⚘Tor Allahların ziyafətiçün tiyan gətirir

18 14 0
                                    

Odin-dünyaya, Nyodr-küləklərə, Tor isə şimşək buludlarına hökm verdikləri bir vaxtda qüdrətli allah Eqir və onun arvadı ilahə Ran dənizlərin zənginliyinə və dərinliyinə ağalıq eləyirdilər. Onlar Aslar nəslinə mənsub deyildilər və Asqardda yaşamırdılar, lakin onlar da dünya dənizini əbədi buzlağa çevirməyə çalışan nəhəng Qrimtursenlərə qarşı ara vermədən vuruşurdular və mübarizədə şimşək allahı onlara tez-tez kömək edirdi.

Mitqarddan cənubdakı adalardan birində Eqirin gözəl sarayı, onun da altında dənizdə boğulmuş adamların saxlandığı geniş bir mağara var idi. Hər gün öz nəhəng torunu dənizə atan ilahə Ran, boğulanları toplayıb bura gətirirdi.

Eqir bahar allahını sevirdi, çünki onun gəlişi ilə buzlaq nəhəngləri şimala çəkilməyə məcbur olurdular. Odur ki, Baldrın ölümünün bir ili tamam olanda onun şərəfinə təntənəli bir ziyafət verdi, bu ziyafətə nəinki bütün Asları arvadları ilə birlikdə, həm də bəyaz elfləri dəvət etdi.

O qədər qonaq yığıldı ki, dəniz allahının pivəsi hamıya çatmadı, yemək isə tökülüb qalmışdı.

Bunu görən Tir, Torun qulağına pıçıldadı:

- Biz gərək Eqirə kömək eləyək, onun üçün daha böyük tiyan tapaq. Mən bilirəm ki, onunla birlikdə ilan Mitgardı tutmağa getdiyin mənim dayım nəhəng Qimirin belə bir tiyanı var. Dərinliyi bir mil (Mil-bir çox ölkələrdə müxtəlif uzunluğa bərabər məsafə ölçüsü. Burada söhbət dəniz milindən gedir. Dəniz mili 1852 metr uzunluğunda məsafə ölçüsüdür.) olar, ancaq onu Qimirdən almaq asan olmayacaq.

- Yaxşı, gedək! - deyə şimşək allahı cavab verdi. - Özün görərsən ki, ertəsi günün səhəri tiyan burda olacaq.

Hər iki allah, heç kəsə söz demədən, yavaşca Eqirin sarayından çıxdı və Torun arabasına əyləşdi. Bir saatdan sonra onlar artıq Qimirin mağarası önündə idilər. Həmin vaxtda nəhəng özü adəti üzrə balıq tuturdu, Asları onun anası qarşıladı, yadınızdadırsa, bu qadın eyni zamanda Tirin nənəsi idi.

O, şimşək allahını görən kimi dedi:

- Yenə bura nahaq yerə gəlmisən, Tor. Sənin ilan Mitqardı necə tutduğunu oğlum yadından çıxara bilmir və onu vurduğun üçün səndən intiqam almağa içib.

- Əgər o bizimlə lazım olduğu kimi danışmasa, ikinci şapalağı alacaq!- deyə Tor acıqla cavab verdi. - Allahlara qohumluğu çatmasaydı, Mitqarda mənim çəkicimin zərbəsindən qaçmağa kömək elədiyi üçün onunla başqa cür haqq-hesab çəkərdim.

Tir dedi:

- Bəsdir, Tor, sakit ol. Biz bura qonaq gəlmişik, gəl ev sahibi ilə dalaşmayaq. Nənəcan, biz gəlmişik Qimirdən xahiş eləyək ki, tiyanını bizə versin, - deyə o, nəhəng qadına müraciət etdi, - tiyanda Eqirin ziyafəti üçün pivə bişirmək istəyirik.

Qimirin anası başını buladı:

- İnanmıram Qimir onu sizə versin. Özünüz bilirsiniz ki, Qimirlə Eqir qan düşmənidirlər. Yaxşı, çalışaram onu yola gətirim. Siz isə, o gələndə dərhal onun gözünə görünməyin.

Axşama yaxın ağır addım səsləri eşidildi və Qimir mağaraya girdi. Onun saqqalından və bığından iri buz saçaqları asılmışdı, bu, onu daha vahiməli göstərirdi. Mağaranın tavanını saxlayan daş sütunlardan birinin arxasında gizlənmiş Toru və Tiri görməyən nəhəng kürsüyə əyləşdi və anasına dedi ki, onun üçün şam hazırlasın.

- Bu gün bizə böyük bir şənlik üz verib, Qimir, - deyə nəhəngin anası cavab verdi, - bacım oğlu, igid Tir bizə qonaq gəlib, Qrunqnirin qüdrətli qalibi də onu müşayiət eləyir. Budur, onlar sütunun dalında dayanıblar.

MİFOLOGİYAHikayelerin yaşadığı yer. Şimdi keşfedin