Gözlərimi açanda bir xəstəxana palatasında idim. Həkim başımın üstündə dayanıb mənə baxıb gülümsəyirdi.
- Necəsiniz Coşqun bəy - gənc olmağına baxmayaraq kifayət qədər savadlı bir insan təsiri bağışlayan bu həkim nəzakətlə soruşdu.
Beynimin yetəri qədər qarışıq olmağına baxmayaraq huşumu itirməzdən qabaq olanları xatırlayırdım. İllərlə birgə işlədiyim insanlar məni tanımır və mənim heç tanımadığım insan mənim baş məsləhətçim olduğunu iddia edirdi. Sonra dəhşətli avtomobil qəzası oldu.
- Deyəsən yaxşı deyiləm - həkimin sualına cavab verdim.
- Yaxşı olacaqsınız. Olanları fikirləşməyin. Qatil tapılacaq və cəzasını alacaq.
- Nə? Nə qatil?Həkim bir az duruxdu amma tez özünü toparlayıb soruşdu :
- Hücumu xatırlamırsınız?
- Hücum?
- İş yerinizə olan hücum.Birdən sanki başqa bir dünyada Leylanın ölümünü xatırladım. Bir saniyə gözlərimin dolmasına kifayət elədi.
- Özünüzü yormayın. Hər şey yaxşı olacaq.
- Mənə nə olub? Niyə burdayam? - dəqiqləşdirmək üçün soruşdum.
- Bəxtiniz gətirib. Deyilənə görə tam sizə atəş açılan an epileptik tutmanız başlayıb. Yerə yıxılmaqla güllədən yayına bilmisiniz.
- Nə? Bu absurddur - mən demək olar ki, qışqırdım - epileptik tutmalar üç dəqiqədən çox çəkmir. Mən isə hələ indi ayılıram.
- Yıxılan zaman başınızı zədələmisiniz. İndi ayılmanızın səbəbi budur.Bir anlıq fikrə getdim. Deyəsən bütün daşlar yerinə otururdu. Epilepsiya zamanı bəzən müxtəlif auralar yaxud epileptik hallüsinasiyalar yarana bilir. Xəstə tutmadan həmən öncə gerçəkliyin təhrif olunmuş müxtəlif obrazlarını görə bilir. Deməli mənim iş yerimdəki naməlum vəziyyət və qəza ilə bağlı gördüklərim sadəcə epileptik aura olub. Düzdür indiyə qədər məndə belə bir şey olmamışdı və ümumiyyətlə epilepsiya zamanı görünən hallüsinasiyalar mənim gördüklərim qədər qəliz və gerçəkçi olmur. Amma indiki vəziyyətə ən uyğun gələn variant sadəcə bu idi. Həkimin səsi məni düşüncələrimdən ayırdı.
- Əgər özünüzü yaxşı hiss edirsinizsə çöldə sizinlə danışmaq istəyən biriləri var.
- Polislər yoxsa jurnalistlər?
Həkim güldü və cavab verdi :
- Hələki ancaq polislərdi.
- Gəlsinlər.Həkimin otaqda olmadığı bir neçə dəqiqədə fürsətdən istifadə edərək kədərimin bir qismini gözlərimdən axıda bildim. Leylanı siz düşündüyünüzdən daha artıq bir məhəbbətlə sevirdim. Niyə axı bu gün o mənim işlədiyim yerimə gəldi. Mən onsuz necə yaşayacaqdım indidən sonra. Qapı döyüləndə cəld hərəkətlə gözlərimi silib bacara bildiyim qədər çox toparlanmış görünməyə çalışdım. İki polis zabiti əllərindəki blaknot və qələmlə içəri girdi.
- Coşqun bəy necəsiniz?
- Gördüyünüz kimi - deyə qeyri açıq cavab verdim.
- Yoldaşınızın qatilini tapacağımızdan əmin olun. Müvafiq işləri görürük. Bu arada başınız sağolsun.
- Çox sağolun. Nəsə tapa bilmisiniz?
- Əslində qatil kameralara düşüb. Binaya girişi və binadan çıxıb qaçaraq uzaqlaşdığı görüntülər əlimizdə var. Amma hələdə tapa bilməmişik. Qəribəsi budur ki, biz arxivimizə və qeydiyyat dosyalarımıza baxdıq və bu adam haqqında bir məlumat belə yoxdu.
- Necə yəni?
- Bilmirik. Amma operativ işləyirik. Və tapacağıq. Sizə bir neçə sual vermək olar?
- Əlbəttə buyurun.
- Bir düşməniniz və ya şübhələndiyiniz kimsə varmı?
- Ee yox. Tanıdığım hər kəs mənə dostyana yanaşır.
- Bəlkə hansısa psix pasiyentiniz bunu törədib?
- Düşünmürəm, çünki son dövrlərdə təhlükəli bir pasiyentim olmayıb?
- Otaqların birində biz beretta markalı tapança aşkar elədik.
- Hə - deyərək onun sözünü kəsdim - hücumdan az əvvəl bir oğlan gəlmişdi. Mənə tapançanı verib hücum olqcağını bildirdi. Tapançanı isə dediyinə görə müdafiə olunmağım üçün verib. Kaş onun sözlərini ciddiyə alardım.
Polislər bunu dəftərlərində qeyd edib soruşdular.
- O sizə adını demədi?
