Birinci əlaqə

348 38 49
                                    

Buna nə ad vermək olar bilmirəm. Amma qarşı- qarşıya olduğum şey yaradılış anından bəri var olan ən möhtəşəm şeydir. Etməli olduğum hərəkət isə dünyanın ən təhlükəli işidir. Mənim gördüklərimi indiyə qədər heç kim görməyib. Amma sizin görmədiklərinizi görməyi heç vaxt istəməzdim. Şose ilə qaçan bir kişi düşünün. Bu mənəm. Ən sürətli gələn avtomobilə doğru qaçıram. Öləcəyimə əmin olmalıyam. Bu hər şeyin sonudur. Amma başlanğıc bu deyil. Bir neçə ay əvvələ getməliyik hər şeyi anlamaq üçün.

- Sən onlara nə mesaj ötürdün Orxan?  - mənsub olduğum elmi cəmiyyətin sədri otağıma girər- girməz soruşdu.
- Nə? 
- Həmin könüllü tələbələrə nə demisən?
- Bunu siz yaxşı bilirsiniz axı - mən sədrimin dərin gözlərinə baxarkən cavab verirəm.

Tariyel müəllim bütün neyropsixologiya araşdırmaçıları üçün əsl ideal idi. Onun ağ tükləri və gözündən heç çıxarmadığı, burnunun ortasında duran eynəyi ona əsl alim havası qatırdı. Əslində o həqiqətən də ölkəmizin ən öndə gedən professorları sırasına adını salmağı bacarmış və bu yerin haqqını da verirdi.

- Yolunda getməyən bir şey olubmu Orxan? 
- Hər şey qaydasınca oldu. Nə olub axı?  Mən sizə hesabatı təqdim etmişdim.
- Hesabatı rədd elə. Səninlə müdirin kimi yox, dost kimi danışıram.

Mən Tariyel müəllimi ancaq elmi tədqiqatlarda bu şəkildə həyəcanlı görürdüm. Yeni elmi kəşf zamanı Tariyel müəllimin üzü gərilir və oturduğu yerdə tər damlaları üzünü qaplayırdı.
- Tariyel müəllim axı nə olub? Pis bir şey olmayıb ümid edirəm.
- Orxan pis çox şey olub. Eksperimentdə iştirak edən 10 nəfərdən 7- i intihar edib.
- Nə? - artıq mən də narahat olmağa başladım.
- Həm də cəmi bir həftə sonra. Hər günə bir nəfər düşür.
- Bunun bizlə bir əlaqəsi yoxdur. Ola bilməz.
- Polislər belə düşünməyəcək. Tələbələrin valideynlərindən biri bizim eksperiment barəsində danışıb.
- Amma biz günahsızıq. Ümumiyyətlə son dövrlər intiharlar cəmiyyətdə artıb. Depressiya son nöqtədədir. Mənim son vaxtlarda olan pasiyentlərimin əksəriyyəti depressiv və intihara meylli olan insanlardı.

Anladığınız kimi mən neyropsixoloq- psixoterapeftəm. Biz bir neçə alim olaraq neyropsixologiya sahəsində araşdırmalar edirik. Etdiyimiz sonuncu araşdırma bütün genetik faktorları nəzərə almayaraq sosial mühit amillərinin insan xarakterinə necə təsir etməsi ilə bağlı idi. Bunun üçün 10 könüllü tələbə seçmişdik. Nəticələr insanı beyinin hüdudsuzluğunun zirvəsinə qaldırırdı.

- Orxan sən yetərincə ağıllı adamsan. - Tariyel müəllimin bu şəkildə təriflə başlayan nitqi sonda günahlandırmağa keçirdi. O əvvəlcə insanı sığallayır, sonra vururdu. - Sən anlamalısan ki, eksperimentdə iştirak edən 10 tələbədən 7 nəfərinin intihar etməsi şübhələnmək üçün kifayətdir.
- İçlərindən biri intihar edə bilərdi təsadüfən. Digər tanışları da bundan və ya onu buna təhrik edən başqa faktorlardan təsirlənərək intihar edə bilərlər. Sirayət. Kütləvi intihar.
- Tələbələr fərqli universitetlərdən seçilmişdir. Onlar bir-birini tanımırdılar.
- Tariyel müəllim siz düşünürsünüz ki, bunu mən etmişəm?
- Bəlkə hardasa səhvlik olub?  Onların beyni ilə bağlantı qurdun. Bəlkə orda bir şey görmüsən?!
- Mən hər şeyi planlaşdırılmış şəkildə etdim. Siz ki, eksperiment dosyalarını özünüz görmüşdünüz.
- Bizi təmizə çıxaracaq bir şeylər tapmalısan Orxan.

Tariyel müəllimin mənim üstümə düşməyinin səbəbi bəlli idi. Çünki eksperimentator mən olmuşdum. Biz həmin 10 tələbədən müəyyən anketləri doldurmasını xahiş etdik. Bununla onların xarakterini müəyyən edirdik. Daha sonra onların beynini elektrodların, hipnotik işıqların və bir neçə subliminal mesajların köməkliyi ilə trans halına salırdıq. Mən öz beynimlə onların beyni arasında bağlantı yaradaraq onlara müəyyən fikirlər ötürürdüm. Bu fikirlər onların xarakterlərinə zidd olmalı idi. Trans halından çıxdıqdan sonra onlar bir saat boyunca özlərini mənim onlara göndərdiyim fikirə uyğun şəkildə aparırdılar. Bu eksperiment sosial təsirin genetika üzərində necə hakim olduğunu göstərirdi. Lakin bir saat sonra beyin özünü müdafiə edərək yad fikiri kənara atırdı və hər kəs əvvəlki xarakterlərinə dönürdü.

Bağlantı Where stories live. Discover now