On beşinci əlaqə

84 13 5
                                    

İndi hər şeyin üstündən 6 ay keçir. Ləman dəniz kənarında uzaqları seyr edir və düşünürdü ki, nə olmağından asılı olmayaraq bura onun üçün həmişə üzündə gülüş yaradan xatirələri özündə yaşadacaq yer olacaq. Həyatın ironiyası ya da ziddiyyətləri yoxdur. Əgər biz günəşə baxıb şeir yazacaq qədər hər şeyə məna qazandırırıqsa burda həyat neyləsin?  İnsanlar həmişə aciz olduqları bir şeyin qarşısında daha qüdrətli bir varlıq uydururlar. Keçmişdə insanlar ildırımı Tanrının qəzəbi adlandırırdılar. Amma biz indi bilirik ki, bu buludların nizamsız hərəkətinin nəticəsidir. Ona görə nə qədər indi o burda ağlasa da bura onun üçün sevən iki yeniyetmənin görüş yerindən başqa bir yer deyildi. O vaxt onlar 20 yaşı yenicə atlamışdılar. Hər görüşlərində gəlib dəniz kənarında otururdular. Xəzərin neftlə çirklənmiş və heç vaxt təmizlənməyə cəhd edilməyən sularına baxarkən düşünürdülər ki, su təmiz və mavidi. Çünki xəyallarda işığını günəşdən alan ay da işıq mənbəyidir. Orxan açıq havada olan görüşlərin daha yaxşı olduğunu deyirdi. Amma Ləman bilirdi ki, Orxanın restorana getmək üçün pulu yoxdur. Bunun üçün də Orxanın yanında açıq hava altında olan görüşlərin daha romantik olduğundan danışırdı. Onlar evlənəndə Orxan elmi işini yazırdı. Sonra Orxanın təhqiqatları saytlarda və xəbərlərdə çıxdı. Orxan anasının gözündə böyüyən uşaq kimi, onun gözündə mərtəbələrə qalxdı. Bir müddət sonra Ləman belə gənc alimin həyat yoldaşı olduğu üçün fəxr edirdi. Bütün keçmiş günlər slayd kimi gözünün önündən keçdikcə o da öz daxilində alışıb yanırdı. Demək bütün xoşbəxtliklərin sonu bahardan sonra gələn payız kimi öz bədxah sonluğudur. Ləman o gecəni heç vaxt unutmayacaqdır. Təkcə ona görə yox ki, o gecə o Orxanı itirdi. Həm də ona görə ki, o gecə onun insanlıq haqqındakı bütün humanist və optimist fikirləri çökdü. Nə də olmasa Orxanın beyninə girən güllə Tariyel müəllimin köməkçisinin silahından çıxmışdı. Əvvəlcə Şahin onu aldadıb qaçırdı. Bu quldurun onu öldürməyə təşəbbüs etdiyi an içəri naməlum adamlar daxil oldu. Onlar Ləmanı xilas etdilər. Daha sonra polislər Şahinin əllərini qandalladılar. Ləman Tariyel müəllimin evində olarkən özünü güvəndə hiss edirdi. Çünki Tariyel müəllim Orxanın təkcə direktoru ya da müəllimi deyil, həm də ən yaxşı dostu idi. Tariyel müəllimin həyat yoldaşı isə öz ərinin etdiklərindən xəbərsiz halda Ləmanı yoldaşının evdəki kabinetində tək qoymuşdu. Ləman fikirli halda oturur və içindən gələn hər hansı bir intuitiv hisslə stolun aşağısındakı siyirtməni açır. Bəlkə də buna görə qadın intuisiyasının kişi məntiqindən daha güclü və dəqiq işlədiyini deyirlər. Ləmanın açdığı siyirtmədə üzərində Orxanın şəkli olan qalın bir dosya oxunmağı gözləyirmiş kimi dururdu. Ləman üçün bu dosyadan bir neçə səhifə çevirmək kifayət etdi ki, hansı düyünlərin kim tərəfindən atıldığını anlasın. Geri qalan bu evdən qaçmaq idi. Siyirtmədən qapdığı dosyanı gödəkçəsinin altına yerləşdirib pəncərədən tullandı. Belə bir şey heç vaxt etməmişdi və buna görə ayağa qalxanda qolunda və ayağında bir neçə yara var idi.  