Biz ağacların arasıyla gedib yerin altına doğru uzanan pilləkənin qarşısında dayandıq. Az əvvəl Leylanın cəsədini görərkən ağlım başımdan çıxmışdı. Elə oradaca səsimi qaldıraraq nə baş verdiyini soruşmuş və izah tələb etmişdim. Onlar əvvəlcə mənə cavab vermirdilər və maşına minib uzaqlaşmağa çalışırdılar. Amma mən onların yolunu kəsib qışqıra - qışqıra bu oyunu bitirməklərini istəyərkən birdən fikirlərini dəyişdilər. Məni özləri ilə bura gətirdilər. Yerə doğru uzanan pilləkənin qarşısına.
- Bura haradı? - Qarabuğdayı, uzun saçlı olandan soruşdum.
- Aşağı düşəcəksən - dedi o - təkbaşına. Yolunu kəsən olsa onlara məni İlyas göndərib deyərsən.
- İlyas səncə bu doğrudur? - Yanında olan qoca ondan soruşdu.
- Məncə doğrudu Kənan. Biz burda nizamı tənzim etmək üçünük. Bu isə açıq - aşkar qarşı çıxır və nizamı pozmaq istəyir. Ona görə həqiqəti bilməlidir.Mən qorxurdum əslində. Nə də olmasa məni aşağı düşürüb öldürəcəkləri heç də qeyri- məntiqi versiya deyildi.
- Bura haradı ki? - soruşdum.
İlyas çevrildi və gülərək cavab verdi :
- Karma. Qədim hind inanclarına görə ölümdən sonrakı cəza sistemi. Biz burda nizamı tənzim edirik.
- Bu dəlixananın baş həkimi yerin altındanmı idarə edir buranı?- istehza ilə soruşdum. - Nizamı tənzim etmək üçün əla yer.
- Bura dəlixana deyil. Və... Buranın nizamını tənzim etmirik.
- Bəs haranın nizamını...
- Suallarını aşağı saxla - qoca Kənan üstümə qışqırdı.Qorxsam da aşağı endim. Bəli, bunu elədim. Bu axmaqlıq kimi görünə bilər, halbuki bir işi eləyib elədiyinə görə peşman olmaq, etməyib etmədiyinə görə peşman olmaqdan yaxşıdır. Prinsip bu idi.
Aşağıda isə məni tamam başqa bir dünya gözləyirdi. Divarlar və döşəmə boz mərmərlə örtülü idi. Künclərdə daş otaqlar və bu otaqlar arası hərəkət edən ağ xalatlı insanlar var idi. Bura tunelə ya da məbədə bənzəyirdi. İçəri neon lampalarla işıqlanırdı. Divarlarda qəribə düsturlar və sxemlər var idi. Kənardakı masaların üstündə qlobus, kainatın kiçik modelləri və süd yolunun yaxud kəhkəşanın şəkilləri var idi. Sağ tərəfə böyük mikroskop qoyulmuşdu. İlk baxışdan insanda belə bir təəssürat oyanırdı ki, burdakı insanlar nəyisə təhqiq edirlər. Mən tuneldə irəlilədikdə kimsə mənə diqqət elədi. Beləki ağ xalatlı və eynəkli, amerika üz cizgilərinə sahib bir kişi yolumu kəsib ingilizcə qışqırdı :
- Dayan, nə edirsən? Bura girmək olmaz.Şükür Allaha ki, ingiliscəni yaxşı bilirdim. Nə də olmasa bir il Londonda kurs keçdiyim olmuşdu.
- Məni İlyas göndərib dedim ona.
- Dəxli yoxdur. Tez çıx burdan.Onun sifətini dağıtmaq istəsəm də ətrafa yığışan digər alimləri və idmançı bədən quruluşuna malik olan insanları görüb sakitliyimi qorumağa çalışdım.
- Məni İlyas göndərib - dedim ona - Nə baş verdiyini bilməliyəm.
- Vaxtı gələndə hamınız hər şeyi biləcəksiniz - bu amerikalı hələdə qarşımda baryer kimi dayanırdı.
- Yox, indi bilmək istəyirəm - qışqırdım - siz kimsiniz? Burda nə işlə məşğul olursunuz?
- Bu dəqiqə burdan çıxmasan...
- Çarlz - arxadan səs gəldi.O çevriləndə mən tipik azərbaycanlı oğlanı gördüm. Xəfif uzun saçları ilə və üzündəki tüklə özündə avropa stili yaratsada azərbaycanlı olduğu çox bəlli idi.
- Burax gəlsin - dedi o.
Çarlz yolumdan çəkildi və mən ona tərəf getdim. Yaxınlaşanda əlini uzadıb özünü təqdim etdi:
- Vasif. Bu gördüyün kiçik idarə mənim sərəncamımdadı.
Mən mənə tərəf uzadılmış əli sıxıb özümü təqdim etdikdən sonra bir otağa keçdik. Otaq çox qəribə bir təsir bağışlayırdı. Mavi işıqlanmanın fonunda divardakı böyük ekranda planetlərin hərəkəti canlanırdı. Tam mərkəzdəki masanın üstündə qəribə sxem və cədvəl var idi. Küncə ağ lövhə və marker qoyulmuşdu.
- Səni dinləyirəm - dedi Vasif kreslosuna oturaraq.
- Bura haradı? - Mən ilk sualımı verdim.
- Buranı dünyada olan hər şeyin vəhdəti olaraq düşün. Bütün xəyalların və reallığın mərkəzi.
- Mənə nağıl açma. İnsan kimi sualıma cavab ver.
