Səbinənin həyat hekayəsini dinlədikcə onunla aramızda daha çox oxşarlığın olduğunu aşkar eləyirdim. İkimiz də valideynlərimizin əlindən o ki var çəkmişdik. Və bir birimizin halından da xəbərimiz var idi. Mən deyəsən başıboş ya da həddindən artıq başıdolu Elşəndən sonra ilk dəfə özümə həmdəm tapmışdım. Günlər keçirdi və biz birgə yaşayırdıq. Çünki hər ikimizə də belə daha xoş və rahat idi. Əslində mənə elə gəlir ki, bir birimizə çox tez isinirdik. Bunun da səbəbi illərlə ikimizin də tənha və qaranlıq keçən həyatı idi. Yox. Ağlınıza başqa şey gətirməyin. Vicdanıma and olsun ki, mən Səbinəyə barmağımla belə toxunmamışdım. Yəqin ki, kitablardakı ya filmlərdəki kimi mənim Səbinəyə vurulmağımı, bir çox çətinlikdən keçəndən sonra qovuşmağımızı, sonda evlənməyimizi və ikimizin də həyatının bununla işığa çıxacağını gözləyirsiniz. Tipik xoşbəxt sonluq. Və kitab yazıçının sözləri ilə bitir. " Əziz oxucum, unutma ki, həyatda nə olursa yaxşılığa doğru olur "
Buna sadəcə gülmək olar. Bu həyatdır. Həyatda belə şeylər olmur. Allah eşqinə deyin. Bir qadın bütün problemləri unutmaq üçün çox zəif və kiçik deyilmi. Belə şeylər adətən türk seriallarında olur. Qız sevgilisini qucaqlayır və deyir :
- Bunların hamısını unutduracam sənə.Pfff. Bilirəm unutduracaqsan. Amma sadəcə bir gecəlik.
Səbinəyə gəlincə, əlbəttə onu sevmək olardı. Amma mən sevə bilməzdim. Bu qədər problemin arasında bir bu çatışmırdı. Sevgilimin əlini başqa bir oğlanın əlində gördüyüm an sevgim əbədiyyən itmişdi. Nə vaxt sevgi haqqında düşünsəm gözümün qabağına həmin mənzərə gəlirdi. Həm də qızlar məndən inciməsin mən qadınlara ikrahla baxırdım. Onlar həmişə məndən bir pillə aşağıda idilər. Həm də mən qorxurdum.
- Vüsal mənim qardaşlarım mütləq məni tapacaqlar. Məni öldürmək üçün. Ailəmizin namusu üçün.
- Amma səni qovublar axı. Öldürmək istəsəydilər onda öldürərdilər.
- Qardaşım arxamca səni öldürəcəm deyə qışqırdı.
Ən ehtiyacım olan vaxtı Elşən hara olmuşdur?! Mən Elşənin də öz yarının dalıyca getdiyini düşünürdüm. Siz Elşənin hekayəsini bilirdinizmi? Mən bilirdim. Elşən həyatının müəyyən bir nöqtəsində bir qızla tanış olur. Özünün dediyinə görə əvvəlcədən də bu qızı 9 il yuxuda görüb. Bu qızla Elşən bir müddət çox xoşbəxt olurlar. O vaxtlar Elşən hələ də " zibillik qurdu " idi. Elşənlə bu qız yazda ağ köynəkləri albalı şirəsi ilə rəngləməkdən tutmuş hər cür dəlilikdən çıxırlar. Vədə yetişəndə qızın ailəsi Elşənə qarşı olan narazıçılıqlarını bildirirlər. Və bizim cütlük də mədənicəsinə ayrılırlar. Bu Elşənə xas davranış olmadığından mən dəli dostumun itməsini indi bunla əlaqələndirirdim.
- Səbinə heç nədən qorxma. Mənim yanımda sənə heç kim heç nə edə bilməz. Mən səni həmişə hamıdan qoruyacam.
Bu cümləni kitablardan öyrənmişdim. Əslində onu qoruya bilməyəcəyimi yaxşı bilirdim. Və mən özüm də çox qorxurdum.Səbinə mənim valideynlərimlə maraqlananda və mənim qardaşımı öldürməyimi eşidəndə mənə qorxuyla baxdı.
Yazıq qız necə də hər şeydən qorxurdu.
- Sən indi uzun müddətdir ki, valideynlərini görmürsən?
- Məsələ burasındadır ki, onlar mənim həqiqi valideynlərim deyillər. Ordan - burdan eşitdiyimə görə mən anamın bacısının oğluymuşam. Əsl anam mən doğularkən ölüb. Anamın bacısı da mənə baxmağa məcbur olsa da həmişə sevimli bacısını öldürdüyüm üçün mənə nifrət edib. Bu nifrət tədricən ərinə də sirayət edir. Hələ bir sevimli oğullarını da öldürdükdən sonra mənə qarşı ümumiyyətlə düşmən kəsilirlər.Siz bunu bilmirdiniz eləmi? Bilmirdiniz çünki əvvəlcədən mən deməmişdim. Mən həyatımda ilk dəfə bunu Səbinəyə dedim. Və bu faktı indi sizin oxuduğun yazıda da saxlamaq qərarına gəldim sadəcə. Bu Elşənsayağı fəlsəfə idi.
