Beşinci əlaqə

171 21 69
                                    

İnsanın mədəniyyətini və səviyyəsini onun təhsili ya da cəmiyyətdə tutduğu mövqeyi bəlirləmir. İnsanın etikası daxildən gəlməlidir. Yoxsa eşşək çəmənlikdə də, palçıqda da eyni şəkildə eşşəkdir. Bunu Nadirə baxarkən daha yaxşı anlayırdım. Elm hər zaman insanların həyatlarını daha yaxşı hala gətirmək üçün var olmuşdu. Amma elm heç də həmişə insanların xeyrinə işləməmişdi. Çünki insanın qara xisləti hər sferada özünü göstərir. Bu Heisenberglə, Edisonla, Nyutonla olmuşdu. İndi də Nadirlə baş verirdi.
- Şəfiqə xanım - mən hirslə dedim - bu nədir?  Biz sizə güvənmişdik.
- Mən sənə demişdim də - silahını Hüseynə təslim edən Elnarə məni məzəmmət etdi.
- Uşaqlar içəri keçək - Şəfiqə xanım dedi - danışmalıyıq.

Biz Nadir və Hüseyn tərəfindən bizə yönəldilmiş silahların müşayiəti ilə içəri girdik.
- Əyləşin - Şəfiqə xanım divanda bizə yer göstərdi.
Biz oturandan sonra Nadir danışmağa başladı.
- Baxın Orxan müəllim, mənim sizinlə bir problemim yoxdur. Mən sadəcə elmi işimi tamamlamağın dərdindəyəm. Əsrlər boyu bizi sıxan ən böyük qəfəsdən qurtula bilərik. Ölüm. Həyata nəzarətin öz əlimizdə olmasının nəyi pisdir?
- Sən belə axmaqsan Nadir? - Mən əsəblərimi cilovlaya bilmirdim - məgər sən görmürsən ki, artıq neçə insanın həyatı məhv olub? 
- Kimin həyatı məsələn?
- Elə birinci mən - nə qədər eqoistcə göründüyünü bilsəm də dedim.
- Sadəcə bir neçə il içəridə yatacan.
- Axı nəyə görə?  Mən neyləmişəm ki?
- Heç nə. Amma elm üçün dəyər.
- O tələbələrin valideynləri indi nə əzablar çəkir bilirsən?
- Onlar 15-20 il sonra övladlarına qovuşacaqlar.
- Əgər o vaxta qədər qalsalar...
- Bu artıq mənim problemim deyil.
- Səni öldürərəm - deyib ayağa qalxıb üstünə şığıdım.
Amma o əlindəki tapançanı qaldırıb geri çəkiləndə sakit durdum.
- Yox Orxan müəllim, mən sizi öldürəcəm.
- Belə bir şey olmayacaq - Şəfiqə xanım ayağa qalxdı - heç kim ölməyəcək. Amma Orxan, bu işi pozmağına icazə verə bilmərik. Əgər sən bizim planımıza uyub heç kimə heç nə deməsən və bir müddətlik hər şeyi boynuna alıb həbsxanada yatmağa razı olsan hər şey yaxşı olacaq. Elnarənin də məsələsini həll edəcəyik. Onun da taleyi sənin əlindədir.
- Şəfiqə xanım...
- Əgər həbsxanada olarkən bizi satsan ailəni təhlükəyə atmış olacan.
- Niyə axı?  Siz niyə belə edirsiniz? - Mən kənarda səssiz şəkildə işləyən televizora baxıb dedim. Görünür ağlımın bir küncü orda bizimlə bağlı bir xəbər axtarırdı.
- Sizin o Tariyel məni illər əvvəl elm dünyasından haqsızca qovdu. Nadir bir gecə gəlib mənə bu işi təklif edəndə anladım ki, həm elm aləminə qayıtmaq, həm də böyük kəşfə adımı yazmaq üçün bir fürsət var. Bu illərdə çox əzab çəkmişəm mən. Bu işdən qazanacağım pulla ya da alacağım mükafatla oğlumu da sağalda bilərəm. Onun üçün bu yolda qarşıma çıxacaq hər maneəni məhv etməyə hazıram. İndi qərar ver. Bizimləsən yoxsa səni öldürək?
- Ölümüm sizin planımıza pozar. Sizdən ötrü bu işi boynuna alacaq adam qalmaz.
- Əmin ol ki, ölümün varlığın qədər problem yaratmayacaq. İndi qərar ver.

Otaqda heç kim yoxdur. Mən çantamı açıb paketi çıxardıram. Yox, bu mən deyiləm. Bu oğlumdu. Mən onun gözlərindən baxıram dünyaya. O paketi açır və tapançanı götürür. Mətbəxə keçirəm. Daha doğrusu bunu edən odur. Ləman tapançanı görərkən üzündə qorxu yaranır.
- O nədir Nicat?  Hardan tapmısan? 
Tapançanı qaldırıram və atəş açıram. Oğlumun təcrübəsiz və uşaq olduğundan qaynaqlanır ki, güllə boşa çıxır. Ləman qışqırır.

Mən özümə gəldim.
- Durun - dedim - ailəm təhlükədədir.
- Nə? - Nadir heç nə anlamır.
- Oğlumun beyninə girdim. O həyat yoldaşıma atəş açdı.
Bundan sonra baş verənləri heç kim gözləmirdi. Çünki mənim yadıma tapançamın hələ cibimdə olması düşdü.
- Nə danışırsan sən? - Nadir deyərkən mən tapançanı çıxarıb atəş açdım. Bu yara Nadiri öldürməsə də onu yerə yıxmağı bacardı. Mən tullanaraq Hüseynə atəş açdım. Güllə dəymədi amma Hüseyn necə qorxdusa əlindəki silahı atıb qaçmağa başladı. Pəncərədən onun evdən necə uzaqlaşdığını görürdüm. Elnarə yerdən silahını alaraq mənim ardımca evdən çölə çıxdı. Şəfiqə xanım şoka düşmüş və bütün planı məhv olmuşdu. Paltarını dəyişmək adı ilə bizdən uzaqlaşıb Nadirə etdiyi zənglə də artıq durduq yerdə özünü hadisələrin mərkəzinə və təhlükəyə atmışdı.

Bağlantı Onde histórias criam vida. Descubra agora