Doqquzuncu fəsil

375 48 33
                                    

Siz ümumiyyətlə həmişə tənha olmağın nə demək olduğunu bilirsinizmi? Mən bilirəm. Bu yaxşı və pis gündə dərdini və sevincini bölüşəcək bir adam tapmamaqdır. Bu sadəcə sənlə pis davranmaq və səni görmək istəməmək deyil. Bu səni ümumiyyətlə saya salmamaq və səni görməməkdi. Ona görə şairlərin tənhalıqdan bəhs edən şeirlərini oxuya bilmirəm. Çünki heç kim bilməsədə mən bilirəm. Onların yazdığı tənhalıq deyil. Bu sözün həqiqi mənasında artistlikdir. Tənhalığın nə demək olduğunu mən bilirəm. Ancaq mən.

Bilirsinizmi mən əslində bir neçə il valideynlərimə haqq verirdim. Qardaşımın ölümündən çəkdiyim vicdan əzabı məni vadar edirdi ki, buna layiq olduğumu düşünüm. Və onda özümə söz vermişdim. Nəyin bahasına olursa-olsun valideynlərimin gözünə girəcəkdim. Əlimdən gələni edirdim. Nəticə olaraq məktəbdən mənim kimi oğul yetişdirdiklərinə görə valideynlərimə ünvanlanmış təşəkkürnamə aldım. Onu anama təqdim edəndə o laqeydlik göstərərək kağızı bir kənara qoyub :
- Boş şeydi - dedi. Amma mən evə hansı ümidlərlə gəlmişdim onu bir o Yaradan bilir.Gecə qaranlığıma çəkilib ağladım.

Bədbəxtlik mənə yenidən qayıtmışdı. Özümə heç yerdə iş tapa bilmirdim. Düzdür Elşən birgə yediyimiz yeməklərin pulunu ödəyirdi. Amma mən evə gələrkən cəhənnəmə düşürdüm. Gecə acsam yemək, susasam su tapa bilmirdim. Bir dəfə susayanda Elşənin öyrətdiyi metoddan istifadə edərək küçəyə çıxıb qapıları bir bir döyüb su istədim. Heç kim qapını yad adamın üzünə açmadı və mən məcbur qalıb kor dilənçinin pullarını oğurladım.

Məsələ bundadır ki, varlı olmaq təkcə maşınlara və villalara məxsus olmaq deyil. Varlı olmaq sizi həm də yaxşı insan edir. Siz beləcə ehtiyacı olanlara kömək edə bilirsiniz. Siz saysız-hesabsız savablar qazanırsınız. Həqiqət bu idi.

Mən kommunal borclarımı ödəmədiyimdən işıq, istilik və su sistemlərim kəsilmişdi. Soyuqdan dona - dona qaranlıq gecələrdə səhərin açılmağını gözləyir və günəş öz şüaları ilə səma hakimiyyətinin taxtında bərqərar olandan sonra mən qaçaraq çölə çıxır və günəşin şəfəqləri altında qızınırdım. Sonra gün boyu Elşənin gicliklərini çəkməyə məcbur idim. O məni uzaqdan gələn maşının qabağından son anda keçməyi məcbur edirdi. Sürücü başını pəncərədən çıxarıb söyür və biz qaçırdıq.
Bu mənim də xoşuma gəlirdi. Çünki o məni də dəli eləmişdi.
Bir gün Elşən mənim əhvalımın pis olduğunu görüb fikrimi yayındırmaq qərarına gəldi. O tez bir zamanda haralarasa zəng vurub nə üçünsə icazə aldı. Sonra yenə zəng edib kimlərəsə tapşırıq verdi. Mən onu eşitmirdim, çünki otaqda yox idim.

Kimin ağlına gələrdi ki, Elşənin vertolyotu var. Amma var idi. Biz bu " çəyirtkədə " oturub Xəzərin üstü ilə uçurduq. Mən bu uçuşa rəğmən hələdə bikef və həyatdan qopmuş vəziyyətdə idim. Vertolyotun pərlərinin çıxardığı gurultuya görə biz qışqıra - qışqıra danışırdıq.
- Vüsal niyə görə əylənmirsən? Həyatın dadını çıxar da - o deyirdi.
- Həyat? Sən buna həyat deyirsən? Bu zibillikdi. Sən heç nə bilmirsən Elşən. Mən necə yaşayıram sən bilmirsən. Sən varlısan, pullusan və özündən fəlsəfə kəşf edirsən. Amma buna haqqın yoxdur. Əsl fəlsəfə bizimdir. Çünki həyatın əsl üzünü biz görürük.
- Mən də görmüşəm - Elşən sakitcə qeyd etdi - indiki həyat və düşüncə tərzimi onda formalaşdırmışam.
- Anlamırsan Elşən.
- 220 İQ - a malik bir dahi olaraq dediklərinin hamısını çox yaxşı anlayıram əslində. Xüsusən də bu yollardan özümdə keçdiyim üçün.
- Keçsəndə unutmusan Elşən.
- Dünən kimi yaxşı xatırlayıram əslində, amma danış.
- Sən heç ölmək istəmisən Elşən?
- Yox. Heç vaxt. Və bu mənim uğur sirrimdi. Heç vaxt ümidimi itirmədən və heç vaxt həvəsdən düşmədən mübarizə apardım həyatla. Və uğur qazandım. Başa düşürsən? Taleyimi dəyişdirdim. Alın yazımı məğlub elədim. Amma heç vaxt ölmək istəmədim. Çünki bu təslim olmaqdı.
- Amma mən istəyirəm Elşən. Mən özümü öldürmək istəyirəm.
- Və sənə nə mane olur?

