Bağlantının keçmiş bölümlərindən
- Oğlunuz? - Mən təəccübləndim - onun xəstəliyi epilepsiya deyildi?
- Cərrahi əməliyyatda bu xəstəliyi aradan qaldırmaq istədik - Şəfiqə xanım kövrəldi.
- Sağalmadı?
- Epilepsiyası sağaldı. Çünki ön temporal lobu əməliyyatla götürüldü. Lakin yeni xatirələr artıq 3 dəqiqədən çox sürmür. Əməliyyata qədər olan hər şeyi xatırlayır. Amma yeni xatirələr yoxdur.
************************************
Liftə minəndə professor özünü saxlaya bilməyib soruşdu:
- Başa düşmürəm bu işlə niyə LLP - nin dahi alimləri məşğul olmur.
- Gözlə. Hoffman köhnə qurddu. Ancaq cənnətdəki atamız bilər o nə işlər çevirir.
************************************
Qışqıraraq yerə yıxıldım. Ayağımı daşa vurmuşdum. Ümid edirdim çıxıq ya da sınıq yoxdur. Əks halda oğluma necə çatardım? Ayağımı topuqdan hərəkət etdirməyə çalışdım. Ağrısa da hərəkət etdirə bilirdim. Ayağa qalxmalıyam. Başımı instinktiv olaraq qaldırdım. Tanrım, bircə bu yox. Qarşımda Nadirin özü dayanmışdı. Həm də əvvəllər ayaqlarına qeyri-adi enerji verən generatorlardan bu dəfə qolunda da var idi.
- Orxan - dedi - bunu bil ki, edəcəyim şeyi şəxsiləşdirmək lazım deyil.İndi
"Beynimin içində biri var, amma o mən deyiləm" - Pink Floyd
Başımı qaldırıb amerikan dublyajlarındakı kimi lənət oxuya- oxuya Nadirə baxdım. Çünki olacaqları bilirdim. Savaş.
- Dayan, oğlumu xilas eləməliyəm.
- Ooo, yumşaldım. Tamam gedə bilərsən - dedi Nadir amma sonra əlavə etdi - it oğlu, hər şeyi məhv etdin.
Qarnımdan dəyən güclü təpiyin nəticəsində havada dairə çizib yol kənarına yıxıldım. Ayağımla birgə indi daxili orqanlarımdan biri də ağrıyırdı. Beynimə konsantrə olub ağrı hissiyatımı bir xeyli azalda bildim. Ayağa qalxıb qışqırdım :
- Artıq geri çəkilməyi bacarmalısan Josef.
- Nə? Nə dedin?
Ağzımdan çıxan sonuncu sözə hakim deyildim. Amma artıq ikimiz də yumruqlarımızı düyünləyib bir - birimizə doğru qaçmağa başlamışdıq. Sonra eyni vaxtda tullanıb bir - birimizin sifətindən tutdurduğumuz zərbə ilə ikimiz də geri atılıb yeri boyladıq. Ayağa qalxarkən Nadirin üz ifadəsi canıma niyəsə üşütmə saldı.
- Bu son atılıb düşməyindi Orxan.
Bundan sonra o mənim bütün yumruqların qarşısını alaraq mənə təpik vurmağı bacardı. Mən arxadakı sütuna söykənib müdafiə vəziyyətini aldım. Amma mənə tərəf gələn yumruq mənim əyilməyim nəticəsində betona çırpılıb onu parçaladı. Mən düşmənimin gücünü dərk etməmiş Nadir beton parçalarından birini arasından çıxan armaturdan tutaraq havaya qaldırdı.
" Bu generatorlar ona həqiqətən də çox güc verirmiş "
Nadir beton parçasını mənə tərəf qolaylasa da mən heyrətamiz şəkildə onu havada tutdum. Cisimlər mənə həddən artıq yüngül təsiri bağışlayırdılar. Amma mən beton parçasını sağa tullayanda ehtiyatsızlıq edərək onun ağırlığını öyrənmiş oldum. Belə ki, beton kənarda dayanan taksinin üstünə düşüb onun ön şüşəsini parçalayıb içəri düşdü. Xoşbəxtlikdən sürücü içəridə deyildi. Yoxsa sağ qurtula bilməyəcəkdi.
