On ikinci əlaqə

22 6 1
                                    

Bağlantının keçmiş bölümlərindən

Bundan sonra baş verənləri heç kim gözləmirdi. Çünki mənim yadıma tapançamın hələ cibimdə olması düşdü.
- Nə danışırsan sən? - Nadir deyərkən mən tapançanı çıxarıb atəş açdım. Bu yara Nadiri öldürməsə də onu yerə yıxmağı bacardı.
-----------------------------------------------------
- Baxın. Bir insanın beyni bizim laboratoriyadadır. Və sizin yaşadığınız bütün bu dünya o beyinin içində yaranır. Sizdən tək istədiyim oğlunuz vasitəsilə həmin adama bir mesajı göndərməkdir.
- Nə?
- Oğlunuz ona desin ki, etdiyi hər şeyi polisə danışsın. Polis də o zaman bütün bunlara son versin.
- Yəni.... Biz məhv olacağıq? - Ləmanın bədəninə bürünmüş Ülviyyə adlı bu qadın soruşdu.
- Siz heç yoxsunuz.
--------------------------------------------------------
O bıçağı ilə mənim üstümə növbəti hücumu çəkirdi ki, qaranlıq çökdü. Heç nə görməsəm də Elnarənin səsini eşitdim.
- Təbriklər. Bir saat bitdi.
Mən gözlərimi açanda həqiqətən də laboratoriyada idim və gördüyüm gülümsəyən üz Elnarəyə məxsus idi.

