Üçüncü əlaqə

202 29 43
                                    

Tariyel müəllim standart prosedurlardan keçdikdən sonra polis bölməsindən çıxdı. Onun sadəcə məsələ ilə bağlı ifadəsini almışdılar. Artıq gecə düşdüyündən Tariyel müəllim evin yolunu tutdu. Məhz bu an ağlına gəldi ki, polislərlə gəldiyindən avtomobili şirkətin önündə qalıb. Xoşbəxtlikdən evi bura yaxın idi və piyada getmək olardı. Tariyel müəllim qaranlıq küçə ilə irəliləyərkən siqaret yandırdı. O arxasınca kölgə kimi izləyən birinin varlığından xəbərsiz idi. Onu təqib edən insan isə planlaşdırdığı işi etmək üçün səssiz və kimsəsiz küçəyə keçmələrini gözləyirdi. O əlini cibinə salıb tapançasını yoxlayarkən Tariyel müəllim də telefonla danışırdı. Professor telefonu hələ indi yandırdığından Elnarə gün boyu heç cür onunla əlaqə saxlaya bilməmişdi.  Zaman keçdikcə Tariyel müəllimi öldürmək üçün tutulan killer həyəcanlanır və tez-tez alnının tərini silirdi. Onlar bir az da yol getdikdən sonra nəhayət onun istədiyi oldu. Bu küçədə heç kim yox idi. Qatil ətrafa boylanıb silahını çıxartdı. Nişangahda Tariyel müəllim olan vaxt kimsə arxadan onun burnuna dəsmal tutdu. O huşunu itirərək kiminsə qolları arasına yıxıldı.

Elnarə xəstəxanın qarşısında dayanıb girişə nəzarət edirdi. Orxanın xəstəxanadan çıxışına qədər onu gözləyəcək və sonra onun qarşısına keçərək hər şeyi izah edəcəkdi. Bu gözləntinin qısa sürməsi üçün dua edirdi. Elə bu vaxt içəridən güclü atəş səsi eşitdi. Elnarə səhv edə bilməzdi. Bu makarov tapançasının səsi idi. Elnarə öz silahını qamarlayıb maşından tullandı.

* * * * * * * * * * * * * * * *
Mən qarşımda dayanan qatilə baxarkən sanki içimə bir güc doldu. Bizi enerji ilə təmin edən ATF zülalı ehtiyat mənbədən istifadə etməyə başlamışdı. Mən cəld şəkildə qapını örtüb kənara çəkilərkən ikinci atəş qapıda deşik açdı. Qatilin gözləmədiyi hərəkəti edərək qazandığım vaxtı dəyərləndirərək çarpayın yanındakı masanı qapıya tərəf sürüdüm. Artıq gücüm qalmadığından dəhşətli ağrılar içərisində yerə yıxıldım. Toranlaşmış şüurumla dərk edirdim ki, qatilin içəri girməsi çox sürməyəcək. Həqiqətən qatil bir neçə həmlədən sonra içəri girdi. Yerdə uzanan həkimin cəsədi ilə mənim cəsəd kimi düşmüş bədənimi ayırd etməsi bir neçə saniyə sürdü. Sonra atəş açıldı. Daha biri. Qatil mənim yanıma düşəndə mənim son gördüyüm Elnarənin üzü oldu. Sonra qaranlığa qərq oldum.
- Ayılın Orxan müəllim, yalvarıram.
Bu dəfə mən Elnarənin avtomobilinin yan oturacağında əyləşmişdim.
- Elnarə?
- Hara gedək indi?
- Evə - deyə mən cavab verirəm.
- Olmaz. Polislərin ən birinci baxacaqları yer bizim evimiz olacaq.
- Polislər? - mən yavaş-yavaş özümə gəlirəm.
- Orxan müəllim xatırlamırsınız?
- Sənin o adamı öldürdüyünü xatırlayıram. Amma mən heç nə etməmişəm. Mənim evimə niyə baxsınlar?
- Ordan rahat çıxa bilmək üçün qarşımıza çıxan hər kəsə ikimiz də tapança göstərərək çıxdıq.

Mən cibimdə məhz bu an ağırlıq hiss edib əlimi cibimə salıram.
- Elnarə bu nə tapançadı?
- Qatilin silahıdır. İkimiz də tapança ilə xəstəxanadan çıxmışıq anlayacağın. Əminəm dərhal polislərə xəbər veriblər.
- Amma mən huşumu itirmişdim. Bu necə ola bilər?
- Yarıoyaq idiniz Orxan müəllim. Siz huşunuzu maşında itirdiniz.

Maşın deyərkən ağlıma gələn fikir məni dəhşətə gətirir.
- Bəs bu maşın?  O zaman bu maşınla hərəkət etməyimiz təhlükəlidir.
- Maşını heç kim görməyib. Ətrafda da küçə kameraları yox idi. Yeri gəlmişkən törətdiyim partlayışda sizin maşınınız da məhv oldu. Üzr istəyirəm.
- Daha vacib işlərimiz var indi Elnarə. Mənim oğlum itkindi. Onu tapmalıyam.
- Nə?
- Polisə təslim olmalıyam mən Elnarə.- bir az fikirləşib dedim.
- Orxan müəllim, siz nə danışırsınız? 
- Oğlum məktəbdən evə qayıtmayıb. İtkindi. Polisə xəbər verməliyəm. Lazımdırsa mənim üçün bu problem olsun. Amma oğlumun axtarışı aparılmalıdır.
- Evə zəng vurun. Bəlkə oğlunuz qayıdıb?

Bağlantı Where stories live. Discover now