" Öz aramızdır, beynimin adrenalin və impuls hiperifrazı mənə də böyük güc qatıb "
Nadir mənim üstümə hücum çəksədə ardıcıl olaraq sinəsinə və sifətinə endirdiyim təpiklər onu geri savurdu.
- Əsla qazana bilməzsən Orxan. - Nadir dağılmış saçlarını arxaya doğru sığallayaraq dedi - beyinin inkişafı sənin xeyrindən çox ziyanına işləyir.
- Mən bəlkə gələcəkdə həqiqətən məğlub oldum. Amma sən artıq məğlub olmusan Josef.
Bu " Josef " nədir axı ağzıma yapışıb? Amma Nadiri hirsləndirdiyim qəti idi. O qışqıraraq mənə yumruqları endirir, mənsə yəqin ki, bir vaxtlar filmlərdə və döyüş maçlarında gördüyüm fəndləri işlədərək onun zərbələrinin qarşısını alırdım. Sən demə beyinim gördüyü hər şeyi mükəmməl yamsılama qabiliyyətinə malikdir. Bu düşüncə yəqin ki, fikrimi dağıtdı və Nadir dizimdən vurduğu zərbə ilə məni yerə yıxdı. Sinəmdən endirdiyi növbəti təpiklə geri doğru sürüklənərkən kimsə qışqırdı :
- Bu onlardı. Televizorda göstərilən varlıqlar.
- Rədd olun da. - Hansısa cürətkar qışqırdı.
Onsuz da ətrafdakı bütün maşınlar dayanmış, hər kəs bizi seyr edir və telefona çəkirdi. Nadirin yaxınlaşdığını görüb fikrimi nə vaxtsa hardasa gördüyüm döyüş texnikalarına cəmlədim. Uzandığım yerdən ayaqlarımı qaldırıb Nadiri vurdum. O geri çəkildi və mənim ayağımda ağrı başladı. Əlimi gicgahıma aparıb pıçıldadım.
- Ağrını kəs.
Ağrının dayanması ilə ayağa qalxmağım bir oldu. Tullanıb Nadirin çənəsindən təpik ilişdirdim. Amma deyəsən onun zərbələri daha güclü alınırdı. Sinəsinə endirdiyim yumruqlar belə onu yıxmasa da hiss elədim ki, ağrıtdı. Növbəti yumruğumu isə Nadir havada tutdu. Sonra digərini də. Kəlləsi ilə burnumun üstünə endirdiyi zərbənin ağrısı ağlımı başımdan aldı. Üstəlik o bunu iki dəfə etdi. Mən dartınıb onun əlindən çıxsam da o yenə sifətimə güclü bir yumruq keçirdi. Gözlərim toranlaşırdı.
" Yox, o qalib gələ bilməz. Oğlumu xilas etməliyəm "
Adətən filmlərdə bu tip düşüncədən sonra qəhrəmana qeyri-adi güc gəlir və o hamını bədbəxt edir. Məndə isə belə olmadı. Bəlkə də bu hekayənin qəhrəmanı mən deyiləm. Nadirə bir iki yumruq vura bilsəm də əsasən yenə o daha çox vururdu. Nəhayət o məni qaldırıb yol kənarındakı kafeyə çırpdı. Kafenin taxtadan düzəldilmiş divarı param- parça oldu və mən ağrılar içində yerə düşdüm. Artıq zehnimə hakim ola bilmirdim. Gözlərim bağlanırdı.
" Oğlum "
Üstümə bir ağırlıq və qaranlıq çökəndə hardasa uzaqdan Nadirin səsini eşitdim.
- Hə, Orxan, indi de. Məğlub olan hansımızıq?! Yavaş-yavaş səndə başa düşəcəksən. Qaçsan da, mübarizə aparsan da həmişə biz qalib gələcəyik. Bu dəyişilməz həqiqətdi.
