Birlikdə yemək yeyib keçmiş günləri yada salmaq polkovnikin sanki ruhunu oxşayırdı. "Necə də hüzurlu həyatım var imiş, sən demə?" – deyirdi hər dəfə ürəyində. Atasını yalnız Əşrəf dayısı ilə baba-nənəsinin danışdıqları qədər tanıyırdı. Dediklərinə görə, qaradinməz olmaq Kənana atasından yadigar qalmışdı.
Yeməkdən sonra Ayna xanım çay süfrəsi hazırladı, Əşrəf kişi isə adəti üzrə televizoru yandırıb "Mədəniyyət" kanalına çevirdi. Hər gün eyni vaxtda yayımlanan xalq musiqilərini və muğamları dinləməyə başladı. Arada sevdiyi musiqilər çalınanda televizorun səsini artırır, gözlərini yumub ahəstə-ahəstə başını tərpədirdi.
Saatın yaxınlaşdığını görən polkovnik ayağa qalxdı:
– Mən daha getməliyəm. Narahatlıq verdimsə, üzürlü say, Əşrəf dayı.Əşrəf kişi tərs-tərs Kənana baxdı:
– Nə narahatlıq, Kənan? Biz səni nə vaxt Rüstəmdən, Leyladan ayrı tutmuşuq? Bir də belə söz işlətmə. Hələ de görüm, hara gedirsən?Əşrəf kişinin ard-arda düzdüyü sözlər Kənanı güldürdü.
– Gedim bir evə dəyim. Sonra da işə getməliyəm.Bu dəfə Əşrəf kişi ciddiləşdi, Ayna xala isə əli ilə dolan gözlərini sildi. Hər ikisi ayağa qalxıb Kənanı qapıya qədər ötürdülər, bərk-bərk qucaqlayıb yola saldılar.
Polkovnik qapıdan çıxanda hər nə qədər Leylasını görmək istəsə də, bu arzusunu həm qəlbinin, həm də zehninin ən dərin qatlarında gizlətdi. Pilləkanla bir mərtəbə yuxarı çıxıb öz qapılarının qarşısında durdu. Həmişə boynundan asdığı duanın yanındakı açarı çıxarıb qapını açdı. İçəri girən kimi sanki anası həmişəki gülər üzü ilə gəlib dayandı qarşısında.
Hər nə qədər kənardan soyuq görünsə də, polkovnik çox həssas və emosional biri idi. Elə indi gözlərindən onun icazəsi olmadan süzülən yaşlar da bunu təsdiqləyirdi. Salamat əli ilə üzünü bağlayıb bir neçə saniyə eləcə durdu. Sonra dərindən nəfəs alıb əlini üzündən çəkdi və içəri keçdi, birbaş öz otağına.
Heç nə dəyişməmişdi. Hər şey son dəfə qoyub getdiyi kimi idi. Nənəsi də dünyasını dəyişəndən sonra Kənan bir daha bu evdə qalmamışdı. Hər dəfə sadəcə köhnə xatirələri yada salmaq üçün gəlir, bir neçə dəqiqədən sonra isə gedirdi. Bu dəfə isə səbəbsiz yerə burada bir az daha qalmaq istədi.
Gəlib yatağının üstündə əyləşdi. Əlini atıb yatağının altındakı kiçik qutunu çıxardı. Tozlanmış qutunun qapağını qaldıran kimi xatirələr Kənanı öz ağuşuna aldı.
Köhnə şəkillər hər insanda bu cür hisslər oyadırdı? Yoxsa ən əzizləri köhnə bir şəkildə qalanlar üçün idi bu hisslər?
İkisinin də cavabını bilmirdi mayor. Əlindəki şəkilə baxıb hüzünlü-hüzünlü güldü. Sonra şəkili öpüb döş cibinə qoydu.
Valideynləri ilə birlikdə son şəkli idi bu. Anası qonaq otağındakı xalçanın üstündə oturmuş, Kənana əllərini açmışdı. Atası da Kənanın hər iki əlindən tutaraq onu anasına doğru aparırdı. Bəlkə də onların üçlükdə güldüyü ən axırıncı şəkil idi bu...
Qolundakı saata baxanda tez qutunun qapağını örtüb yerinə qoydu. Evdən çıxmaq üçün qapını açanda Leylanı görəcəyini düşünmürdü.
