Buna nə ad vermək olar bilmirəm. Amma qarşı- qarşıya olduğum şey yaradılış anından bəri var olan ən möhtəşəm şeydir. Etməli olduğum hərəkət isə dünyanın ən təhlükəli işidir. Mənim gördüklərimi indiyə qədər heç kim görməyib. Amma sizin görmədiklərinizi görməyi heç vaxt istəməzdim. Şose ilə qaçan bir kişi düşünün. Bu mənəm. Ən sürətli gələn avtomobilə doğru qaçıram. Öləcəyimə əmin olmalıyam. Bu hər şeyin sonudur. Amma başlanğıc bu deyil. Bir neçə ay əvvələ getməliyik hər şeyi anlamaq üçün. Yoxsa bir gün əvvəlmi deməliydim. Xatırlayırsanmı? Bunun olacağı əvvəlcədən bəlli idi.
İki saat əvvəl
Nadirin evində sanki zaman donmuşdu. Elə bil Tanrının ən sevimli oğlu Amanidiel özü buraya enmiş və hər şeyi yavaşlatmışdı. Mən nəinki saatın əqrəbinin səsini eşidirdim, ürəyimin döyüntüsü və damarlarımda axan qanın səsi də qulaqlarımı doldururdu. Hər şeyin bitdiyi nöqtədə mən indi başqa cinayətlərdə təqsirkar bilinirdim. Belə olacağını düşünməmişdim. Nadiri güllələmək, hüquq - mühafizə orqanlarından yayınmaq mənim bir neçə il həbsxanada yatmağım üçün kifayət idi. Elnarə də mənə baxır və haqlı olduğumu dərk edirdi. Mən bu işdən necə qurtulacağımı düşünərkən beynimə girən ağrı ilə yerə çökdüm. Hər iki əlimlə başımı sıxaraq özümdən asılı olmadan qışqırdım.
- Orxan nə oldu? Yaxşısan? - Elnarə də mənə sarı əyilib narahatlıqla soruşdu.
Mən isə artıq Elnarəni nə görür nə də eşidirdim. Mən çöldə idim. Gedirdim. İndi qarşıdakı dayanacaqda avtobusa minəcəm və nəhayət ki, dünəndən bəri beynimdə fırlanan şeyi edib xilas olacam.
- Orxan, yaxşısan?
Mən başımı qaldırıb Elnarənin üzünə baxdım.
- Oğlum - dedim - o intihar edəcək.Biz tələm-tələsik evdən çıxarkən düşündüm ki, Nadirin evinə girməyimiz bilinsə qanunsuz əməllərimin üstünə biri də əlavə olunacaq. Amma indi bunları düşünməyin zamanı deyildi. Nicat təhlükədə idi. Biz maşına oturarkən Elnarə soruşdu :
- Heç olmasa hara getdiyimizi bilirsən?
- Günəşliyə sür - əmredici tərzdə dedim.Yolda tıxacın olmadığuna ümid edə - edə bir xeyli yol qət etmişdik ki, Elnarə dedi :
- Bir şey demək istəyirəm.
- De - hövsələsiz şəkildə cavab verdim. Deyəsən oğlumun təhlükədə olması fikri mənim həmişə fəxr etdiyim nəzakətimi sarsıtmışdı.
- Sən laboratoriyada yatarkən yəni o beyinin içində olarkən mən ətrafa baxmaq üçün arada qapıdan boylanırdım. Birində də Elmarı gördüm. O laboratoriyaya girib dedi ki, Tariyel müəllim evinin ətrafına əlavə mühafizəçi istəyib.
- Nəsə olub ki?
- Şahin Tariyel müəllimi öldürmək istəyib. Səni əlindən qurtardığım adam.
- Ölən tələbənin atası.
- Eynən. İndi də Tariyel müəllimi şantaj edərək səni istəyir.
- Qəribədir, mən o beyinin içindəki dünyada belə bir şey yaşamışam. Sizin danışığınız böyük ehtimalla mənə təsir edib.
- Hə, yəni bu Şahin problemi də hələ davam edir.
- Kefimi bir az da qaçırdığın üçün təşəkkür edirəm.------------------------------------------------------
Nadir o səhər növbətçi məhkəməyə çıxarıldı. Nadirin hər şeyi etiraf etməsinə baxmayaraq şahid yetərsizliyinə görə məhkəmə təxirə salındı. Əsgərlər əli qandallı Nadiri məhkum maşınına oturdub yol aldılar. Onları öndə və arxada iki patrul maşını müşahidə edirdi. Nadir əli qandallı şəkildə oturub hər şeyin bitdiyini düşünürdü. Ən qəribəsidə bu idi ki, o niyə belə bir şey etdiyini anlaya bilmirdi. Keçən zaman içərisində bütün günahlarını etiraf etməklə qalmayıb, həm də dediklərini sübut etmişdi. Artıq bu yolun dönüşü yox idi. Birdən maşın dayandı. Nə baş verir? Bu qədər tez çata bilməzdilər. Bu an Nadiri dəhşətə gətirəcək səslər yüksəldi. Bunlar atəş səsləri idi. Səslərdən aydın olduğu qədəri ilə kimsə polislərə atəş açırdı. Nadirin yanındakı polislər silahlarını qapıya tuşlayıb hazır vəziyyət aldılar. Atəş səsləri isə bir azdan dayandı. Kimsə qışqırdı.
- Nadir hər şey bitdi. Artıq havaya uçmağının zamanıdır.