Mənim gözlərim bağlanarkən hiss etdim ki, Nadir arxasını çevirib getdi. Kafedə olanların dərindən iç çəkməsi ilə gözlərimi açdım. Torantı da olsa görürdüm ki, Nadir dönər bıçağını götürdü. Mən olan qalan son gücümə konsantrə olub ayağa qalxdım.
- Gəl Nadir, gəl. Mən o dediyin həqiqəti çoxdan dəyişdirmişəm.
Nadir heyrət içində mənə baxıb gülümsədi :
- Təslim ola bilməməyin sənin sonunu gətirəcək.
Nadir qaçaraq gəlib əlindəki iti uclu bıçağı ilə havanı kəsdi. Amma bıçaq məni kəsməmis onun qolunu tutub burdum. Sifətindən endirdiyim yumruqla onu özümdən uzaqlaşdırsam da hələ də silahlı olan o idi. Uzun bıçağını yellədib növbəti dəfə üstümə gəldi. Amma bu dəfə də biləyini tutub vurduğum kəllə zərbəsi ilə təhlükədən çıxdım. Özümü piştaxtanın üstünə ataraq yumalanarkən Nadirin bıçağı piştaxtanın 1 saniyə əvvəl mən olan hissəsini kəsdi. Dönər ətinin keçirildiyi mili aparatdan çıxarıb əti üstündən sıyırıb atdım. Artıq məndə də şiş uclu silah var idi. Tullanıb Nadirin sinəsinə iki təpiyimlə vurandan sonra aramızda klassik qılınc döyüşü başladı. Tək fərq əllərimizdəki silahların qılınc olmaması idi. Nadir dönər bıçağı ilə mənim " muşketyor qılıncımın " qarşısını ala bilsə də boynunda kiçik bir yara açmağı bacardım. Nadir bir az da əsəbləşib mənim növbəti iki zərbəmi qarşıladıqdan sonra ayağımı kəsməyi bacardı. Onsuz da bu gün hər nə olurdusa mənim ayağıma olurdu. Amma mən də boş dayanmayıb mili onun əlinə batırdım. O qışqıraraq bıçağını buraxdı və sürətlə əlini çəkdi. Mənim silahım da əlimdən çıxaraq havada çevrə çizib yerə düşdü. Beləcə yenə yumruqlarımızla qaldıq. Bu sahədə Nadir daha şanslı idi. Çünki generatorların ona qazandırdığı heyrətamiz enerji ilə həddindən artıq güc qazanırdı. Mənim ayaqlarımdan tutub havaya qaldırdı və artıq xarabazara çevrilən kafenin divarına tərəf qolayladı. Divarın bir neçə daşı bu zərbəyə dözməyib mənlə birgə yerə ya da mənim üstümə düşdü. Nadir yenə əl çəkmədi. Məni çiyninə alıb küçəyə çıxdı. Lazımsız bir əşya kimi məni şosenin ortasına atdı. Bəxtimdən yol boyu yaratdığımız dağıntı səbəbi ilə maşınlar gəlmirdi. Mənim tərpənməyə taqətim qalmasa da Nadirin kiminsə maşınına oturduğunu görürdüm. Nadir Nivanı geri sürüb birdən son sürətlə mənim üstümə sürməyə başladı.