İndi

Gözlərimi açıb Elnarəni görürdüm və həqiqətin əslində necə olduğunu dərk etsəm də baş verənləri qəbullana bilmirdim.
- Orxan, sən yaxşısan?
Bütün enerjim sanki sovrulmuşdu. İçimi anlaşılmaz bir həyəcan bürümüşdü. Ümumiyyətlə qorxaq adam olmasam da hal - hazırda demək olar ki, qorxudan əsirdim. Üstəlik nədən qorxduğumu da anlaya bilmirdim. Bunun əyləncəli olduğunu düşünə bilərsiniz. Beyininizin içində bir dünya yaratmaq və orda super qəhrəmana çevrilmək. Amma həyat hollywood filmlərindən daha qəddardı. Və bütün kədərinə rəğmən heç nə əsl həyat qədər gözəl deyil. Gəl ki, əsl həyatın nə olduğu mübahisəyə açıq mövzudur.
- Orxan, məni qorxudursan. Cavab ver.
Ümumiyyətlə nə baş verib?  Elnarə sağdır və mən beyini falan inkişaf etməmiş adi insanam. Beyniniz qarışdı elə deyilmi?  Hadisələrin xronologiyası çox sadədir. Biz eksperiment təşkil etmişdik və eksperimentdə iştirak edən 10 tələbədən 7-si intihar edincə polis, ölən tələbələrdən birinin quldur atası Şahin məni ələ keçirməyə çalışdı. Mən isə nə baş verdiyini aydınlaşdırarkən Nadirin Hüseynlə söhbətini eşitdim və hər şeyin onun başının altından çıxdığını öyrəndim. Daha sonra kömək üçün müraciət etdiyimiz Şəfiqə xanım da bizi öldürməyə çalışarkən qaçdıq və buraya gəldik. Nadirin fikirlərinə təsir edib onu təslim olmağa yönləndirmək üçün tələbələrdən birinin laboratoriyada tutulan beyninə girdim. Bundan sonra baş verənlər isə heç baş vermədi. Elnarə ölmədi, Tariyel müəllim xain çıxmadı, LLP təşkilatı Azərbaycanda heç bir layihə həyata keçirmədi, Nadir keçmişdən bu yana yaşamadı, mən mutanta çevrilmədim, beyinim inkişaf eləmədi, Ləman mənə silah doğrultmadı. Onsuz da real həyatda belə şeylər olmur. Bütün bunlar nağıl kimi səslənsə də biz yuxuda da qeyri-adi hadisələri normal qarşılayırıq.
- Elnarə - demək olar ki, xırıldadım.
- Nə oldu? 
- Desəm də inanmazsan.
- Sına hələ.
- Burdan çıxmalıyıq. Yolda hər şeyi danışaram.
Biz arxa qapıdan çıxıb Elnarənin maşınına oturduq. Bədənimin hər bir əzası ağrıyırdı, nə də olmasa bu səhər Şahinin adamları tərəfindən döyülmüşdüm. Elnarə avtomobili idarə edərkən bir tərəfdən də məni dinləyirdi. Mən ona danışdıqca gözləri bərəlirdi.
- Bu dediyin yan təsirlərdən biridir?  Harda olduğunu unudub hər şeyi öz həyatın kimi anlamısan.
- Hər şey o qədər real idi ki... İnanılmazdı.
- İndi hər şey sənin üçün yenidən başlayır hə?  - Elnarə gülümsədi.
- Sən lağa qoy. Sənin üçün hər şey daha sadədir.
- Superqəhrəman olmusan da. Day nə istəyirsən?
- Bu yaşımda şüuraltımda belə uşaqca istəklərin olması normaldır? - mən də güldüm.
- Bilmirəm, dahi olan sənsən.
- Məsələ bilirsən nədir?  Əvvəllərində mən sadəcə bir beyinin içindəydim. Yalnızca o beyinin qurduğu dünyada yaşayırdım. Lakin bir müddət sonra mənim beynimdə bu tələbənin beyni ilə işbirliyi etməyə başladı. Və mən iki beyinin ortaq yaratdığı dünyanın içində yaşamağa başladım. Görünən odur ki, mənim zehnim daha üstün olub. Çünki yaşadığım şeylərin əksəriyyəti mənimlə bağlı idi. Amma məndən xəbərsiz şəkildə tələbənin beyninin qurduğu personajlar mənim arxamdan iş çevirirdilər.
- Hər şeyi anlayıram, amma bir şey mənim üçün qaranlıqdı.
- Nə?
- Mənimlə bağlı gördüklərin doğru idi.
- Hansı?  Ölməyini deyirsən? - zarafatla dedim. Deyəsən yenidən həyata qayıtmağım və hər şeyin daha yaxşı olduğunu görmək mənə sevinclə birgə şitlik də gətirmişdi.
- Təcavüzü deyirəm. - Elnarə isə soyuq şəkildə dedi.
Mənim üzümdəki gülüş yoxa çıxdı.
- Bu həqiqətdir?
- Hə.
