4 il sonra
Çox qəribədir, o qədər insanlar içində gözlərim səni gəzir, səni arayır və nə qəribədir ki, bu ürək səni bir daha görə bilməyəcəyini bilərək döyünür.
Bir zamanlar sənsiz yaşaya bilmərəm demişdim, amma nə üzsüz canım var ki, hələ də yaşayır...- Müəllimə, sizə bir sual verə bilərəm?
Məktəbin koridoru boyunca mənimlə yanaşı gedən kiçik qızın səslənməsi ilə ona baxdım: birinci sinif şagirdinə oxşayırdı. Saçlarını yandan iki dənə hörüb çiyinlərindən sallamışdı. Uzun kiprikləri arasından mənə baxan iri gözləri sualına cavab gözlədiyini bəlli edirdi.
- Əlbəttə,- dedim gülümsəyərək.
Balaca qız önümə keçib dedi:
- Müəllimə, sinifimizdəki oğlan deyir ki insanlar qocalanda ölür. Düzdü?
Ölümün nə demək olduğunu bu balaca qıza necə izah edə bilərdim?...
- Düzdü, amma...,- hələ də nə deyəcəyimi bilmirdim. Ölümün həyatın bir parçası olduğunu bilməyən kiçik bir qıza izah etmək onu yaşamaqdan daha çətin idi.
- Mən də qocalanda öləcəm?,- baxışları "Qorxuram" deyirdi.
Kiçik qızın əllərindən tutub dedim:
- Adın nədi?
- Firuzə...
- Bax, Firuzə, insanlar doğulandan qocalana kimi böyüyürlər. Amma bəziləri böyümək istəmir və yarı yolda bu oyundan çıxırlar.
- Bəs onlar hara gedirlər? Sinif yoldaşım deyir ki, Allah baba onları öz yanına aparır.
- Hə, o düz deyir... Hər biri ora gedir.
- Bəs onlar qorxmurlar?
Susdum... Bu suala cavab verə bilməzdim. Özüm belə bunu bilmirdim. Ölənlər qorxurdularmı?
Tənəffüsün bitməsi üçün çalınan zənglə balaca qızla sağollaşıb Vüsalla olan psixoloji seansa tələsdim. Bir daha gecikmək istəmirdim, amma gedəcək həvəsimin olmadığı da açıq-aşkar görünürdü.
Avtobusa minib əyləşəndə maşının pəncərəsindən çölə baxdım. Maşın irəlilədikcə hər şey geridə qalırdı: binalar, ağaclar, yollar və insanlar... Eynilə həyata bənzəyirdi. Mən yaşadıqca hər şey geridə qaldı: illər, günlər, xoşbəxtlik, atam və Araz... Hər biri mən yaşadıqca keçmişdə qaldı və mən yaşamaqdan qorxar hala gəldim.Yarım saat sonra...
Vüsal çayından içərkən yağan yağışa baxaraq gülümsəyirdi, mənim onu izləməyimdən xəbərsiz...
O, çox xoşbəxt görünürdü. Bəlkə də həyatı mənimki qədər çətin keçməmişdi. Bəlkə də beş nəfərlik ailədə evin ən kiçik oğlu idi, ailəsinin ən sevimlisi. Atası hər gün evə gələrkən övladları onu qarşılayır, birlikdə axşam yeməyi yeyirdilər. Bəlkə də Vüsal Universitet vaxtı aşiq olduğu qızla ailə qurmağa hazırlaşan gənc idi.
Beynimdə qurduğum senaridə Vüsal çox xoşbəxt idi, çünki üzündəki gülümsəməsi o qədər gümrah idi ki, kimsə nə zamansa onun gülümsəməsindən, ürəyindən yaralandığını iddia edə bilməzdi. Mən də iddia etmədim.- Bu gün gözəl gündür...,- deyən Vüsala baxdım, daha sonra isə baxışlarımı pəncərədən axaraq rəqs edən yağış damlalarına saldım.
- Yağışı sevirsən?
Gözlərim doldu, amma göz yaşlarıma inad gülümsəyib dedim:
YOU ARE READING
Unutsam xatırlat
Romance"O, şimal və cənub qütbü qədər, isti və soyuq qədər fərqli idi. O, özün-özündən saniyələr ərzində fərqlənirdi. Sevdiyim adamın fərqliliyi məni ondan ayırmağı bacarmadı. Yanında qaldım və mübarizə apardım". Atası və anası ilə bir evdə yaşayan Dəniz a...