On dördüncü fəsil

286 43 1
                                    

- Gəl bura. Axır ki, ilişdin - atası qızına müraciətlə dedi.

Amma əsl cəhənnəm mənim içimdə baş verirdi. Qarşımda iki seçim vardı. Birinci seçimin adı Səbinəni unudub özünü qurtarmaq idi. Bunun üçün bir çox şey eləmək olardı. Qaça bilərdim, yalvarıb heç bir günahımın olmadığını deyə bilərdim. Amma maraqlı idi, görəsən qızını öldürmək üçün öz səlahiyyətlərindən sui-istifadə edən bu insan məni rahat buraxardımı? Bu qədər aqressiv insan ilk növbədə məni öldürməliydi. Çünki lap əvvəldən qızının mənlə namusuna ləkə vurduğunun qənaətinə gələcəkdi. Arxasında duran iki qolu zorbalı oğluda mənim tikəmi qulağım boyda edəcəkdilər. Artıq Elşən sübut eləmişdi ki, mən ölümdən qorxuram. Mənim qarşımda artıq bir seçim vardı. Səbinəni sona qədər müdafiə edərək ölmək. Çünki axır - əvvəl öləcəkdim. Niyə də qəhrəman kimi ölməyim?
- Əl çəkin ondan - Elə qəhrəmancasına da dedim.
- Ə qodux sən kimsən əə? - O hansısa ləhcə ilə danışırdı.
- O heç nə eləməyib. O sizin qızınızdı.
- Lazım deyil mənə elə pozğun qız. O fahişədir.

Əslində o " fahişə " demədi. Bu anlama gələn başqa bir küçə söyüşünü dilinə gətirdi. Sadəcə əxlaqım mənə icazə vermir ki, o sözü mən də istifadə edim. Niyə görəsə küçə söyüşlərini heç vaxt özümə yaxın buraxmamışam.
- Ata əl çək məndən. Nolar rahat burax məni. Əl çək - Səbinə ağlayaraq qışqırırdı.
- Kəs səsini - qardaşı dedi - namusumuzu təmizləməliyik.
Boynu daha yoğun olan digər qardaş isə qorxudan əsdirəcək sözlərini mənə ünvanladı.
- Sənin işinə şəxsən mən baxacam. Alçaq. Parça - parça edəcəm səni.

Bu an içimdən anlaşılmaz tərzdə aqressiya qalxdı. Mən irəli yeriyib təsirsiz yumruğumla pəhləvan oğlanın sifətindən vurdum. Digər qardaş da mənə tərəf addım atanda hiss elədim ki, pilləkənlə kimsə qalxır. Ən son Səbinənin qışqırığını eşitdim və atasının iri qaşlı üzüklə bəzədilmiş yumruğunun sifətimə necə yaxınlaşdığını gördüm.

Qaranlıq.

Siz bilirsinizmi insan niyə təhlükə anında huşunu itirir və ayılandan sonra da son saniyələrdə nə olduğunu xatırlamır. Halbuki ətrafdakılar onun bu vaxt huşunun üstündə olduğunu deyirlər. Mən bilirəm. Bu beynin müdafiə mexanizmidir. Oğlunun ölüm xəbərini eşidən ana huşunu itirir. Niyə??? Çünki beyinə bu çətin informasiyanı həzm eləmək üçün vaxt lazımdır. Əks halda nə ola bilər? Ya dəlilik ya da intihar. Özündən getmə və şoka düşmə beynin müdafiə mexanizmləridir. İnşaatda bədbəxt hadisə nəticəsində ayağını itirən insan nə qışqırmır, nə ağlamır. O ağrını belə hiss eləmir. Şüur ağrı mərkəzini qapatmaqla bir növ onu əlavə dərdlərdən qurtarır. O ağrını hələ çox sonralar hiss edəcəkdi. Bəli. Bəli. Yara heç vaxt əvvəl - əvvəl ağrımır. Çünki beynimiz bəzi insanlardan daha anlayışlıdır.
Bizə çox da yüklənmək istəmir.

Şüurum özümə gələndə qaranlıq fonda, qəhvəyi, kələ-kötür nəyisə görürdüm. Sonra anladım ki, bu döşəmədir. Bədənimin hər bir əzasında ağrı hiss edirdim. Bu mənə təhlükədən gələn xəbərdarlıq kimi idi.

