1️⃣0️⃣7️⃣ İSTİ YAĞIŞLAR YAĞIR - NÜSRƏT KƏSƏMƏNLİ

3 0 0
                                    

İsti yağışlar yağır

Əllərini yelləyib,
"Əlvida" deyib getdin,
İndi yorğun gözlərin
Niyə yollara baxır?
Hönkürüb ağlamağı
Göylərə sən öyrətdin,
-Görürsənmi, hələ də
-İsti yağışlar yağır.
Dərmədiyin çiçəklər
Gözlərindən şeh aldı,
Lalələnmiş yamacdan
Sözlü bulaqlar axır.
O mavi səmamızdan
Sənə bir bulud qaldı,
-O buluddan hələ də
-İsti yağışlar yağır.
Göylər susub... boşalma
Sən göylərin yerinə,
Kədərli gözlərində
Hələ də şimşək çaxır.
Solğun gül qönçəsitək
Açılmış əllərinə
Görürsənmi, hələ də
İsti yağışlar yağır.

Yenə payız saralır,
Sən niyə kövrəlirsən?
Gündə bir "Vağzalı"yla
Hər bəxtə bir gün doğur.
Xeyir-dua verirsən,
Yalandan da gülürsən,
Bəs niyə gözlərindən
İsti yağışlar yağır?..

Külək əsir, budaqlar
Əriyir yarpaq-yarpaq,
Dağlara duman çökür,
Sürünür ağır-ağır.
Nə bu göylər toxtayır,
Nə doyur qara torpaq;
Görürsənmi, hələ də isti yağışlar yağır.

Yarpaqlar sarı yaylıq,
Ağlama, sil gözünü,
Uçurdun səadəti,
Boylanma fağır-fağır.
İndi nəmli balışa
Söykəyibsən üzünü,
-Görürsənmi, hələ də
-İsti yağışlar yağır...

Söz: Nüsrət Kəsəmənli

Şeir Toplusu 2️⃣Hikayelerin yaşadığı yer. Şimdi keşfedin