" İndi üstümdən keçəcək. Bitdi "
Amma bu an içi mən qarışıq hər kəsi təəccübləndirəcək bir şey oldu. Nadir belə maşının pəncərəsindən boylanıb baxdı. Çünki mən qan içində yerdə uzanmış halda əllərimlə maşını tutub saxlamışdım. Yəqin ki, bu beynimin qazandırdığı güclərin sərhəd nöqtəsi idi. Dastanda deyildiyi kimi dəli bir nərə çəkib həm özüm ayağa qalxdım, həm də maşını qaldırdım. Niva içində dəhşətlə oturan Nadirlə birgə çevrildi. Mən gücüm tükənmiş halda yerə çökdüm. Zehnimi kontrol etməyə çalışsam da bədənimdəki ağrıların qarşısını ala bilmirdim. Alatoran baxışlarla ətrafı süzürəm. Kimsə mənə kömək edəcəkmi? Amma az öncə onları təhlükəyə atmış, maşınlarına və məkanlarına zərər vurmuşdum. Zehnimi kontrol etməliyəm. Alınmır. Bütün gücümü yığıb ayağa qalxdım. Əgər bəxtim gətirsə paralel yola keçib bir taksi saxlaya bilərəm. Axsaya - axsaya digər yola keçdim. Bu qədər zərbədən sonra bunu edə bilməyim çox təəccübləndirici idi. Amma güzgüyə baxarkən görmədiyimiz xüsusiyyətlərimiz o qədər heyrətamizdir ki, buna təəccüblənmək çox safca görünürdü. Kəllə qutumuzun içində neyron və qliya adı verilmiş hüceyrələrdən ibarət, 1,5 kg möhtəşəm bir orqanımız var. Bir neyron özündən çıxan 10.000 bağlantı ilə digər hüceyrələrimizlə birləşir. Beynimizdə isə milyardlarla neyron var. Nəticə olaraq beynimizdə var olan bağlantıların sayını demək üçün heç bir riyazi tənlik və ifadə yoxdur. Düşünün ki, bir kompyuteriniz var. Və onda yaranan hər hansı nasazlığı özü öz presessorunu açaraq təmir edə bilir. Bunun üçün web kamerasını öz daxilinə yönəldir və problemi həll etmək üçün müstəqil düşünür. Fantastik gəlir elə deyilmi? Amma bunu beynimiz hər saniyə edir. Yəni əsl fantastik hekayə bizim hekayəmizdi. Beynimizin bacardığı şeyləri çox vaxt öz adımıza çıxırıq. Amma əslində bu etdiyimiz bir kitabı oxuyaraq orda yazılanların bizim fikirlərimiz olduğunu düşünməyə bənzəyir. Duyğu orqanlarımız vasitəsilə xarici dünya haqqında məlumat toplayırıq. Amma hər bir məlumat ayrı-ayrılıqda beyinin fərqli bölgələrində analiz edilir və beynimiz bizə bütöv dünyanı təqdim edir. Evimizi, avtomobilləri, heyvanları və insanları. Lakin beynimizin obyektiv şəkildə analiz qabiliyyətinin olduğunu da demək olmaz. Çünki hislərimiz, əhvalımız, dünyagörüşümüz və cinsiyyətimiz belə nəyi necə qavradığımıza təsir edir. Biz kişilər heç cür anlaya bilmirik ki, qadınlar niyə eyni rəngli dodaq boyasından bir neçə dənə alırlar. Amma qadınlar dəqiq bilirlər ki, bunlar nəinki eyni rənglər deyil, hətta aralarında ciddi fərqlər var. Bəs sinir sistemimiz boyunca bizim iradəmizin xaricində gedən prosesləri biz niyə anlamırıq? Niyə bir neçə il düşündüyümüz mövzunu " ilham " gəlməyənə qədər anlaya bilmirik? İçimizdə bizim yerimizə qərarları qəbul edən başqa bir insan var? Pink Floyd deyirdi ki, beynimin içində biri var, amma o mən deyiləm. Məsələ ondadır ki, şüurumuz vasitəsilə dərk etdiyimiz şeylər aysberqin sadəcə görünən tərəfidir. Günlük davranışlarımızın və qərarlarımızın əksəriyyəti şüursuzluq dediyimiz hissənin payına düşür. İlk dəfə Tomas Aquinas şüursuzca etdiyimiz davranışlara diqqət etmişdi. Aquinasın verdiyi suallar bunlar idi. Niyə görə bir hekayə kimin üçünsə gülməli, kimin üçünsə gülməli deyil? Necə olur ki, istəksizcə özümüzdən asılı olmayaraq ayağımızla musiqinin ritmini tuturuq? Deməli içimizdə bizi bir davranışa yönəldən, amma bunun səbəbini bizə bildirməyən nəsə var. Amma onun bu fikirləri 400 il boyunca heç kimin vecinə olmadı. 