Amma Səbinəylə danışığım məndə valideynlərimi görməklə bağlı güclü bir maraq oyatdı. Görəsən illər sonra onlar necə olublar. Sözsüz ki, dəyişiblər. Mənə sadəcə maraqlı idi. Bir gün işdən çıxandan sonra onlara getdim. Qapını döyəndə içəridən atamın səsi gəldi
- Kimdir?
Maraqlı sualdır. Kimdir. Doğurdan mən kim idim. Unudulmuş uşaq. Kimsənin sahiblənmədiyi insan. Atılmış. Haqsızlığa uğranmış.
- Mənəm.
Qapının arxasında səs kəsildi.Şüuraltım tanış mənzərəni qəbul edən kimi oyandı. Elektrik axını beynimdə qızğın hərəkətə başlayaraq gicgah payını qıcıqlandırdı. Bu mənə sanki nə vaxtsa bunu yaşamışammış kimi bir hiss oyandırdı. Deja vu.
Deja vu haqqında saysız-hesabsız teorelər var. Bu paralel dünyalardan tutmuş zamanda səyahətə qədər gedir. Amma əslində sirr bizim beynimizdədir. Məsələ burasındadır ki, insan beyni iki yarımkürədən ibarətdir. Bu yarımkürələrin hər biri ayrı-ayrılıqda eyni hissələrdən təşkil olunmuş və eyni funksiyaları yerinə yetirirlər. Əgər bir yarımkürə olmasa belə siz yaşaya bilərsiniz. Əlbəttə bir az başınız asimmetrik olacaq. Biz hər hansı bir şeyi görəndə bu hər iki yarımkürə tərəfindən eyni zamanda qəbul edilir. Amma bəzən niyəsə görə gecikmə baş verir. Hadisə bir yarımkürəyə digərindən 0.3 saniyə gec çatır. Hadisə beyinə iki dəfə çatdığından bizdə Deja vu yaranır.- Neyləmişəm sizə? Niyə mənlə belə davranırsınız?
- Ə qışqırma mənim üstümə küçük - atamın səsi bütün bloka yayılırdı.
- Qışqıracam. Bəsdir indiyə qədər susdum
Atam mənim üzümə şillə vurdu.
- Rədd ol get otağına. Gözüm görməsin səni.
- Niyə? Mən neyləmişəm axı?
- Hələ bilmirsən neyləmisən. Sən qardaşını öldürmüsən.
- Onda mən uşaq idim. - Mən ağlayırdım - Sən bilirsənmi mən nə qədər vicdan əzabı çəkirəm.
- Puah. Sənin vicdanın da var?
- Sizdən daha çox.
- Sən anadan qatil kimi doğulmusan. Ananı öldürərək doğulmusan.
- Nə? Nə dedin sən?O gün başa düşdüm mən həqiqi ailəmin bu ailə olmadığını. Və o gün evdən bir daha gəlməmək üzrə çıxdım.
Amma bu gün yenidən gəlmişdim. Nəhayət ki, qapı açıldı və mən qarşımda arıq, topa bığı ilə Nitsşeni xatırladan atamı gördüm.
- Salam - şən səslə dedim.
- Vüsal - o özünü itirmişdi - niyə gəlmisən. Hardan yadına düşdük biz?
- O qədər özündən razı olma. Siz mənim heç vecimə də deyilsiniz. Mənə sadəcə maraqlı idi sizi görmək. Bir anlıq ürəyimə düşdü və gəldi.Atam əlbəttə ki, mənim Elşəndən öyrəndiyim fəlsəfəni başa düşmürdü. O çox səthi səslənən cümləni dedi :
- Tərbiyəsizlik eləmə. Rədd ol get.
- Nç. Nç.nç. Qorxmursan mənlə belə danışmaqdan? Axı mən səni öldürə bilərəm. Bu an hardansa analığım peyda oldu və qapını örtmək istədi. Amma mən qapını tutub cəld içəri soxuldum. Onlar yerə yıxıldılar. Mən qapını arxamca örtdüm və üzümü illərlə mənə əzab verən bu iki insana tutdum.
- Sizi onsuz da mən çoxdan öldürmüşəm - əlimi ürəyimə qoydum - burda - dedim və sonra şəhadət barmağımı gicgahıma apardım - və burda.Onlar qorxmuş halda yerdə uzanmışdılar.
- Amma artıq həqiqətlərin zamanıdır.Cibimdən səsboğuculu tapançanı çıxartdım. Bunu iki ay qabaq Elşəndən almışdım. Cəmi iki atəş açdım. Mən onların beyinlərinə baxa baxa ağladım. Sonra ordan çıxdım. Mən həqiqətən də qatil ruhlu imişəm.
Amma bir həqiqət də var idi. Sabah mən özüm ölümlə üz - üzə olacaqdım. Ancaq hələlik mən bunu bilmirdim. Ona görə gülümsəyərək maşınımı sürürdüm.
YOU ARE READING
Mənim qaranlıq dünyam
Mystery / ThrillerBu roman hər kəs üçün deyil. Herman Hessenin diliylə desək "yalnız dəlilər üçün". Və bu həmdə sizin hekayənizdir. Çünki sizin hər birinizdə mən varam. Siz hər güzgüyə baxanda məni görürsünüz.