•4•

132 26 32
                                    

Səhər tezdən, daha günəş doğmadan açmışdı gözlərini. Kimisinə görə az, amma Kənan üçün bu, sıradan bir yuxu rejimi idi. Oyanar-oyanmaz su içmək üçün yatağının yanındakı kiçik şkafa tərəf əyiləndə şkafın üstündəki qara zərfi gördü. Zərfi əlinə alanda gözlərində təhlükəli bir parıltı peyda oldu. Şeytani bir gülümsəmə qondu dodaqlarına. Çünki yerinə yetirməli olduğu tapşırıq artıq əllərinin arasında idi.

Zərfi ehtiyatla açdı. İçindən heç nə yazılmamış vərəq çıxanda gülümsəməsi daha da genişləndi. Bu dəfəki tapşırıq heç də asan deyil, — deyə düşündü və içdən içə buna görə həyəcanlanırdı da. Yataqdan qalxıb əlindəki vərəqi gün işığına tutdu. Bir neçə saniyə keçməmiş vərəqin küncündəki bir sətirlik cümlə aydın şəkildə göründü:

Su suya, xeyir şərə qovuşar.

Cümləni oxuyan kimi başa düşdü ki, bu gün xəstəxanadakı son günüdür. Ona görə də əşyalarını yığışdırmağa başladı. Qolu hələ tam sağalmamışdı. Tikişləri yaxşılaşmağa başlasa da, qırıqların sağalması vaxt aparacaqdı. Bunu özü də bilirdi. Amma yəqin ki, komandirin bir bildiyi var, — deyə düşündü. Eyni zamanda, tezliklə bu xəstəxanadan canını qurtaracağı üçün sevinirdi də.

Əşyalarını toplamağı bitirən kimi cibindən alışqanını çıxardı, zərfi və içindəki kağızı götürüb palatadakı ayaqyoluna keçdi. Qapını kilidlədi, kağızı alışqanla yandırıb əlüzyuyanın içinə atdı. Kağızın xüsusi növdən olduğunu bilirdi. Bu növ kağızlar yandıqdan sonra nə iyi bilinirdi, nə də külü qalırdı. Çox ehtiyatlı davranmalı idi. Özünü və əməliyyatı təhlükəyə ata bilməzdi. Əgər komandiri belə köhnə üsullara əl atmışdısa, deməli, əməliyyat həm çox risklidir, həm də bu, xainlərin olduğundan xəbər verirdi.

İkinci ehtimalı düşünmək belə istəmirdi, lakin acı gerçəklərdən xəbərdar idi.

İşi bitdikdən sonra içəri girəndə Tamella xalanı görməyi gözləmirdi. Tamella sakit, amma hüzün dolu baxışlarla gözünü Kənanın hazır çantasına zilləmişdi. Başını qaldırıb Kənana baxanda özündən xəbərsiz bir damla yaş gözündən süzüldü. Nə zaman bağlanmışdı ona, özü də bilmirdi. Amma həmişə öz-özünə onda Tahirimin nişanəsi var, — deyirdi.

Kənan yavaş addımlarla ona yaxınlaşıb qucaqladı. Bəlkə də çoxdan etməli olduğu bir şeyi indi etmişdi, amma bunu etməyi qarşısındakına borc bilirdi. Tamella xala da onu qucaqladı. Bir neçə saniyə sonra qollarını çəkib düz Kənanın gözlərinə baxaraq dedi:

— Yolun açıq olsun, oğlum. Allah səni qorusun. Sağ-salamat ömür sürəsən. Amma heç olmasa bir dəfə gəlib mənə baş çəkərsən, yaxşı?

Elə o anda Kənan əməliyyatdan qayıdan kimi ilk işinin Tamella xalasına baş çəkmək olacağını ağlına yazdı.

Gündəlik müayinələr başa çatdıqdan sonra artıq getməli olduğunun fərqində idi. Heç kəslə sağollaşmadı, Tamella xala istisna olmaqla. Onunla vidalaşıb palatadan çıxdı. Xəstəxananın qarşısında dövlətin xidmətlərinə görə verdiyi maşına əyləşdi. Birbaşa dəniz kənarına sürdü. Saat yaxınlaşırdı və Kənan düz vaxtında ora çatmalı idi.

Xəstəxana dənizə yaxın ərazidə yerləşdiyindən təxminən on beş dəqiqəyə çatmışdı. Maşından düşüb ətrafına diqqətlə baxdı. Suyun suya qovuşduğu yer dəniz, xeyirin şərə qovuşduğu zaman isə gün batımı idi.

Kənan düz vaxtında gəlib çatmışdı. Sahilə doğru irəlilədi, gözünə köhnə bir qayıq dəyəndə diqqətini ora cəmlədi. Arxası dönük oturan adamı diqqətlə izləməyə başladı. Əli ilə qayığın iç hissəsinə nəsə yazdığını düşünən Kənan onun kim olduğunu artıq anlamışdı.

Pencəkli adam ayağa qalxaraq üzünü Kənana çevirdi, yüngül baş salamı verərək iti addımlarla əks istiqamətdə yeriməyə başladı. Kənan isə ətrafı izlədi. Onları kiminsə görə biləcəyi ehtimalı belə hər şeyi məhv edə bilərdi. Nəhayət, əmin olduqdan sonra kiçik qayığın yanına yaxınlaşdı.

Qayığın iç hissəsinə yazılmış nömrələr ona hansı maşına minməli olduğunu bildirirdi. Nömrələri oxunmaz hala gətirdikdən sonra yola addımlamağa başladı. Maksimum dərəcədə sıradan davranmalı, heç kəsin diqqətini çəkməməli idi.

Yolun qırağında dayanıb diqqətlə maşınları nəzərdən keçirməyə başladı.

Bu iş düşündüyündən də çətin olacaqdı...

Ölsəm BağışlaHikayelerin yaşadığı yer. Şimdi keşfedin