Bunun həqiqət olması o demək idi ki, beynimdə daha öncədən belə bir informasiya olub. Amma əminəm ki, heç vaxt Elnarənin təcavüzə uğradığını öyrənməmişəm. İndi isə Elnarənin üzünə baxaraq nə demək lazım olduğunu fikirləşirdim. Hansı ifadəni istifadə etsəm onu daha az incidərəm görəsən? 
- Əgər yaralarını xatırlatdımsa üzr istəyirəm.
- Yox, problem deyil. Bununla yaşamağı öyrənmişəm.
- Çətin olmalıdır. Amma sənin kimi bir insan bunun öhdəsindən gələ bilər əlbəttə.
- Necə yəni mənim kimi?
- Yəni - deyərək bu səhər Elnarənin öldürdüyü adamları və partlatdığı yanacaqdoldurma məntəqəsini düşünərək dedim - normal qadın standartlarında olmayan insan üçün.
- Demək istəyirsən mən normal qadın standartlarında olmayan insanam?  Mənim hislərim yoxdur və mən vəhşiyəm?
- Yox əlbəttə, elə demək istəmədim.
- Eh, Orxan, arada qadınla necə davranmaq lazım olduğuna aid də kitablar oxu.
- Bunu tez-tez deyirlər mənə.
Araya sükut çökdü və mən yenə elmi düşüncələrimə daldım. Əgər kimsə mənə nə vaxtsa Elnarənin təcavüzə uğradığını deməyibsə və bu məlumat mənim beynimdə varsa deməli bu nəticəyə əqli mühakimələrlə gəlmişəm. Elnarənin içində necə bir qəzəb dalğasının yatdığının daha bu səhər şahidi olmuşdum. Hər adam bir məkanı partladıb, insan öldürdükdən sonra bu qədər sakit və normada ola bilməz. Belə halları hələ o vaxt Freud analiz edərək sensasion nəticəyə gəlmişdi. O sübut edirdi ki, bu kimi nevrotik epizodların səbəbi əsasən cinsi doyumsuzluq və erkən gənclik ya da uşaqlıq dövründə yaşanmış cinsi xarakterli travmalardı. Həmçinin bu səbəblərin qadın və kişilərdə fərqli olduğunu da qeyd edirdi. Qadınlarda nevrozun yaranma səbəbləri kimi Freud aşağıdakıları göstərirdi.
1. Uşaqlıq dövründə şahid olduğu cinsi səhnələr. Əgər bir uşaq təsadüfən valideynlərinin cinsi əlaqədə olduğunun şahidi olursa və ya porno film izləyirsə bu onun şüurunda travma olaraq qalacaq. Çünki o şahidi olduğu səhnənin daxili mahiyyətini anlamayaraq sadəcə bunu tərbiyəsizlik olaraq qiymətləndirəcək. Valideynlərinin tərbiyəsiz olması fikri və porno filmlərdə gördüyü anlaşılmaz səhnələrin ağırlığı onun şüuruna elə bir təsir göstərəcək ki,  o gələcək həyatı boyunca nevrotik epizodlardan əziyyət çəkəcək.
2. Qırıq sevişmə adı verdiyimiz bir sevişmə növünün insanlarda nevroz yaratdığı təsdiq olunmuşdur. Bu sevişmə zamanı hamiləliyin qarşısını almaq üçün son anda cinsi akt dayandırılır və masturbasiya ilə əvəz olunur. Cütlüklər tez-tez qırıq sevişmə etdikləri təqdirdə onlardan heç olmasa birində nevroz yaranacaq. Çünki kişi sadəcə öz rahatlamasını düşünürsə bu zaman qadın heç vaxt cinsi tələbatını ödəmiş sayılmayacaq. Qırıq sevişmə zamanı kişinin qadının rahatlamısını düşünəcəyi təqdirdə özü cinsi həzzdən məhrum qalacaq. Göründüyü kimi qırıq sevişmə davamlı olarsa cütlüklərdən birinin nevroza məhkum olması qaçınılmazdır.
3. Uşaqlıq və ya erkən gənclik dövründə təcavüzə ya da tacizə məruz qaldıqda insanda nevroz yaranır.
Elnarədə kəskin nevrozun olduğu bu sadaladığım hallarla bağlı ola bilərdi. Təbii ki, bu bütün nevrozların cinsi səbəblərdən qaynaqlandığı anlamına gəlməz. Elnarənin təcavüzə məruz qalması beynimin sadəcə uğurlu təxmini idi.
- Orxan - Elnarənin səsi məni düşüncələrdən ayırdı. - Hara gedirik?
Mən yaşadıqlarımdan hansının həqiqət olduğunu ayırd edərək dedim :
- Xəyali dünyada e - mailim vasitəsilə Nadirin ünvanını öyrənib, ora getmişdik. Bəlkə yenə elə edək?  Bəraətimiz üçün bir şeylər tapa bilərik.
- Bu təhlükəli olmaz? 
- Şəfiqə xanımdan qaçarkən Nadiri vurdum. İki saata Nadirin ayağa qalxacağını düşünmürəm. Təbii ki, burda - real həyatda onun işınlanmaq qabiliyyəti də yoxdur.
- Onda gedək.

Bağlantı Where stories live. Discover now