On beşinci fəsil

306 36 12
                                    

Bilirsinizmi biz niyə günah işləyəndə Tanrı bu qədər çox qəzəblənir? Mən bilirəm. Çünki o bir dəfə İsanın qanı hesabına bütün insanlığın günahını bağışlamışdı. Biz onda İsanı mədh edir və bizim uğrumuzda ölümə gedən, hər cür əzaba qatlanan bu böyük peyğəmbərin şəninə təriflər deyirdik. İsa peyğəmbərin necə əzab çəkdiyini hər birimiz yaxşı bilirik. Amma ən böyük əzabı Allah çəkirdi. Yuxarıdakı səltənətində oturub bizim üçün sevimli bəndəsinin əzablarına baxırdı. Buna son verməyə qüdrəti çatardı. Amma hikməti qorumaq lazım idi. Bizim nicatımız üçün bu lazım idi. Ona görə də biz qədirbilməzlik edib günahlar işləməyə başlayanda o qəzəblənir. Əsgər sevgilisini gözləməyib, nişanlanan qızdan bəhs edən minlərlə əsər var. Biz həmişə qızı qınaq atəşinə tutur və deyirik.
" Siz ey oğlan olsaydım mütləq əsgər olardım deyən qızlar, siz əvvəlcə əsgər yolu gözləməyi öyrənin "

Səhv,səhv,səhv.

Heç də ən böyük əzabı sevgilisinin başqasının qoynunda olduğunu dərk edən oğlan çəkmir. Ən böyük əzab atasının sözündən çıxa bilməyərək, gecə ağlaya - ağlaya sevgilisinə " Mən artıq başqasına aidəm " yazan və səhəri gün də ağ gəlinlik libasında bələdiyyə məmurunun mənasız, yüzillik sualına " bəli,razıyam " deyən qızın payına düşür. O həm sevgilisini itirməyin, həm atasına qarşı yaranan cəsarətsizliyinin, həm də hekayəsini oxuyan oxuculara ona ünvanladığı söyüşlərin dərdini çəkir. Əsrlər boyu onu heç kim başa düşməyəcək. Məndən başqa.

Fikrim qarışıq idi. Eyni zamanda bir çox məkanda olurdum sanki. Gah burda işgəncədə, gah rahat çarpayıda, gah başıma torba keçirilmiş şəkildə maşında olurdum. Hərdən isə sanki keçmişə qayıdırdım. Səbinənin atasının məni vurmağı və mənim yıxılmağım. Nəsə çatışmırdı. Belə bir şeyin real olmayacağını bilsəmdə içimdən zaman və məkan boşluğunda azmışammış kimi bir hiss keçirdi.
Amma əslində belə deyildi.

Müvəqqəti amneziya. Amneziya yaddaş pozğunluğu deməkdir. Güclü travma və ya zərbə zamanı həyatımızın bir neçə gününü unuda bilərik. Amma bu çox sürmür. Bir neçə günə zəka özünü bərpa eləməyə başlayır. Belə demək mümkünsə yaddaşımız regenerasiya olunur.
Regenerasiyanın nə demək olduğunu bilirsinizmi? Mən bilirəm. Bu daha çox heyvanlarda həm də sürünən ya ibtidai heyvanlarda daha çox rast gəlinir. Məsələn soxulcanı yarıya bölsəniz başı olan hissədən quyruq, quyruğu olan hissədən baş əmələ gələcək. Beləcə iki soxulcan yaranacaq. Bədənin itirilmiş hissəsinin bərpa olunmasına regenerasiya deyilir. Bu insanın qaraciyərində də rast gəlinir. Yoxsa ilk paket siqaretinizdə qaraciyəriniz sizi darda qoyardı.
Ağlıma gələn ən yaxşı variant bu idi. Məndə müvəqqəti yaddaş pozğunluğu əmələ gəlib. Beynimdə daşları yerinə qoymağa başladım. Bu eyniylə puzzle qurmağa bənzəyirdi. Deməli Səbinənin atası mənə vuranda böyük ehtimalla yıxılıb başımı daşa vurmuşam. Yaddaş pozğunluğu burdan əmələ gəlir. Sonra Səbinənin qardaşları mənim başıma torba keçirib bura gətiriblər. Əla. Bura qədər gəldik. Amma burda bir əlavə daş da var. Mənim yadıma rahat çarpayıda oyanmağım gəlir. Başımın üstündə pərli fırlanan çilçıraq var idi. Birdə bir neçə paradoks var. Məni Səbinənin atası vurur və mən yerə yıxılıb huşumu itirirəm eləmi? Və oğlanlar da məni bura gətirir. Amma orda Səbinə də var idi. Deməli məni zərərsizləşdirəndən sonra Səbinə də onların əlinə keçib. Bəs yaxşı onda niyə mənə işgəncə edib Səbinənin yerini soruşurlar. Lap tutaq ki, mən yıxılandan sonra Səbinə necəsə qaça bilib. Deməli onlar məni ələ keçirsələr də Səbinə qaça bilir
Yenə də Səbinənin yerini məndən soruşmaq axmaqlıqdı axı.

