Kamal yenidən geri dönmüşdü. Onunla itirdiyimiz günləri bərpa etmək üçün görüşür, söhbətlər edirdik. Günlərdir zamanın necə keçdiyini hiss etməmişdik. Bu zaman ərzində darıxdığım bir insan var idi. O da Murad idi. Keçən günlər ərzində Muradla demək olar ki, kəlimə kəsməmişdik. Onun nə düşündüyünü, niyə məndən uzaqlaşdığını bilmirdim. Bəlkə də yenidən xəstəliyinə görə məndən qaçırdı. Çünki son bir ay ərzində dəfələrlə epileptik tutması olmuşdu. Tutmaların bu qədər artması normal deyildi. Həkim nəzarətdə saxlayır, məsləhətlər verirdi. Xəstəliyinin şiddətlənən bu dövründə onu tək buraxmaq istəmirdim, amma bu səbəbə görə onun məni özündən uzaqlaşdırmasını da istəmirdim. Onun çətin anlarında yanında olmaq, ona dəstək olduğumu xatırlatmaq istəyirdim.
Münasibətlərimizdə mən onun xəstəliyini problem kimi görmürdüm. Hətta onun xəstəliyi mənim üçün önəmli də deyildi. Mən üçün əsas olan o idi, başqa heç kim.
Ən çətin günlərimdə onun mənimlə olduğunu bilirdim, bunu hiss edirdim. Amma o eynisini etmək üçün mənə izn vermirdi, şans tanımırdı.Günlər keçirdi, lakin onu görə bilmirdim. Artıq işə belə gəlmirdi. Dəfələrlə telefonuna zəng vursam da cavab vermirdi.
•••
-Kamal, onun harda olduğunu bilmirsən?
Kamalın onun barədə xəbərdar ola biləcəyini düşünərək yanına getdim.
-Yox, ondan xəbərim yoxdur.
Səsi yalan danışdığını biruzə verirdi.
-Kamal, mənə düzünü de! Yalan dediyini bilirəm!
Çənəsini əli ilə qaşıyıb gözlərini qaçırdı. Gülümsəyib dedi:
-Niyə yalan deyim ki? Məgər bilmirsən ki, Muradla aram yaxşı deyil?
Getdikcə səbrimi daşırırdı.
-Kamal! İkimizdə bilirik ki, hadisələrin üstü açılandan sonra səni bağışlamışdı. İndi isə mənə düzünü de, o yaxşıdı?
-Sadəcə bunu deməyə icazəm var, o yaxşıdı. Narahat olmağa dəyməz.
Demək doğurdan da Kamalın Muraddan xəbəri var idi. Amma axı niyə Murad məndən qaçırdı? Onu özümdən uzaqlaşdırmağa vadar edəcək nə günah işləmişdim ki?
Mənə yalnız "yaxşı" olduğunu xəbər verməyə icazə vermişdi. Özü bir dəfə zəng edib bunu öz diliylə deyə bilməzdimi? Bu günlər ərzində bir dəfə də olsun mənim üçün darıxmamışdımı?... Söz tapa bilmirəm. Yaşadığım xəyal qırıqlığını ifadə edə bilmirəm...~•~•~•~•~•~
İşdən çıxıb birbaş evə gəldim. Qapını döyməyə başladım. Artıq əvvəlki kimi qapını döymək üçün gizli şifrəmizdən istifadə etmirdim. Əvvəllər anam qapıdakının mən olduğunu bilsin deyə xüsusi melodiya ilə döyürdüm. Amma indi buna ehtiyac qalmamışdı. Anam atamla barışdığına görə artıq atam evimizə köçmüşdü. İndi onunla münasibətlərimiz yaxşı idi. Gerçəkləri öyrəndikdən və qəbul etdikdən sonra ona etdiyim hərəkətlərin yalnış olduğu qənaətinə gəlmişdim. Onun bu günə qədər susub məni düşünməsi belə böyük bir yaxşılıq idi.
Keçmiş keçmişdə qalmışdı. İndi geri dönüb onları xatırlamağın bir mənası yoxdur. Çünki geri dönüb baş verən hadisələri dəyişə bilmərik. Sadəcə bu günümüzü gözəl yaşayıb gələcəyimizi şəkilləndirə bilərik. Mən bu günümüzü yaşamağı tərcih etmişdim.
ESTÁS LEYENDO
Son dəfə...
RomanceBir yanda kiçik qəza ilə bütün həyatı dəyişən Səbinə, bir yanda isə həyatda bütün gözəlliklərdən əlini üzmüş Murad. Səbinə öz həyat sevgisi ilə Muradın diqqətini çəkə biləcəkmi? Murad hələ də vəfat etmiş keçmiş sevgilisi Səbinəni sevərkən qarşısına...