⚘Falçılar

17 13 0
                                    

Skandinaviya mifologiyalarımıza davam;

İnsanlar qızıl əsrində qayğısız və xoşbəxt yaşayırdılar, lakin bu, çox uzun sürmədi. Bir dəfə şərqdən, nəhənglər ölkəsindən Mitqarda üç qadın gəldi. Onlardan biri çox qoca və qartımış idi, ona Urd, yəni Keçmiş deyirdilər; o biri orta yaşlarındaydı, adı da Verdandi, yəni İndiki idi; üçüncüsü isə lap cavan idi, onu Skuld, yəni Gələcək çağırırdılar. Bu üç qadın dünyanın, adamların və hətta allahların taleyindən xəbər vermək kimi gözəl qabiliyyətə malik falçılar idi. Yaşlı falçı dedi:

- Qızıl hərisliyi, acgözlük tezliklə, lap tezliklə adamların ürəyinə girəcək və onda qızıl əsrin sonu çatacaq. Ortancıl falçı dedi:

- Adamlar qızıl xatirinə bir-birini öldürəcək və aldadacaq. Qızıl öz parıltısı ilə bir çox şanlı qəhrəmanın gözünü kor eləyəcək və onlar qızıl uğrunda mübarizədə həlak olacaqlar.

Kiçik falçı deyilənləri təsdiq etdi: - Hə, hər şey siz deyən kimi olacaq. Ancaq elə bir vaxt gələcək ki, qızıl, insan üzərindəki hökmranlığını itirəcək və o zaman adamlar təzədən xoşbəxt olacaqlar.

Qızıl hərisliyi nəinki insanlara, allahlara da hökm eləyəcək. onlar da qan tökəcək və öz andlarını pozacaqlar, - deyə qoca falçı yeniden dilləndi.

Ortancıl falçı dedi:

- Nəhənglər allahlara qarşı müharibəyə başlayacaqlar. Bu müharibə çox uzun çəkəcək, axırda allahlar da, nəhənglər də məhv olacaqlar.

- Bəli, siz deyən kimi olacaq, ancaq allahların hamısı ölməyəcək. Qətldə və andı pozmaqda günahı olmayanlar və onların uşaqları sağ qalacaqlar, köhnə dünyanın məhvindən sonra yaranan yeni dünyanı idarə eləyəcəklər, - deyə kiçik falçı öz fikrini bildirdi.

Beləliklə, yer üzündə hər şey falçıların əvvəlcədən söylədikləri kimi oldu. Acgözlük, varlanmaq ehtirası yavaş-yavaş insanların ürəyinə hakim kəsildi. Onlardan bir çoxu öz dinc zəhmətindən əl çəkib, bir-birilə vuruşmaq üçün xışları və belləri qılınclarla və nizələrlə əvəz etdilər; müharibə ilə bir yerdə yer üzünə məhrumiyyətlər və cinayətlər gəldi. Günəş göydə əvvəlki kimi işıq saçırdı, ancaq onun şüaları altında heç kəs daha xoşbəxt deyildi. Falçıların başqa bir falı da düz çıxdı: allahlar və nəhənglər arasında amansız müharibə başlandı, o indi də davam edir. Asqarda çatmağa və Asları məğlub etməyə gücü çatmayan Qrimtursenler (əgər yadınızdadırsa, nəhənglər özlərini belə adlandırmışdılar) bütün qəzəblərini insanların üstündə tökdülər. Insana qənim kəsilən təbii fəlakətlər buzdan və oddan yaranmış İmirin nəsillərinə tabedir. Nəhənglər yer üzünə şaxta və quraqlıq, boran və dolu göndərirlər, bəzən isə dağlardan elə güclü sellər axıdırlar ki, bütöv kəndlər onların altında qalır. Allahlar, Mitqardı nəhənglərin basqınından qorumaq məqsədi ilə İmirin qaşlarından düzəltdikləri uca dağlarla dövrəyə aldılar, lakin nəhənglər tez-tez bu dağları aşa bilir və bu zaman yollarda onların ayaqları altında qalanların vay halına! Qrimtursenlər dünyanı məhv etmək üçün iki nəhəng canavarı - Skeli və Getini Ayla Günəşin üstünə qısqırtdılar. Həmin vaxtdan Skel Günəşi, Qeti isə Ayı qovur; Sul da, Mani də onlardan canlarını qurtarmaq üçün dağların arxasında gizlənənədək qaçmağa məcburdurlar. Nəhənglər yalnız bircə Asdan qorxurlar, bu As şimşək allahı Tordur.

İndi də sizə Asqard və Aslar haqqında danışmaq vaxtı gəlib çatıb.

~ Bendis

MİFOLOGİYAHikayelerin yaşadığı yer. Şimdi keşfedin