⚘Sara №2

14 13 5
                                    

Salam, bu gün Sara haqqında olan digər iki əfsanəni sizinlə paylaşacam.

İkinci əfsanə: Apardı sellər Sarayı

Xançoban tayfasından Nuru adlı bir oğlan Şamaxı yaxınlığındakı Məlikçoban tayfasından Saray adlı bir qıza nişanlı idi. Yaz vaxtı idi. Toy başlandı.

Bu tayfalardan biri çayın bu tayında, o birisi isə o biri tayında idi. Oğlan evindən bir dəstə adam balabançılarla bərabər çayı keçib, Məlikçobanlı tayfasına, Saraygilin qapısına, gəlini aparmağa gəldi. Burada xörək hazır deyildi. Xörək bişinəcən, yeyilənəcən axşam düşdü, hava qaraldı. Oğlan evinin adamları gəlini ata mindirib çayın qırağına gəldi. Biri dedi:

Su elə gündüzkü qədərdir. Başçı dedi:

- Azacıq artıb.

Kor yengə -Minabacı dedi:

- Çəkilin belə, mən balağımı çırmalayıb keçim. Çayda su nə gəzir?

Onun belə ürəkli danışması kişiləri cürətləndirdi. Atları suya vurdular. Heç iki qədəm getməmişdilər ki, gəlin minan at çayın çökək və dərin yerinə düşdü. Saray utandığından əlini yüyənə uzada bilmədi; su atı bükdü, qaranlıqda qız at qarışıq suya yıxılıb batdı. Kişilərdən biri bunu gördü, səs düşdü, atları geri qaytarib qırağa çıxdılar. Lakin heç kəs cürət edib suya girə bilmədi, su da get-gedə artırdı, qaranlıqda göz-gözü görmürdü, adamlar çay aşağı çox yüyürdülər, çayın qıraq tərəflərində çox axtardılar. Lakin su daha da artdı, sel Sarayı apardı. Səsə, ağlaşmaya bütün Məlikçoban tökülüb gəldi. Sabaha kimi axtardılar. Saray tapılmadı. Kişilər axtarmağa, arvadlar isə ağız açıb, boğaz yırtmağa başladılar. Artıq sel yatdığı üçün Xançobanlı camaatı da çayı keçib onlara qoşuldu. Ağlaşma başladı:

Nurunun anası:

Arpa çayı aşdı, daşdı,
Sel Sarayı aldı, qaçdı,
Nuru qaldı gözüyaşlı,
Apardı sellər Sarayı,
Bir ala gözlü balanı.

Sarayın anası:

Arpa çayı dərin olmaz,
İçmə, suyu sərin olmaz,
Saray kimi gəlin olmaz.
Apardı sellər Sarayı,
Bir başı şallı balanı.

Sarayın bibisi:

Düyünü tökdüm tabağa,
Bişmədi, qaldı sabaha.
Kor yengə düşdü qabağa
Apardı sellər Sarayı,
Bir üzü xallı balanı.

Nurunun bibisi:

Gedin deyin Xançobana,
Getməsin bu qış Muğana,
Getsə düşər nahaq qana,
Apardı sellər Sarayı,
Bir ala gözlü balanı.

Nurunun anası:

Gətir bura xas paltarı,
Qara boya as paltarı,
Oba geysin yas paltarı,
Apardı sellər Sarayı,
Bir üzü xallı balanı.

Nuru:

Alça dəyib dərməmişəm,
Dərib çığa sərməmişəm.
Mən Sarayı görməmişəm,
Apardı seller Sarayı,
Bir ala gözlü balanı.

Saranın anası:

Ceyran endi düzə gəldi,
Erkəciynən sözə gəldi.
Saray balam gözə gəldi,
Apardı sellər Sarayı,
Bir ala gözlü balanı...

Üçüncü əfsanə: Sara, Arpaçay və əjdaha

Deyilənlərə görə, Sara çox gözəl imiş. Sərv boylu, incə belli, ağ buxaqlı, alma yanaqlı Saranın bədənində günəş şoxu kimi heyrətli bir işıq varmış. Qızın aşiqi, dəli-divanəsi sandan keçibmiş. Lakin Sara öz ürəyini Xançobana veribmiş.

Saranın gözəlliyinə təbiət də vurğun imiş. Rəvayətə görə, zaman-zaman kükrəyib daşan Arpaçay və onunla düşmən kəsilən bir əjdaha Saranın vüsalı üçün alışıb yanırmış. Onlar qızla qovuşmağa fürsət axtarırlarmış.

Bir gün Sara sevgilisi Xançobanın yollarına baxmaq üçün kənddən aralanır. O, yavaş-yavaş gəlib Arpaçayın sahilinə çatır. Çayın həzin və yanıqlı nəğməsi, ləpələrin narahatlıqla oynaşması qızı təəccübləndirir. Çay hiss olunmadan coşmağa, qabarmağa, onun ayaqlarına doğru sürünməyə başlayır. Birdən kükrəyib Saranı ağuşuna alıb aparır.

Arpaçayın Sara ilə vüsala yetdiyini görən əjdaha qısqanclıq qəzəbi ilə özünü çaya vurur. Çayı yarıb Saranı xilas edir. Əjdaha qızı kamına çəkib özü onunla vüsala yetmək istəyir. Lakin Saranın gözəl bədəninin şoxu əjdahanın gözlərini qamaşdırır. Bunu görən Arpaçayın selləri, suları yenidən kükrəyir, hayqırır. Sahil boyu aşıb-daşan çayın ağ köpükləri yenidən Saranı öz qoynuna alır. Əjdaha isə bu vüsalın həsrətinə, qısqanclığına dözməyib Arpaçayın sahilində ürəyi partlayır.

Bu əfsanə də belə bitdi, Əjdahaya bax sən hələ(♡

~Venera 💜

MİFOLOGİYAHikayelerin yaşadığı yer. Şimdi keşfedin