Dəniz... Dəniz hər insan üçün əvəzolunmaz mənzərədir. Dünyada dənizi sevən, hətta onun dalğalarında üzərək özünü dənizlə bir hiss edən insanlar çoxdur və hətta məzarları dəniz olan insanlar da çoxdur.
Gözlərim yenə dənizə baxaraq yol çəkirdi. Amma mən dənizi sevdiyim üçün ona baxmırdım, mənim ona baxmağım üçün daha önəmli səbəblərim var idi. Hətta deyə bilərdim ki, mənim dənizdən zəhləm gedir. Ona nifrət edirəm...
Nə qəribə təsadüfdür, adı "Dəniz" olan qızın dənizi görməyə gözü yoxdur.Dənizə arxamı dönüb, yavaş-yavaş addımlarımı tezləşdirdim. Nədən qaçdığımı bilsəm də bunu düşünmək, dilə gətirmək istəmirdim. Bəzən insanın problemlərindən qaçmasının ən yaxşı yolu çox düşünməməyə çalışmaqdır.
Xatırlayıram uşaq vaxtı kiçik bir sirrim olanda- bu çox vaxt hansısa qabı sındırmaq olurdu- bunu anama demək istəyirdim. Amma sonra mənə hirslənəcəyindən qorxub gizlədirdim. Sonra isə gecə yatmağa gedəndə gözümə yuxu getmirdi. Nə qədər çalışsam da olmurdu. Sonradan kəşf etdiyim üsul sayəsində ürəyimdəki narahatlıq az da olsa yox olurdu. Bu üsul- DÜŞÜNMƏMƏK idi. Bacardığım qədər sındırdığım qab haqqında az düşünürdüm. Ürəyimdə mahnı oxuyurdum, vurma cədvəlini təkrarlayardım və yaxud son çarə olaraq xəyal qurmağa çalışırdım.Evə nə zaman gəlib çatdım, bilmirəm. Mənə yad olan küçələrdən keçib, sevmədiyim binalara, qonşulara fikir vermədən qapıya yaxınlaşdım.
4 il öncə köhnə məhləmizdən köçmüşdük.
Qapını döyməyimə ehtiyac qalmadan anam qapını açdı. Yəqin ki pəncərədən baxarkən gəldiyimi görmüşdü.
- Günün necə keçdi?
Cavab verməyə həvəsim yox idi. Çox yorğun hiss edirdim.
Ayaqqablarımı çıxararkən bir yandan da aynada öz əksimə göz gəzdirdim: saçlarımın ucları küləkdən bir-birinə qarışmışdı, soyuq hava burnumun ucunu, yanaqlarımı pomidor kimi qızartmışdı, başımdakı papaqla başımın arasında buz parçası vardı sanki, o qədər üşümüş hiss edirdim, yəni.
Qonaq otağına keçərkən anam yenə suallarını ard-arda sıralayırdı.- Yaxşısan?
Cavab verə bilmədim. Yaxşıyammı?
- Çay istəyirsən?
Nə istədiyimi bilmirəm.
- Bu gün niyə elə tələm-tələsik çıxdıq ordan?
Əsil maraqlandığı söhbətin bu olduğunu bilirdim.
- Yaxşı həkim deyil.
- Necə ola bilər? Sürəyya çox tərifləyirdi, deyirdi ki, ən yaxşı, ən tanınmış psixoloqlardan biridir. Pasientlərindən biri belə şikayətçi deyil ondan.
Axı neyləyim?
- Həm də ilk seansdan necə qərar verdin ki ?
Sadəcə... Bir səbəbi yoxdur. Sadəcə keçmiş xatirələrimi deşməyin adı yoxdur. Onsuzda yaşadığım, yaşadıqlarım mənə yetər.
- Danışmayacaqsan? Bütün günü belə susub oturacaqsan?! Hətta nəyinki "bütün günü" , bütün ömrün boyu belə olacaqsan?
Səssizlik... ehtiyacım olan yalnız budur, ana.
- Yatmaq istəyirəm, yorğunam.
Anam qollarını sinəsinin altında bir-birinə bağlayıb, üzünə narazı ifadə yerləşdirdi.
- Sən elə ancaq yat.
Onu qucaqlayıb yanağından öpüb ayağa qalxdım.
- Hə, ana. Bu dəqiqə ehtiyacım olan səssizlik, susmaq və yuxudur.
YOU ARE READING
Unutsam xatırlat
Romance"O, şimal və cənub qütbü qədər, isti və soyuq qədər fərqli idi. O, özün-özündən saniyələr ərzində fərqlənirdi. Sevdiyim adamın fərqliliyi məni ondan ayırmağı bacarmadı. Yanında qaldım və mübarizə apardım". Atası və anası ilə bir evdə yaşayan Dəniz a...