– Salam. Bayaq gedəndə eşitdim ki, bura gəlirsən. Sağollaşa bilmədik səninlə, ona görə də bura gəldim.
Leylanın həyəcanla dediyi sözlər mayorun qəlbini titrətmişdi.
– Çox sağ ol, Leyla... – deyə bildi.
İmkanı olsa, ona olan sevgisini bir nəfəsə etiraf edərdi. Amma qorxurdu. Nədən qorxduğunu isə özü də bilmirdi.
– Kənan, özünə yaxşı bax. Çalış, sənə heç nə olmasın, yaxşı? – deyə pıçıldadı Leyla. Gözlərindən yaş süzüldü. – Yaralandığını eşidəndə elə qorxdum ki...
Kənanı sanki elektrik vurdu. Eşitdiklərinə inana bilmirdi. Sevdiyi qadın onun üçün bu qədər narahat olmuşdumu?
– Narahat olma, Leyla. Niyə mənə bir şey olsun ki? Özümə yaxşı baxaram. Onda mənə heç nə olmaz.
– Ölmə... Çalış, ölmə. Özünə yaxşı bax.
Bu sözləri düz gözlərinin içinə baxaraq deyirdi. Hər kəlməsi Kənanın ürəyinə sancılırdı.
Kənan gülümsədi:
– Ölsəm, bağışla...Elə o an Leyla dayana bilməyib Kənanı qucaqladı. Mayorun əlləri buz kimi idi. Amma özünü itirsə də, qucaqladı sevdiyini. Nə olmuşdu bu qıza belə? – düşünürdü içindən.
– Haqqını halal elə... – deyəndə Leyla daha da bərkdən ağladı.
– Yox, yox... Halallıq yoxdur. Sən sağ-salamat qayıdıb gələcəksən!
Sonra isə bir az sakitləşib pıçıldadı:
– Halal olsun. Sən də haqqını halal elə.
– Halal olsun... – dedi mayor və son dəfə baxdı, uğrunda canını belə verəcəyi gözlərə...
Kənan uzun illər sonra sevgisinə qarşılıq almağının sevinci ilə maşınında tapşırığını öyrənmək üçün həmişəki görüş yerinə gedirdi. Əlini atıb radionu yandırdı və kanalları bir-bir çevirdi. Mənsum İbrahimovun səsini eşidəndə əlini saxladı. Ən sevdiyi xanəndədən, ən sevdiyi musiqini dinləyirdi. Ani olaraq həyatın necə də qəribə olduğunu düşündü bir daha. Bir neçə saat əvvəl qaradinməz üz ifadəsinə sahib çöhrəsi indi ara-sıra gülümsəyirdi. Təbii ki, bu incə təbəssümün səbəbi qaragözlü bir ahu idi.
Bu gün uşaqlığın gətirdiyi bütün saflığı ilə sevdiyi Leylası da onu sevdiyini bildirmişdi. Bir insan üçün, xüsusilə də Kənan kimi biri üçün bundan böyük cəmi bir neçə sevinc qaynağı ola bilərdi.
Görüş yerinə yaxınlaşdığını anlayanda radionu söndürdü. Maşını yaxınlıqda saxlayıb endi. Bura şəhərdən kənarda yerləşən köhnə bir kilsə idi. Ən azından kənardan baxan elə düşünürdü. Şəhərdən uzaqda, elə də çox adamın yaşamadığı bir ərazidə tənha bir kilsə. Ölkə əhalisinin böyük əksəriyyətinin müsəlman olduğunu nəzərə alsaq, bura elə də çox diqqət çəkməzdi.
İçəri girib Məryəm ananın şəklinin altındakı qapını xüsusi ritmlə üç dəfə döydü. Qapı açılan kimi ona tanış olan dəyirmi masanı və üç simanı gördü. Komandiri:
– Xoş gəldin, Şahnəzərov! – deyəndə Kənan artıq əyləşmişdi.
– Bilirəm, hər birinizə yeni tapşırığınız çox maraqlıdır. Düzü, sizi gözlətmək istəmirəm, – dedi və şəffaf lövhənin qarşısına keçib qırmızı markerlə "Ş U Ş A" yazdı.
– Bəli, yoldaşlar, düz görürsünüz. Növbəti istiqamətimiz Şuşadır...

ŞİMDİ OKUDUĞUN
Ölsəm Bağışla
Literatura FemininaSon dəfə baxdı uğrunda canını belə fəda edə biləcəyi gözlərə....