Mən bir az duruxduqdan sonra dedim :
- Yəqin ki, Allahdan qorxum. O dünyanı da itirmək istəmirəm.
- İntihar etmədən də ölmək mümkündür.
- Nə? Necə?

Elşən qəfil vertolyotun qapısını açıb məni çölə itələdi. Mən reflektor olaraq əlimi atıb vertolyotun pilləkənindən yapışıb kilometrlərcə yüksəkdə asılı durdum.
- Elşən sən neyləyirsən? Qaldır məni.
- Sən ölmək istəmirdin? Fürsəti dəyərləndir.
- Başlatma anandan. Qaldır məni Elşən. Mən həqiqətən də ölə bilərəm.
- Məgər sən də bunu istəmirdin?
- Elşən əlim sürüşür. Bunları sonra danışarıq.
- Səni qaldırmayacam. Ömrün boyu bunu istəmisən. İndi həyatında ilk dəfə cəsarətli addım ataraq əlini burax və küləyə çevril.

Mən qorxudan ağlımı itirmək üzrə idim. Amma artıq mən də bezmişdim. Əlimi buraxdım.
" Ümid edirəm sən də çox yaşamayacaqsan Elşən "

Mən sürətlə aşağı düşürdüm. Güclü külək axını nəfəsimi kəsirdi. Mənsə ömrümdə birinci dəfə rahatlığa qovuşurdum. Mən küləyə qarışırdım. Qəribəsi bu idi ki, mən qışqırmırdım.
Sonra bütün varlığımla suya çırpıldım. Sanki eyni zamanda minlərcə bıçaq bədənimə sancıldı. Mən dənizin dərinliklərinə və qaranlığına qərq oldum.

Əslində yüksəkdən suya tullanmaq da asfalta tullanmaq qədər təhlükəlidir. Təsəvvür edin, milyonlarla su molekulu eyni zamanda bədəninizə çırpılır. Bu çox ağrılı və ağır xəsarətli olur. Deyirlər dənizdə boğulmaq ölümlərin ən işgəncəlilərindəndir. Təzyiqlə su ağıza dolur və bir neçə saniyə ərzində mədə, ağciyər partlayır. Daha sonra siz səmaya qovuşursunuz.

Amma mən qaranlığa qovuşdum.........

- Ayıl. Nə zəif oğlansan sən belə.

Gözlərimi açanda balıqları yox, Elşənin sifətini gördüm. O mənə tərəf əyilmişdi. Mən yumşaq bir yerdə uzanmışdım. Ətrafda hər şey dalğalanır və bədənimdə ağrımayan yer yox idi.
- Bura haradı? - Deyə ağzımdan bu kəlmələr çıxdı.
- Hər halda dənizin dibi deyil.
Bura mənim evim idi.

Sonra Elşən danışmağa başladı.
Sən demə Elşən əvvəlcədən bir neçə dostuna tapşırıq verib qayıqda gözlətdirib. Yuxarıdan dənizə düşən məni də onlar xilas ediblər.

- Elşən niyə belə elədin?
- Sənə əslində ölmək istəmədiyini başa salmaq istədim. Sənin üçün həyat çox qiymətlidir.
Mən nəsə demək istədim amma taqətim yox idi. Huşum belə üstümə tam gəlməmişdi. Amma artıq bir şeyə əmin idim. Mən yaşamaq istəyirdim. Sürünmək yox yaşamaq. Çünki yadımda idi, mən yuxarıdan aşağıya düşərkən nə hisləri keçirmişdim. Mən qorxurdum. Ölməkdən yox, yaşaya bilməməkdən qorxurdum. İndi qərara gəlmişdim. Mən də sıfırdan başlayaraq hər şeyə nail olacaqdım. Bunu bir nəfər eləmişdi artıq. Elşən eləmişdi. Deməli mən də eləyə bilərdim. Elşən əlimdəki kitabdan bir səhifə açıb danışmağa başladı.
- Gör Bəxtiyar Vahabzadə nə yazır.

Dünən qoca bir qarı
Dilində ahu zarı
Ölmürəm ki, bir dəfə canım qurtara dedi
Ürəkdənmi söylədi görəsən bu sözləri
Xeyir inanmıram mən o yana yana dedi
Dilində söyləsə də ürəyində o dərhal
Lənət şeytana dedi

Elşən kitabı örtüb monoton səslə dedi :
- Məni bağışla amma son vaxtlar ancaq ölümdən danışırdın. Sənə həyatı ancaq belə bir üsulla başa sala bilərdim.
Mənim dəli dostum nə qədər ki, ölmək üçün yaşayacaqsan sənin həyatın da ən azı ölümün qədər qorxulu olacaq.

O bunu deyib getdi. Qapını arxasıyca örtdüyünə baxarkən yenidən huşum getdi. Amma Elşən getdi. Və mən onda bilmirdim ki, hələ onu uzun müddət görməyəcəm.

Mənim qaranlıq dünyamWhere stories live. Discover now