⚘Valanın öncəgörməsi

19 16 0
                                    

Od allahının qayaya bağlandığı gündən uzun illər keçdiyi, Baldrın ölümündən doğan kədərin Asların ürəyində tədricən azaldığı, nəhəng qadın Yarnsaksanın Tora, qüvvətdə öz qardaşı Maqnidən geri qalmayan Modi adlı ikinci oğul doğduğu, şimşək allahının məğlub etdiyi nəhənglərin Asqardın yolunu belə unutduqları, Mitqardın ən uzaq guşələrində insanların məskən saldıqları bir vaxtda yer üzündə Vala zahir oldu; adi adam ətrafında baş verən hadisələri necə görürsə, Valanın da gözləri gələcəyi beləcə aydın görürdü.

Valanın şöhrəti bütün dünyaya yayıldı, hətta Asqarda da gəlib çatdı və böyük Odin özünün və uşaqlarının gələcək taleyini öyrənmək üçün Valanı yanına çağırdı.

Vala öz hekayəsinə belə başladı:

Fala baxıb deyirəm hamıya hikməti: Ağırdır allahların gələcəkdə qisməti.

Görürəm ki, Aslar yüz illərdən bəri həmişəki kimi dünyaya hökmranlıq eləyirlər, onların var-dövləti ildən-ilə artır; görürəm ki, insanlar allahlara səcdəyə düşür və nəhənglər onlardan qorxurlar; ancaq mən onu da görürəm ki, allahların başları üzərində qara buludlar sıxlaşır və onların həyatının sonu get-gedə yaxınlaşır.

Budur, görünməmiş şaxtası və küləkləri olan üç qış bir-birinin dalınca gəlir. Günəş demək olar ki, gözə dəymir: onu duman bürüyüb. Lakin insanlar, bunu görmürlər: onlar, parıltısı gözlərini qamaşdıran qızıldan ötrü bir-birilə vuruşurlar.

Görürəm ki, üçüncü qışın axırında od allahının buxovları qırılıb tökülür və o, ürəyi kin və intiqamla dolu halda, ayağa qalxır. Qüdrətli Fenris yerin dərinliklərindən çıxır, ən qüdrətli Asdan aldığı yaranı sağaltmış ilan Mitqard isə dənizin dibindən qalxır.

Görürəm ki, Loki, Niflxeymdəki və Yotunxeymdəki bütün nəhəngləri başına toplayır və onlar "Naqlfar" gəmisində Mitqarda tərəf gəlirlər. Muspelxeymin qüdrətli hökmdarı, əlində odlu qılınc tutmuş nəhəng Surt da onların arasındadır. "Naqlfar" gəmisi çox böyükdür- o, ölənlərin hamısının dırnaqlarından qayrılıb - dünya dənizinin dalğaları ilə saysız-hesabsız qoşun daşıyır.

Budur, Xeymdall öz qızıl şeypurunu çaldı, Valhallanın beş yüz qırx darvazasının hamısı taybatay açıldı və hər darvazadan səkkiz yüz əsgər çıxdı.

Başına qızıldan qanadlı dəbilqə qoymuş, əlində nizə Qunqniri tutmuş Odin öz Sleypnirində əsgərlərin önündə çapır. Qalan Aslar da silahlanırlar və göyqurşağı körpüsündən keçib, düşmənləri qarşılayırlar.

Görürəm ki, onlar Viqrid vadisində nəhənglərlə üz-üzə gəlirlər. İndi isə-ah, nə böyük bəla! - görürəm ki, Fenris allahlar atasını parçalayır və şanlı şimşək allahı, ilan Mitqardı öldürür; ancaq nəhəng ilanın meyitindən cəmisi doqquz addım uzaqlaşa bilir, özü də zəhərdən məhv olur. Görürəm ki, Loki Xeymdalla vuruşur, ikisi də bir birini həlak eləyir. Görürəm ki, Helin, meyit əti yedirtdiyi köpək Qarm, Tirin üstünə atılır və onunla bir yerdə ölür.

Artıq gözəl Freyr, Surtun odlu qılıncından həlak olmuşdur. Muspelxeymin hakimi, Friqqi və öz ərləri ilə çiyin-çiyinə vuruşan başqa ilahələri qətlə yetirmişdir.

