7 saat əvvəl
Bu külək, günəş və bu küçə. Bu beyinin bir zamanlar gördüyü və şüuraltında toplanmış görüntülərin yaratdığı dünya. Bunu görmək və hiss etmək yaşadığım hər şeyə dəyərdi. Tamamən xəyali bir dünyadaydım. İçində olduğum beyin bir zamanlar həyatdan, filmdən, kitablardan qavradıqları əsasında yeni bir dünya yaratmışdı. Bunun necə baş verdiyini bilirdim. Bir beyin əgər həyatdadırsa amma ətrafdan qıcıq almırsa özündən bir şeylər yaradır. Yadıma neyropsixoloqların Alkatraz həbsxanasının məhbusları ilə etdikləri söhbət düşdü. Bu həbsxana dənizin ortasında ən təhlükəli cinayətkarların salındığı bir yerdir. Məşhur "Harry Potter" romanlarında təsvir olunan Azkaban həbsxanası Alkatrazdan ilham alınaraq yazılmışdır. Alkatraz həbsxanası bu dünyada getmək istəyəcəyiniz sonuncu yerdir. Çünki bu cəzaçəkmə müəssisəsi yer üzərində var olan əsl cəhənnəmdir. Amma bu həbsxananın " dəlik " adlı xüsusi bölməsi var ki, o ən təhlükəli günahkarlar üçün nəzərdə tutulub. Dəlik bu dünyadakı ən qaranlıq yerdir. Divarları səs keçirmir. Heç bir ətir hiss edə bilməzsiniz dəlikdə. Dəliyə salınan cinayətkar bütün duyğulardan təcrid olunur və heç bir qıcıq qəbul edə bilmirlər. Dəlikdə keçirilən bir gün insana bir ay kimi gəlir. Düşünün ki, zaman və məkan, varlıq və yoxluq. Burda heç nə yoxdur. Dəliyə salınan insanlar beyinlərinin onlara necə oyun oynadığını danışırlar. Bir neçə saat dəlikdə qalandan sonra, beyin xaricdən heç bir qıcıq ala bilmədiyindən insanı xəyali dünyanın içinə salır. Dəlikdə olmuş insanlardan bəzisi özünü çəmənlikdə, kimisi dağda, kimisi ailəsinin yanında görür. Gözlərin və qulaqların oyunu nəticəsində bu insanlar bir neçə günlük də olsa normal həyat yaşayırlar. Onlar bu xəyali dünyalarında insanlarla ünsiyyət qurur, istirahət edir, işə gedir və evə gəlirlər. İndi də eyni şey bu beyinlərlə olurdu. Amma bir fərq var idi ki, bu xəyali dünyaya bu dəfə yad bir insan girmişdi. O da mən idim. Külək saçlarımı yellədikcə küçədə gəzirdim. Bu dəqiqə içində olduğum bu dünyanın bir hekayə qəhrəmanı var. Yuxuda olanlar kimi hər şey həmin insanın ətrafında dönür. Onu tapıb hər şeyi ona başa salmalıyam. Beləliklə bu beyinin içinə Nadirin polisə gedib təslim olması ilə bağlı fikri salacam. Nadir bu beyinlərlə bağlantıya girdiyi ilk anda bu fikir Nadirin beyninə keçəcək. Daha sonrasında Nadirin polisə gedib hər şeyi danışması ilə mən və Elnarə təmizə çıxacaqdıq. Hələlik isə bu tənha küçədə gəzirəm. Birdən ətrafa qaranlıq çökdü. Mən başımı qaldırıb səmaya baxdığım an orda bir ev böyüklüyündə uçan filmlərdə " əjdaha " adı verilən canlını gördüm. Deyəsən o da məni gördü. Yekə ağzını açıb mənə sarı enəndə özümü yaxınlıqdakı binanın içinə saldım.
" Zibil, qorxu filmlərini sevənin beyninə girmişəm "
Əjdaha özünü binaya çırpdı. Binanın divarında nəhəng yarıq açıldı və mən daşlar üstümə tökülməsin deyə kənara çəkildim. Əgər burda ölsəm real həyatda da ölmüş olacam. Elnarə bir saat sonra məni oyadacaqdı. Bir saat boyunca sağ qalmağa çalışmalıyam. Bütün bu fikirlərimin əksinə olaraq əjdaha açılan yarıqdan içəri girdi. Mən addımlarımı sürətləndirərək yuxarı çıxdıqca əjdaha bu dar mühitdə çətinliklə hərəkət edərək ardımca gəlirdi. Mən yuxarı çıxıb binanın damına qalxdım. İndi hara gedəcəkdim? Deyəsən küncə qısılmışdım. Damın daşları birdən göyə sovruldu və əjdaha açılan yarıqdan başımın üstünə qalxdı. Caynağını paltarıma ilişdirərək məni kənara tulladı. Mən binanın damından aşağı yuvarlanmaq qorxusu altında " uçub " yenə damın kənarına düşdüm. Əjdaha yenə batmaqda olan günəşin qarşısını alaraq başımın üstünü kəsdi. Elə o anda atəş səsləri eşitdim. Yaxınlıqdakı helikopterdən əsgərlər bu bədheybətə atəş açırdılar. World War Z filmini xatırladan bu səhnədə əsgərlərin pulemyotla açdığı atəş nəticəsində əjdaha qanlı bir partlayışla öldü. Helikopterdən mənə nərdivan salladılar. Mən bu " qorxu, elmi fantastika " janrlı filmin içində bu nərdivanla yuxarı qalxdım.
- Kimsən sən? Çöldə nə işin var? - Əsgərlərdən biri soruşdu.
- Mən... Nə baş verir?
- Çöldə nə işin var? Bunkerdən necə çıxmısan?
- Bunker? Mən heç nə bilmirəm. Mən yeni gəlmişəm bura.
- Hardan gəlmisən?
- Uzun söhbətdi. Liderinizlə görüşmək istəyirəm.
- Liderimiz bunkerdədi. Üç aydır ki, şəhərimizi bu varlıqlar basıblar. Hamı yer altındakı bunkerlərə sığınıb.
YOU ARE READING
Bağlantı
Science FictionBeyinin dərinliklərinə səyahət etdiyinizi düşünün. Orda tapacağınız hər şey hamımıza aiddir. Bu bizim hekayəmizdi. Hər birimizin.