Yenə də bacardıqca sürətlə ordan qaçdı. Polis şöbəsində dosyanı təhvil verəndən bir saat sonra Orxanın xəbəri gəldi. Orxanla Tariyel müəllimin dostları arasında atışma düşübmüş. Onlar hansısa LLP təşkilatının adını da çəkirdilər. Əvvəlcə Elnarənin ölüm xəbəri gəldi. Bu xəbər Ləmanın içini ən dərin qorxularla doldurdu və Orxanın xəbəri onun ürəyini parçaladı. Güllə Orxanın düz başından dəymişdi. Növbəti aylar Ləman üçün əsl dəhşət və qaranlıqla dolu idi. O Orxanın yoxluğuna heç cür alışa bilmirdi. Amma məhz bu ərəfədə Tanrı sanki onun yükünü azaltmaq qərarına gəldi. Oğlu Nicat sürətli və möcüzəvi şəkildə sağalmağa başladı. Dörd ay sonra artıq Nicat məktəbə gedirdi. Ləman başını oğlu ilə qatsa da hər gecə təklikdə ağlayırdı. O indi anlayırdı ki, Orxan onun üçün təkcə ər deyildi. O ata, qardaşdan artıq bir şey idi. Tələbələrin intiharı ilə bağlı olan cinayət işi bağlansa da bu Ləmana xoşbəxtlik gətirməmişdi. Çünki bu məsələnin bağlanış mərasimi onun sevdiyi insanı əlindən almışdı. Amma heç olmasa bir məsələ də tale bu hekayənin xeyrinə oynamışdı. Belə ki, son altı ay ərzində sağ qalan tələbələrdən heç biri intihar etməmişdi. Ləman hələdə tez-tez onları ziyarət edir və onların necə yenidən həyata başladıqlarının şahidi olurdu. Hər kəsə həyata qayıdırdı, təkcə Orxan qayıtmırdı. Ləman bu düşüncələri yüzüncü dəfə fikrindən keçirdiyi ərəfədə birdən arxada səs - küy düşdü. O çevrildi və insanlardan yığılan çənbərin ortasında başına silah dayamış gənc oğlanı gördü. Bu üzü o nə vaxt görsə tanıyardı. Başına tapançanı dayamış oğlan məşhur hekayənin tələbələrindən biri idi. Ləman dəfələrlə onun evinə getmiş keçirdiyi dönəmi aşmaqda ona kömək etmişdi. 6 ay ərzində sağ qalan tələbələrin heç biri intihara cəhd etməmişdi. Bu da təəccüblü deyildi. Çünki onları intihara təhrik edən səbəb Orxanın beyni ilə olan bağlantı idi. İndi isə Orxan.... Yəni onların intihar etməsi üçün bir səbəb ortada yox idi.
- Dayan Ramil - Ləman qışqırdı.
Tələbənin gözləri insanların arxasında dayanan Ləmana yönəldi.
- Ləman xanım...
- Silahını aşağı endir.
- Mən bacarmıram. İçimdən bir səs məni küçənin ortasında özümü güllələməyə yönəldir.
- Mübarizə apar.
- Alınmır. Yaşamaq məni narahat edir - Ramil ağlaya-ağlaya dedi.
- Bəs bütün bu müddət ərzində bunu mənə niyə demirdin?
- Hər şey indi başladı.
- Nə?
Atəşin səsindən daha çox sanki ətrafa saçdığı işıq Ləmanı qorxutdu. Qan, sümük və beyin parçaları ətrafa yayılarkən tələbə də yerə sərildi. Ləmanın telefonuna gələn zəng isə onu başqa dünyaya çağırırdı. Zəng edən Ləmanın rəfiqəsi Nurlana idi. Ləman evdən çıxarkən Nicatı ona əmanət etmişdi. O əlləri əsə - əsə telefonu açdı.
- Ləman, Nicat yoxdur.
- Nə? 
- Mən onu yatızdırmışdım. Amma o qaçıb. Pəncərədən qaçıb.
Nicat qaçır, tələbələrin intiharı davam edir. Hər şey yenidənmi başlayır?
- Polisə zəng etmisən?
- Təbii ki.
- Mən də indi evə gəlirəm.
Ləman taksi saxladıb, evin yolunu tutdu. Bu zaman onun telefonuna növbəti zəng gəldi. Zəng edən həkim idi. " İlahi, bircə bu yox "
- Alo.
- Ləman xanım sizə şad xəbərim var.
Ləman artıq xəbərin nə olduğunu təxmin edə bilirdi. Nə də olmasa Nicat yenə qaçmış, tələbələrdən biri isə intihar etmişdi.
- Eşidirəm - yenə də dedi.
- Orxan bəy nəhayət ki, komadan ayıldı. Təxminən 15 dəqiqə əvvəl gözlərini açdı.

Bağlantı Onde histórias criam vida. Descubra agora