" Nə baş verir? Mən hardayam? "

Düşüncəmin ala - qaranlığında dərk etdim ki, əllərimi tərpədə bilmirəm. Onlar nəyləsə arxadan oturduğum stulun söykənəcəyinə bağlanmışdılar. Beynim hər şeyi yarımçıq qavrayırdı. Axırıncı dəfə Səbinənin atasının məni vurmağı yadımda idi. Bəs sonra nə oldu? Onlar Səbinəni öldürüblər artıq?
Başımı qaldıranda ayaq üstə dayanıb mənə baxan iki nəhəngi gördüm.
- Səbinə hardadır? - Onlardan biri həddindən artıq qəribə səslənən sualı verdi.
- Nə?
- Dedim ki, Səbinə hardadı?
- Necə yəni?
Dəyən yumruq böyük ehtimalla almacıq sümüyümü parçaladı. Mən düşündüm ki, belə bir yumruğun növbəti ikisi məni öldürməyə qadirdir. İlahi. Bunların əlindən xilas olmağım lazımdır. Amma necə?
- Cavab ver, Səbinə hardadır? - O yenə qışqırırdı.
- O qaçıb? - Ağlımı başımdan alan ağrı daha artıq danışmağa mane olurdu.
- Mənə bax, özünü tülkülüyə qoyma. De görüm Səbinəni harda gizlətmisiniz?
- Nə? - Mən xırıldayırdım - Mən başa düşə bilmirəm.
- İndi başa düşərsən.

Tapp. Növbəti zərbə. Başımda ildırımlar çaxdı. Var gücümlə bağıraraq stul qarışıq yerə yıxıldım. İki zorba idmançının təpik yağışı başlandı. Böyrəyimə, çənəmə arada bir cinsi orqanıma dəyən zərbələrin sonu görünmürdü. Ömrümdə çəkdiyim bütün ağrıların cəminə bərabər olan bu ağrıların təsirindən qıvrılırdım. Bunu necəsə dayandırmaq lazımdır.

Gəlin sizə bir sirr açım. Kim deyir ki, mənəvi ağrı fiziki ağrıdan daha təsirlidir?! Bu belə deyil. Əslində hər cür mənəvi ağrıya dözmək olar. Şəxsən mənim üçün bu çox asandı. Hələ bir fona qəmli musiqi qoyarkən və filmlərdə olduğu kimi karizmatik ağladığını düşünürsənsə. Amma fiziki ağrı. Bax bu dəhşətdir. Bu zaman güzgüdə özünüzü görmək istəməzsiniz. Elə gülünc və yazıq libasına bürünürsünüz ki.... İllər boyu o bahalı paltarlar və cool hərəkətlərlə formalaşdırdığınız imic bir an içində məhv olur
Fiziki ağrı bizi məhv edən tək şeydi. Həyatdakı bütün qorxularınızın başında gəlir.

Mən gözlərimi açanda böyük, geniş və işıqlı otağın rahat çarpayısında uzanmışdım. Yanımda nağıllarda deyildiyi kimi hər cür nazi - nemətdən ibarət yemək dolu məcməyi var idi. Hətta içində portağal şirəsi də var idi. Mən hardayam? Ən son yadımda qalan şey Səbinənin atasının yumruğu idi.

Sirkələnmədən hiss elədim ki, maşındayam. Deyəsən başıma qara torba keçirmişdilər. Görmə orqanım əngəlləndiyindən digər analizatorlarım görmənin yerini doldurmaq üçün var gücləri ilə səy göstərirdilər. Mən qoxu və toxunuşla hiss edirdim ki, yanımda iki idmançı oturub. Bu böyük ehtimalla Səbinənin qardaşları idi.

Mən yerdə uzanmışdım. Səbinənin atasının zərbəsi mən gözlədiyimdən də güclü alınmışdı. Deyəsən kimsə əlavə adam var idi. Nəsə yolunda getmirdi.

Bura çox üfunətli idi. Ağrıdan tərpənə bilmirdim. Beynim yanırdı.

Tanrım nə baş verir?

Mənim qaranlıq dünyamWhere stories live. Discover now