25 hissə

418 66 6
                                    


Heç cürə düşdüyüm vəziyyətə məna verə bilmirdim. İndi bütün bunlar nə demək idi? Ayazın qolları arasında ətrafa gülüş saçan şirin qız qəribə hisslər oyatmışdı məndə. Bu uşaq kim idi?

"Bax, sənə gətirəcəyimi söz verdiyim böyük Qırmızı" - dedi Ayaz kiçik qıza məni göstərərək. Gətirəcəyini söz verdiyi...? Burada nə baş verirdi?

Üzündə geniş gülümsəmə yarandı balacanın - "Sən o san!" - Ayazın boynuna doladı qollarını - "Gətirdin, Ayaz!" - dedi böyük sevinclə. Mən isə eləcə qalmış, söhbətin nədən getdiyini anlamağa çalışırdım. Əslində mövzu mən idim, ancaq tək anlamayanda mən idim.

Şirin qız geri çəkildi. Kiçik əli ilə saçıma toxundu - "Sənin də saçın qırmızıdı" - dedi iri-iri açılmış gözlərlə ilahi bir gücdən danışırmış kimi. Gülümsədim.

"Səninki kimi" - deyib saçlarımda gəzinən kiçik əlini dodaqlarıma götürdüm. Üzündə geniş gülümsəmə yarandı.

"Adın nədi?" - deyə soruşunca bir anlıq baxışları Ayaza döndü.

"Aysu. Ancaq bilirsən, Ayaz mənə də Qırmızı deyir" - dedi qürurla. İçimdə qəribə hiss yarandı. Qısqanclıqmı? Ayaza qısa baxış atdım.

"Bilirəm" - səsim qəribə olsa da sərt çıxmışdı. Elə mənə də bu maraqlı idi. Bütün bu insanlar kim idi? Niyə bura gəlmişdik? Nə baş verirdi?

"Ayaz, xoş gəlmisən" - qulaqlarıma dolan incə qadın səsi özümə gətirdi məni. Cəld gözlərimi qapıda dayanan qadına çevirdim. Ayazdan bir neçə yaş böyük olardı. Diqqətlə üz cizgilərini incələdikdə gözəl biri idi, ancaq baxımsız görünürdü. Topladığı gur, qara saçının bir hissəsi üzünə tökülmüşdü. Və ən əsası isə onun da üzündə geniş gülümsəmə var idi. Eynilə Ayazın və kiçik, şirin qızınkı kimi. Bir anlıq özümü bu üçlük arasında artıq biri kimi hiss etmişdim.

"Salam" - dedi qadın sual dolu nəzərlərini mənə sabitləyərkən. Cavab olaraq dodaqlarımı qıvırıb başımı salladım. Bir an öncə düşdüyüm bu anlaşılmaz vəziyyətdən çıxmağı ümid edərək Ayaza çevirdim baxışlarımı. Nə demək istədiyimi anlamış olacaq ki, boşda qalan əli ilə əlimdən tutdu.

"Nişanlım, Suay" - dedi qadına. Ayazın ağzından çıxan sözəmi təəccüblənim, yoxsa qadının üzündə yaranan geniş gülümsəməyəmi bilmədim. Sadəcə ikisi arasında gedib gəlirdi baxışlarım.

"Sonda, tanış ola bildik. Xoş gəlmisən, Suay" - deyə qadın istiqanlıqla məni qolları arasına alıb iki yanağıma da öpüş qondurdu. Qəribə şəkildə mən də üzərimdəki çaşqınlığı atıb gülümsəməyə başladım.

"Xoş gördük"

"Gəlin, keçin içəri. Üşümüsüz yəqin" - kənara çəkilib yol açdı bizə. Ayaza baxdım tərəddütlə. Anlayışla gözlərini yumub açınca içəri daxil oldum. Birlikdə ayaqqabılarımızı çıxarıb qadının uzatdığı ev ayaqqabılarını keçirdik ayağımıza. Üzərimizdəki gödəkçələri çıxarıb yandakı asılqandan asdıq.

Sonra xanımın arxasınca nazik, uzun dəhlizdən keçib başqa otağa daxil olduq. Bura biraz daha isti idi. Dördkünc, kiçik otağın bir küncünə yeni olduğu bəlli olan divan və yanına bir kreslo qoyulmuşdu. Qarşısında isə kiçik masa var idi. Dəmir çıxış qapısı kimi bu əşyalar da evə yad qalmışdı.

"Buyurun, əyləşin" - dedi xanım rahat divanı işarə edərək. Üzündə hələ də eyni səmimi gülüş var idi. Ayazla birlikdə göstərdiyi divanda əyləşdik. Kiçik, qırmızı qız hələ də Ayazın qucağından enməmişdi. Ayaza nəsə danışır, Ayaz isə maraqla onu dinləyirdi.

Qırmızı (Tamamlandı)Where stories live. Discover now