- Bunu anlamaq bir az çətin olacaq. Ancaq elədi. Diqqət et. Burda real olan əşyalarla yanaşı qeyri real hadisələr də var. Düşüncənin reallaşması kimi yaxud hər kəsin bura haqqında müxtəlif fikirlərə sahib olması kimi.
- Düşüncə reallaşır ki, burda?- Qəzəblə soruşdum. - Neçə vaxtdır burdan qaçmaq istəyirəm. Amma hələ bu arzum reallaşmır.
- Çünki bunu istəmirsən - o sakitcə qeyd etdi.- öz istəyinlə burdasan. Yadına sal, illər əvvəl məndən kömək istəmişdin. Qəbirstanlıqla olarkən. Hər şeyi dəyişmək üçün.
- Nə? Belə bir şey olmayıb.
- Olub. Məndən kömək istədin. Mən də sənə söz verdim ki, istəyini yerinə yetirəcəm. İndi də sözümü tuturam.
- Məni kimləsə qarışdırırsınız.
- Əsla. Bizim işimizdə səhv olmur.
- Qulaq as - deyə onun sözünü kəsdim - Mənim iş yerimə hücum olmuşdu. Hücumdan qabaq heç vaxt tanımadığım bir insan gəlib məni xəbərdarlıq elədi. Hər şeyi dəqiqliyi ilə dedi. Daha sonra mənim dostum öldürüldü və özüm də zorla bura gətirildim. Sizi bundan qabaq nə tanımışam nə də kömək istəmişəm.
- Coşqun - dedi və ayağa qalxaraq lövhəyə tərəf getdi. Markeri əlinə götürüb ora üçbucaq şəkli çəkdi. - Burda nə görürsən- məndən soruşdu.
- Üçbucaq - deyə qeyri ixtiyarı cavab verdim.
- Bu bir üçbucaq deyil. Bu üç düz xəttin şəklidir. Sadəcə bu xəttlərdən birinin sonu digərinin başlanğıcıdı.
- Bunun bizim söhbətə nə dəxli var? - Səbr kasam daşmış halda soruşdum.
- İzah edirəm. Bu düz xəttlərin hər birini bir küçə olaraq düşün. Birinci küçənin sonu ikinci küçənin başlanğıcıdı. İkinci küçənin sonu üçüncü küçənin başlanğıcıdır. Üçüncü küçənin sonu isə birinci küçənin başlanğıcıdı. İndi də bu küçələr boyu hərəkət edən bir insan düşün. O durmadan bu üç küçə boyunca hərəkət edərək eyni küçələrdən təkrar - təkrar keçir. Lakin hər periodun başlanğıcında yaddaşını itirir və bu üzdən hər dəfə bu küçələri ilk dəfə gördüyünü düşünür.Qaşlarımı çatıb soruşdum:
- Yəni?
- Düz xətt bir müstəvi üzərindəki nöqtələrin sıra ilə düzülüşünün vəhdətidir elə deyilmi? Bizim misalımızda müstəvi zamandı, nöqtələr bu zaman kəsiyində yerləşən hadisələr, düz xətt boyunca hərəkət edən insan isə sənsən. Nəsə anlayırsan?
- Yox - deyə başım qarışmış halda cavab verdim. - Bu cəfəngiyyatdır.
- Deyil. İş yerinə olan hücumu sən əslində iki....Ayağa qalxaraq pasiyentimin əlini sıxdım.
- Narahat olmayın. Hər şey düzələcək. Siz güclü qadınsınız.Pasiyentim təşəkkür edərək otaqdan çıxdı. Mən yorğun halda kresloma atdım özümü. Səhər evdəki gərgin vəziyyəti xatırladım. Deyəsən Leylanın xətrinə bərk dəymişəm. Eybi yox. Evə gedərkən bir gül ilə işləri həll edə bilərəm. Anasının xəstəliyi onu bir xeyli üzüb və aqressivləşdirib. Həyatımın artıq neçənci anı idi ki, Freydin nə dərəcədə dahi olduğunu və şüuraltını nə dərəcədə doğru izah elədiyini düşünürdüm. O şüuraltıda dağıdıcı effektin olduğunu qeyd edərək bildirirdi ki, insan xoşagəlməz hadisələrlə üzləşdikdə kənardan gələn hər bir qıcığı mənfi stimul kimi qiymətləndirir. Beləliklə ən sadə hala belə aqressiv reaksiya göstərir. Məsələn, bizim başımıza bədbəxtlik üz verən zaman biz təkqalmaq istəyirik və bir insan bizim təkliyimizi pozub ən adil bir söz deyəndə belə əsəbləşirik. Bu düşüncələr dənizində üzdüyüm zaman aşağı mərtəbədən eşidilən gurultu məni reallığa qaytardı. Sonra daha bir səs eşidildi. Sonra daha biri. Onda anladım ki, bu atəş səsləridi. Tez çölə çıxdım və katibəmdən nə baş verdiyini soruşdum. O durub baxmaq istəsədə icazə vermədim.
- Burda qal. Özüm aydınlaşdıraram - deyib pilləkənlərlə aşağı doğru şığıdım. Və nəhayət əli silahlı qatillə üz-üzə dayandığım vəziyyət alındı. Cəld tərpənərək özümü yan tərəfdəki otağa atdım. Beləcə məni öldürmək potensialı olan güllədən sağ qurtula bildim. Elə o an telefonum cibimdə titrəməyə başladı. Zəng edən Leyla idi.
- Alo Coşqun. Sənin iş yerinə gəlmişəm. Biz bir məsələ barədə danışmalıyıq.
- Leyla içəri girmə - deyə qışqırsam da artıq gec idi. Səsini eşitdiyim güllə Leylanın səsini kəsdi.Vasif qəribə baxışlarla mənə baxıb soruşdu:
- Coşqun nəsə yadına düşdü?