- Yox.Daha sonra polislər onun nişanələrini soruşub və məni tezliklə bölmələrində görmək istədiklərini bildirib getdilər.
Paltarlarımı geyindiyim zaman palatamdakı televiziyada özüm haqqında xəbərləri görüb diqqətimi topladım. Anonsda iş yerimə olan hücumdan və məşhur psixoloqun həyat yoldaşının ölümündən danışırdılar. Artıq şübhəm yox idi ki, jurnalistlər bir müddət mənim yaxamdan əl çəkməyəcəklər. Amma sözün açığı bu qədərini də gözləmirdim. Beləki xəstəxanadan çıxan zaman bir neçə jurnalist mənim yolumu kəsib suallar yağdırmağa başladılar.
- Siz kimdən şübhələnirsiniz?
Üzümü mikrofonlara tutub cavab verdim.
- Heç kimdən. Polis öz istintaqını aparır. Ümid edirəm tezliklə yoldaşımın qatili bəlli olacaq.
- İşinizə davam edəcəksinizmi?
- Əlbəttə.
- İndi nə etməyi düşünürsünüz?
Bu yerdə özümü saxlaya bilməyib qışqırdım :
- Hər halda evə gedib ağlayacam.Jurnalistləri yararaq maşınıma oturdum. Onlar üçün ölümün və bir insan faciəsinin heç bir önəmi yox idi. Onlar sadəcə maraqlı və aktual reportaj hazırlamağı düşünürdülər. Maşınımı işə salıb telefonu çıxardım. Artıq xəstəxanadan çıxıb evimə doğru yol alarkən polis rəisi və eyni zamanda da ailə dostum olan Vüsala zəng vurdum.
- Alo Vüsal. Necəsən?
- Çox sağol Coşqun. Xəstəxanadan çıxmısan?
- Hə indi çıxdım. Nəsə tapmısınız?
- Yox heç nə. Kameralarda qatilin üzü aydın düşüb. İndi arxivlərimizə və qeydiyyat dosyalarımıza baxırıq. Hələlik bir şey çıxmayıb, amma narahat olma şəxsən özüm bu işin üstündə dayanmışam.
- Çox sağol Vüsal. Sənə güvənirəm.
- Sən özün yaxşısan bəs?
- Əslində yox. İndi evə gedirəm. Yəqin artıq yas başlayıb.
- Mən də axşam işdən çıxıb gələcəm sizə. Orda da ətraflı danışarıq.
- Səni gözləyəcəm. Hələlik.Telefonu qoyar qoymaz zəng gəldi. Ekrana baxdığımda qaynatam olduğunu anladım.
- Alo.
- Coşqun, oğlum hardasan?
- Gəlirəm Bəşir dayı.Mənim hər şeydən xəbərsiz halda telefonla danışdığım vaxt hücum zamanı ölən katibəm Nərgizin anası ağlaya ağlaya qızının cəsədini qucaqladığı vaxt içəri sarı saçları və göy gözləri olan bir oğlan girdi. O bir müddət tərəddüd edib Nərgizin atasına yaxınlaşdı.
- Salam - dedi qorxa qorxa. - Mənə bilmirəm inanacaqsınız ya yox, amma mən qatilin kim olduğunu bilirəm. Amma artıq heç nəyi dəyişdirmək mümkün deyil. Period davam edir.Leylanın cənazəsi bir an belə olsun çiynimin üstündən enmədi. Sevdiyim qadını özüm öz əllərimlə qəbirə endirdim. Məzarı torpaqladığımız hansısa bir dəqiqənin hansısa bir saniyəsində mən kürəyə söykənib ağlamağa başladım. Kimsə əlini mənim çiynimə qoyub dedi:
- Möhkəm ol Coşqun. Möhkəm ol.Bir neçə il əvvəl Leylagilə özümtək elçi getmişdim. Nə də olmasa valideynlərim və nə vaxtsa mənə arxa dayaq duracaq qohumlarım yox idi. Özüm təkbaşına atasının qarşısına keçib qızını istədim. Əvvəl atası narazılıq eləsə də nəhayət onu razı sala bildik. Nə də olmasa heç kim qızını kimsəsiz bir oğlana vermək istəməz. Uşağımızın hələ olmasını istəmədiyimizdən Leyladan mənə qalan bir yadigar da yox idi. Bunu düşündükcə bir az da kədərə batırdım.
Artıq gecə vaxtı hər kəsdən uzağa çəkilib Oturduğum vaxt telefona zəng gəldi. Vüsal idi.
- Alo Coşqun mən həyətdəyəm. Bura gələ bilərsən?
- Elə mən də həyətdəyəm. Nə olub ki?
- Gəl səninlə bir şey danışmalıyam.
- Tamam gəlirəm. Hardasan?Vüsalın səsi çox həyəcanlı gəlirdi. Sanki nədənsə qorxmuş və ya təəccüblənmişdi. Mən şübhə eləmirdim ki, o qatilin izinə düşüb. Buna əmin idim. Və əmin idim ki, o mənə yeni xəbərlər verəcək. Amma onun olduğu yerə çatanda sadəcə yerdə uzanmış cəsədini gördüm. Əlində sıxdığı şəkil iş yerimə hücum edib Leylanı öldürən qatili təsvir edirdi. Və şəkilin keyfiyyəti ya da ümumiyyətlə görünüşü elə idi ki, asanlıqla söyləmək olardı ki, şəkil bundan bir əsr əvvəl çəkilib.