Yenə içəri kimlərsə girdi. Burda iki qardaşdan daha artığını görürdüm. Obsessiv- Kompulsiv pozğunluğum olmasa da qeyri - iradi olaraq içəri girənləri sayaraq saylarının 6 olduğunu yəqinləşdirdim.
Obsessiv pozğunluq - köhnə adı ilə nevroz. Təzəlikcə buna sayrışan hallar da deyirlər. Bu xəstəliyin müxtəlif simptomları var. Adətən belə insanları kiçik və əhəmiyyətsiz şeylər belə əsəbləşdirir. Məsələn saatın çıqqıltısı ya da krandan damcılayan su. Bu diaqnozlu insanlar özlərindən asılı olmayaraq məsələn pilləkənlə edərkən pillələri sayır. Və bu xəstəlik haqqında məlumatı oxuyarkən " aaa məndə də var " deyə fikirləşirlər. Bu heç yerdə yazmır. Bu alimlərin qeydlərinə mənim kiçik əlavəmdi.
Onlardan ikisi əllərimi, ikisi də ayaqlarımı tutdular. Digər ikisi isə qarşımda dayandılar.
- Bu gün danışacaqsan?
- Nəyi?
Ortada dayananlardan biri əlində tutduğu armaturu alnıma çırpdı. Gözlərimin çəpləşdiyini hiss elədim. İlahi bunlar məni öldürəcəklər. Belə güclü zərbə beyin sirkələnməsi ya da kəllə sümüyü çatına səbəb ola bilər.
- Səbinə hardadır? - Yenə soruşdular.
- Söydürməyin Səbinəyə - Mən qışqırdım - Mən nə bilim hardadı? Məni tutub bura gətirmisiniz.
- Səbinəni harda gizlətmisən?
- Sizin başınız xarabdı.
Bu sözdən sonrakı zərbəni vuran əldə beşbarmaq var idi. Çənəmin çıxmağı lazım idi amma görünür vücudum düşündüyümdən daha möhkəmdir.
- Mənə bax əclaf - tanımadığım bu kişi boynumdan tutub sifətimə baxır və titrəyə - titrəyə danışırdı. - Vaxtında danış ki, hər şey tez bitsin. Yoxsa burda başına gəlməyəcək oyun qalmayacaq.
- Məndən nə danışmağımı gözləyirsiniz?
- Bizə sadəcə qızı hara apardığını de. - Qaranlıqda əlində tutduğu nəsnəni müəyyən eləmədiyim digər zorba dedi.
- Axırıncı dəfə kitabxanaya getmişdik. Mənim kitab dükanıma.
- Aha.
- Sonra bizim dalımızca düşdülər. Biz qaçıb bir binaya girdik.
- Onu bilirik - qolumu tutan qardaşlardan biri dedi. - Bizdən qaçandan sonra nə oldu? Sən bizə onu de.
- Nə? Biz qaça bilmədik.

Bu vaxt qarşımda duran nəhəng əyildi və mən onun əlində tutduğu şeyi nəhayət ki, aydınlaşdıra bildim. Kəlbətin. O dırnağımı dartıb çıxarır və mənim qışqırmağım bütün dünyaya yayılırdı. Ağrı beynimdən hər şeyi silirdi. Bir neçə saniyə davam edən bu proses mənə bir əbədiyyət qədər uzun görünürdü. Bunun tez bitməsini istəyirdim, amma deyəsən mənim üçün burdan qurtuluş yox idi. Onda ağlıma meditasiya gəldi.

Bilirsinizmi mən bir müddət əsəblərimi sakitləşdirmək üçün yogaya əl atdım. Amma bunun köməyi olmadı. Müəllim qarşımda dəlilər kimi oturur, sakit səslə deyirdi.
- Gözlərini yum və hesab et ki, çəmənlikdəsən.
Bu isə mənim əsəblərimi bir az da oynadırdı.

- Səbinənin yerini de, yoxsa bu bir barmağına keçirəm.

" Hesab et ki, çəmənlikdəsən. Hesab et ki, çəmənlikdəsən "
Xeyri yox idi. Mən yenə şiddətli ağrını hiss edirdim. Gözlərim toranlaşdı.

Sonra birdən mən Elşəni gördüm. O mənə tərəf əyilib asta səslə deyirdi.
- Səni işgəncə ilə qarşı - qarşıya qoymağa məcburam. Məni başa düşməlisən. Hələlik.
Bunu deyib otaqdan çıxdı. Mənsə hələ burdaydım. Onun olmadığı yerdə.

Mənim qaranlıq dünyamDonde viven las historias. Descúbrelo ahora