Səkidə dayanaraq yoldan keçən bütün maşınları diqqətlə nəzərdən keçirməyə başladı. Elə bu vaxt digər yoldan qara rəngli Mercedes burularaq düz Kənanın qarşısında dayandı. Nömrəyə baxan kimi vaxt itirmədən maşının arxa oturacağına əyləşdi.
— Axşamın xeyir, Şahnəzərov, — dedi qabaq oturacaqda əyləşmiş komandiri və Kənanın danışmasına imkan vermədən əlavə etdi:
— Axşam saat on ikidə həmişəki yerdə ol.
Eyni zamanda, əli ilə sürücüyə hansı istiqamətə sürmək lazım olduğunu göstərirdi.
— Saat on ikiyə kimi bütün işlərini bitir, — deyə komandir cümləsini tamamladı və dərin köks ötürdü. Daha sakit səslə davam etdi:
— Halallıq al, bəlkə tapşırıqdan qayıda bilmədin.
Kənan üçün bu, adi bir cümlə idi. Çünki hər tapşırığı çətin olmuşdu və hər tapşırıqdan əvvəl komandiri eyni sözləri təkrar edirdi. Vəzifəsinin yanı sıra yaşadığı həyatın ona bəxş etdiyi ifadəsiz yorğunluqla başını arxaya yasladı, gözlərini yumaraq içindən ona qədər saydı.
Ancaq bu dəfəki gizlilik içdən-içə onu narahat edirdi.
Maşının dayanması ilə pəncərədən baxdı. Keçmiş uşaqlıq xatirələri zehninə doluşdu. Yenə danışmağa fürsət tapmamış komandirin səsi eşidildi:
— Get, hər kəslə halallaş.
— Başüstə, — deyə bildi Kənan. Açığı, nə edəcəyini bilmirdi.
Qapını açıb maşından endi. Bir-iki addım atan kimi maşın yerindən götürüldü.
Bu həyət ona çox doğma idi. Ata-anası öldükdən sonra babasıgil bura, onun yanına köçmüş və Kənanı böyütmüşdülər. Atası hələ Kənan dörd yaşında olarkən yol qəzasında həyatını itirmişdi. Daha sonra anası xərçəngin caynağına düşmüş və hələ Kənan birinci sinfə gedəndə dünyasını dəyişmişdi. Hər iki valideyni bir küçə yuxarıda yerləşən məktəbdə müəllim idi və o, valideynlərindən geriyə qalan xatirələri belə xatırlaya bilmirdi.
Valideynləri öldükdən sonra Kənana nənə və babası baxırdı. Bəlkə də onların sayəsində kimsəsizliyi o qədər də dərindən hiss etmirdi. Amma zaman onları da polkovnikdən alanda tənhalıq Kənanın kölgəsinə çevrilmişdi.
Ən çətin günlərində ona qonşuları və atasının ən yaxın sirdaşı Əşrəf dayı sahib çıxmışdı. Məktəbi bitirən kimi Kənanın sənədlərini hərbi məktəbə apardı. Hər nə yolla olur-olsun, onu hərbiyə yazdırdı. Polkovnik ona çox şey borclu idi. Həyatında əldə etdiyi hər bir uğurda Əşrəf dayısının əməyi var idi. Sözsüz ki, bütün bunlardan komandirinin xəbəri vardı və məhz buna görə də onu bura gətirmişdi.
Bunları düşünə-düşünə nə zaman gəlib aşina olduğu qapının qarşısında dayanmışdı, bilmirdi. Bir neçə saniyəlik tərəddüddən sonra qapını döydü.
Qapı açılanda Əşrəf dayısının gözləri həsrətlə ona dikildi.
— Ooo, xoşgəlmisən, Kənan! Həmişə sən gələsən! — deyib bərk-bərk qucaqladı qarşısındakı oğlanı.
Kənan da onu qucaqladı.
Səs-küyə içəridən, əli ürəyində Ayna xalası çıxanda Kənan az qala ağlayacaqdı. Sevinclə Kənanı qucaqlamaq istəyəndə qəfil dayandı və birdən qışqıra-qışqıra dedi:
— Yaralanmısan? Bəs bizə niyə bir xəbər eləmirsən? Müharibə başlayandan səsin-sorağın çıxmır!
Sonra ətrafında dolanmağa başladı, başqa yerdən də yaralanmadığına əmin olmaq üçün.
Başqa yarasının olmadığına qənaət gətirən Ayna xala da nəhayət onu bağrına basdı.
Əşrəf kişi gülümsəyərək:
— Hə, yaxşı da, Ayna. Uşağı lap sıxma-boğmaya salmısan. Gəl, oğul, keç içəri, — dedi.
Kənan da ayaqqabılarını çıxara-çıxara içəri addımladı.
— Xoş gəldin.
Eşitdiyi bu səs mayora sanki dünyaları bəxş elədi.
Uşaqlığının və bəlkə də həyatının ən böyük məhəbbəti bir cüt qara gözlərini ona dikmiş, "Xoş gəldin", — deyirdi.
Ürəyinin dəyişən ritminə və titrəyən bədəninə söz keçirə bilmədi mayor. Həyatı boyu hər zaman iradəsinə boyun əydirən Kənan, cəmi bir cüt qapqara gözün qarşısında sanki şama dönmüşdü.
Məhəbbət yandırırdı qəlbini, ancaq bunu özündən başqa heç kim bilmirdi.
— Çox sağ ol, — deyə bildi sadəcə... qaragözlüsünə .

ŞİMDİ OKUDUĞUN
Ölsəm Bağışla
ChickLitSon dəfə baxdı uğrunda canını belə fəda edə biləcəyi gözlərə....