Budur, Vidar irəli çıxır. Onun ayaqlarında, dünyada ən qalın altlığı olan başmaq var. Onlar insanların uzun illərdən bəri öz ayaqqabılarına tikdikləri yamaqlardan hazırlanmışdır. Qaradinməz As ayağını Fenrisin çənəsinə dayayıb, qılıncını onun damağına sancır və dəhşətli heyvanı öldürür.

Budur, Maqni ve Modi də atalarının çəkicini qaldırıb, döyüşə atıldılar. Budur, Ulrun kamanından çıxan ox birbaş hədəfə dəyir. Görürəm ki, Surt Myolnirin zərbəsindən həlak olur. Görürəm ki, nəhənglər məğlub olublar, lakin Muspelxeym hökmdarının odlu qılıncı göyrüş ağacı İqdrazilin üstünə düşür və möhtəşəm ağac alova bürünüb. Əddaha Nidqyoqun yeyib, çeynədiyi rişələr ağacı saxlaya bilmir və o yerə yıxılır. Onunla birlikdə göy qübbəsi də dağılır, torpaq isə dünya dənizinə batır. Budur, canavar Skel və Geti, Ayı və Günəşi uddular, mən daha heç nə görmürəm.

Vala susdu. Aslar da başlarını aşağı salıb dinmirdilər. Hətta qüdrətli Tor da danışmırdı. Bir neçə dəqiqə keçdi və o yenidən sözə başladı:

- Sevinin, allahlar! Görürəm: tüstü çəkildi, göydə təzə Günəş parladı, əvvəlkindən də aydın və gözəl bir Günəş. Asqard, Mitqard, Yotunxeym və Muspelxeym artıq yoxdur, cırtdanların və elflərin ölkələri də gözümə dəymir-təkcə dünya dənizinin dalğaları gurultu ilə şimaldan cənuba, şərqdən qərbə axır.

Mən yalnız dənizi və Günəşi görmürəm. Göyün dərinliklərində, əvvəllər Asqardın olduğu yerdə, ondan da yüksəkdə qara dinməz Vidarı, igid Valini, qüdrətli Maqnini ve Modini, hədəfi düz vuran Ulru görürəm - onlar sağ qalıblar. Helin səltənətindən qaçıb qurtara bilmiş Baldr və Xod da onların yanındadır. Maqninin kəmərinə atasının məşhur çəkici keçirilib. Cavan allahlar bir-birilə danışır, keçən əsrlərdə baş vermiş hadisələri və qəhrəmanlıqları xatırlayırlar, özləri üçün təzə ölkə qururlar, aşağıdan, dünya dənizindən yenə də torpaq qalxır. O başdan-başa yaşıldır, gözəl meşələrlə, bağlarla, otlaqlarla və çəmənlərlə örtülüb. Bax, bu da insanlar. Onlar artıq var-dövlət haqqında düşünmürlər. Qızıl parıltısı insanları artıq kor eləmir. Onlar daha bir-birilə vuruşmur, firavan və xoşbəxt həyat keçirirlər.

Valanın yenə susduğunu görən Odin soruşdu:

- Bütün bunlar nə vaxt olacaq, Vala?

- Mən sənə ancaq onu deyə bilərəm ki, hamısı olacaq.

Aslar qeyri-ixtiyari onun sözlərini təkrar etdilər:

- Bu olacaq!

Allahların İsveç kralına danışdıqları bundan ibarətdir və bu yerdə hekayə bitir.

Ancaq Qülfi Aslarla görüşmüş və danışmış yeganə bəndə deyildi.

Keçmişlərdə göy sakinləri tez-tez yerə endikləri zaman şairlər allahı Braqi də insanlar arasında gəzirdi. Sadə aşıq adı ilə kənddən kəndə keçirdi, uzun qış gecələrində tonqal, ya da ocaq başında əyləşib başına gələnləri insanlara danışırdı. Bu hadisələrdən çoxu onları eşidənlərin hafizəsində qalıb, bəziləri isə deyilənə görə, allahların özlərinin düşünüb-tapdıqları xüsusi Runa hərfləri ilə qələmə alınıb.

Braqinin danışdıqlarının hamısını heç kəs yadında saxlaya bilməz, lakin onun iki sərgüzəştini, Volsunqların şanlı nəsli və usta dəmirçi Völünd haqqında hekayətini eşidəcəksiniz. Ama indi deyil. Artıq Skandinav dastanları serimizin birinci hissəsi bitdi.

~Bendis

MİFOLOGİYAHikayelerin yaşadığı yer. Şimdi keşfedin