözə bilməyib onun yaxasından yapışıb divara sıxdım.
- Mənə bax kimsən sən? Məni hardan tanıyırsan? - deyəsən onun boz kostyumunu kifayət qədər əzirdim.
- Coşqun sən neyləyirsən?
- De görüm kimsən sən?
- Axı nə olub sənə?Üzündən tutdurduğum zərbə gözünün altında kiçik şişin yaranmasına bəs etdi. O söyüş söydü və mənim üstümə qışqırdı :
- Sən dəli olmusan? Neyləyirsən?
- O biri gözünün də şişməsini istəmirsənsə suallarıma cavab ver. Kimsən sən?
- Mən Elxan. Sənin yeddi illik baş məsləhətçin.Sifətini nişan alıb yenə yumruğumu ilişdirdim.
- Sən mənimlə məzələnirsən? Tez de görüm kimsən sən?
- Coşqun nə olub axı sənə?Bu an arxa otaqdan bir qadın çıxıb qışqırdı:
- Coşqun bəy sakit olun.Mən üzümü ona çevirib qışqırdım.
- Tez nə baş verdiyini başa salın mənə.Elə o an arxadan bizə baxan sarı saçlı oğlanı gördüm. Bu hücumdan qabaq yanıma gəlib silahını mənə verən həmin psixopat idi. Mənim ona baxdığımı görən kimi çevrilib getməyə başladı.
- Dayan - deyə qışqıraraq onun arxasınca qaçdım. Ən son binadan çıxışını gördüm. Bütün bu baş verənlərə aydınlıq gətirəcəyinə inanaraq çıxışa doğru götürüldüm. Qapıdan çıxar çıxmaz gördüyüm mənzərə ilə geri sıçradım. Çünki düz mənim qarşımda sürətlə gələn iki maşın bir birinə çırpıldı. Maşınlardan biri olan ağ mersedes çevrildi və yanmağa başladı. Növbəti saniyələrdə baş verən güclü partlayışın dalğası məni yerə çırpdı. Maşınların hissələri sağıma və soluma yağış kimi yağsa da xoşbəxtlikdən heç biri üstümə düşmədi. Yanan ət və təkər iyi burnumu qıcıqlandıranda dərk etdim ki, ikinci partlayış olmadan qaçmaq lazımdır. Yenicə ayağa qalxmışdım ki, növbəti partlayış oldu və məni dalğa daha uzağa tulladı.
- Lənət şeytana.Huşumu itirmədən həmən öncə beynimdən keçən son fikir - buna sual da demək olar - harda olduğumla bağlı idi.