Polislərdən biri digərinə qışqırdı :
- Partladacaqlar maşını.
Polislər qapını açıb çölə çıxan an əslində tələyə düşdüklərini anladılar. Çünki gələn düşmənlər hər kim idisə onların partladıcı silahları yox idi. Polislər ətrafda sərələn həmkarlarının cəsədlərini görərkən başa düşdülər ki, bir azdan onları da bu aqibət gözləyir. Hər tərəfdən üstlərinə yağan güllə yağışı onların bədənini dəlik- deşik etdi.
- Çıx çölə Nadir. - Səslər yüksəldi - Şahin müəllimdən heç kim qaça bilməz.
Nadir isə maşının içində büzüşərək oturmuşdu. Sanki ümid edirdi ki, bu cür büzüşməklə o qədər balacalanacaq ki, onu öldürməyə gələnlər içəri baxdıqları zaman onu görməyəcəklər. Lakin belə şeylər həyatda olmur. Həyatda kimsə son anda peyda olub səni təhlükədən xilas eləmir. Qaçmaq lazımdır. Nadir bir elm insanı kimi beynində ehtimalları götür - qoy etməyə başladı. Maşının içində qalsa yüz faiz gec - tez öləcəkdi. Amma bir ehtimal da vardı. Furqandan düşüb qaçmaq. Böyük ehtimalla o düşən kimi güllənəcəkdi. Amma çox kiçik ehtimalla da olsa qaça bilərdi. Bəlkə qaça bilərdi. Bir anlıq ölüm düşüncəsi Nadirin canına vəlvələ saldı. O heç vaxt düşünə bilməzdi ki, şüurunun dərinliklərində ölümdən bu dərəcə qorxur. Bir ateist kimi o ölümdən sonrakı həyata inanmırdı. Ölmək, tamamilə yox olmaq, zehnini və özünü hiss etməmək çox dəhşətli görünürdü. Kaşki, ölmədən qabaq hafizəsini bir süni intellektə yükləyə bilərdi. O zaman ölsə də həmin o süni intellektdə var olar, yaşadıqlarını xatırlayar, düşünə bilər və qərarlar qəbul edərdi. Amma tamamilə yox olmaq çox pessimist baxış bucağı idi. Nadir bəlkə də həyatında ilk dəfə ümid etdi ki, ölümdən sonra yaşam var. İndi öləndən sonra göylərə yüksələcək. Amma onun intellektual məntiqi şiddətlə bu fikrə qarşı çıxırdı. " İndi öləcən və heç bir şey olmayacaq ". Nadir özünə təsəlli vermək üçün sadə məntiqi əlaqəni düşündü. Biz doğulana qədər heç bir şey hiss etmirik və baş verən heç nəyə görə kədərlənmirik. Ölüm də belədir. Sən yox olduğunu belə hiss etməyəcən. Mark Tven necə deyirdi?! " Mən ölümdən qorxmuram, çünki mən olduğum müddətcə ölüm olmayacaq, ölüm olanda da mən olmayacam " Nadir övladının olmadığını düşünərkən anladı ki, bu həyatdakı bioloji missiyasını belə yerinə yetirməyib. Çünki bütün canlıların bioloji baxımdan həyatdakı yeganə vəzifələri nəsil artırmaqdı. Nadir isə indi öləcək və genlərini də özü ilə birlikdə aparacaq. Təbiət Nadiri xatırlamayacaq, çünki onun yaşaması ilə yaşamaması arasında fərq yoxdur. İndi isə fəlsəfədən daha vacib şeyləri düşünməlidir. Məsələn, həyatda qalmağı. Nadir maşından tullanıb əks istiqamətdə qaçmağa başladı. Hələki, qaçır. Deyəsən qaça biləcək. Onu görməyiblər. Alınacaq. O qaçır. Amma sonra gurultulu bir səs qulaqlarına doldu. Onu gördülər. Dayanmaq olmaz. O qaçmalıdır. Nadir birdən gördü ki, o qaçdıqca yolda da öz arxasınca qan izi qoyur. Məhz onda ağrını hiss etdi.
-------------------------------------------------------
Mən maşında oturub bütün bu həngamənin bitməsi üçün dua edirdim. Əgər vaxtında Günəşliyə çatmasaydım, oğlum intihar edəcəkdi. Amma onu qurtara bilsəm sonrakı işlər necəsə həll olunacaqdı.
- Sən yaxşısan, Orxan? - Elnarə soruşdu.
- Yox. İki gün əvvəl çox gözəl həyatım var idi. İndi isə hər şey məhv olmaq üzrədir. Ləmandan ötrü, Nicatdan ötrü çox darıxmışam.
- Elə təsəvvür et ki, başqa qadınla gözəl bir gecə keçirmək üçün evdən uzaqlaşmısan.
Mən Elnarəyə baxdım.
- Mən heç vaxt Ləmana xəyanət etməmişəm.
- Yaxşı da, Orxan. Bütün kişilər xəyanət edir.
- Bütün kişilər yox. Sadəcə vazopressin hormonu az olan kişilər.
- Hər şeyə veriləcək bir elmi cavabın var.
KAMU SEDANG MEMBACA
Bağlantı
Fiksi IlmiahBeyinin dərinliklərinə səyahət etdiyinizi düşünün. Orda tapacağınız hər şey hamımıza aiddir. Bu bizim hekayəmizdi. Hər birimizin.