4 əsr sonra riyaziyyatçı, filosof Wilhelm Leybnis bir səhər yuxudan oyandı və heç dayanmadan üç yüz heksametrlik latınca şeir yazdı. Sonra ikili say sistemini kəşf etdi və bir neçə fəlsəfi məktəbin əsasını qoydu. Daha sonralar Leybnis gəncliyində bir səhər çağı etdiyi bu qədər işi düşünüb özünə bu sualı verəcəkdi. " Bütün bunlar o səhər ağlıma gəldi, yoxsa illərlə beynim bütün bunları düşünüb nəhayət hazır olduğunda da mənim şüuruma təqdim etmişdi? " Bu önəmli sual idi. Çünki Leybnis haqlı idi. Bizim beynimizə anidən gələn parlaq fikir əslində beynimizin günlərlə, aylarla hətta illərlə üstündə çalışdığı bir məsələdir. Biz isə sadəcə nankor plagiatçılarıq. Leybnis beynimizdə hiss edilməyən qavrayışların olduğunu irəli sürürdü. O dövrdə daha mühüm bir kəşf oldu. Çarlz Bell onurğa beynindən çıxan iki növ siniri kəşf etdi. Bir qrup sinirlər impulsları onurğa beynindən baş beyinə apararkən digərləri əksinə baş beyindən onurğa beyninə gətirir. Nəhayət ilk dəfə beyinin ayrı-ayrı ixtisaslaşmış hissələrinin olduğu aşkara çıxdı. O dövrə qədər beyinin bütöv şəkildə fəaliyyət göstərildiyi düşünülürdü. Və bu vaxt növbəti yenilik fizikçi Weberdən gəldi. O duyğuların ölçülməsi ilə bağlı fikirlər irəli sürdü. Psixofizikanın təməllərini yaradan tədqiqatlarda Weber göstərdi ki, bizim qəbul etdiyimiz, amma hiss etmədiyimiz qıcıqlar mövcuddur. James Cattel Weber öldükdən sonra "Serebral əməliyyatların aldığı vaxt" adlı məqaləsini yayımladı. O biz hiss etməsək də beynimizin müxtəlif proseslər zamanı müxtəlif zaman aralığında çalışdığını sübut edirdi. Məsələn biz bir işıq görürük və deyirik ki, mavi bir işıq gördük. Gördüyümüz şeyin işıq olduğu və nə rəngdə olduğu ilə bağlı nəticə üzərində çox baş sındırmadığımızı sanırıq. Çünki beynimiz bizə hiss etdirmədən bizim üçün çalışır. Cattelin tədqiqatları göstərirdi ki, işıq gördüyümüzü saniyənin milyonda bir hissəsinə yaxın zamanda anlayırıq. İşığın rəngini qavramağımız isə daha uzun sürür. Təxminən bir neçə yüz milli saniyə daha artıq. Əgər " mavi bir işıq gördüm " cümləsini deyiriksə bu zamana daha bir neçə yüz milli saniyə əlavə edilməlidir. Bütün bunlar beynimizin şüursuzluq səviyyəsi ilə bağlı ortaya atılan sadə fikirlər idi. Beynimiz bizdən xəbərsiz halda kəllə qutumuzun içində nələrsə edir. Bu çox primitiv və ibtidai düşüncə idi. Amma bu primitiv fikir bir nəfər üçün hər şeyi dəyişdirmişdi. Darvinin " Növlərin mənşəyi " kitabı yeni yayımlananda 4 yaşlı uşaq ailəsi ilə birgə Molovyadan Vyanaya köçdü. Bu uşaq Darvinizmin geniş yayıldığı bir mühitdə böyüdü. Əsrlər sonra biz onu kəşfləri ilə dünyanı dəyişdirən alimlərdən biri olan Sigmund Freud olaraq tanıyacaqdıq. Sigmund Freud ilk dəfə şüuraltı sahənin olduğunu əsaslı şəkildə göstərən adamdır. O, insanın davranışlarını yönəldən şüuraltı faktorları kəşf etməklə qalmamış, bu faktorlardan istifadə edərək psixoloji xəstəlikləri müalicə etməyin yollarını da gözlərimiz önünə sərmişdi. Freud xüsusilə nevrozları göstərərək analiz edərək bu xəstəliyin səbəbini şüuraltı amillərlə izah edirdi. Bizi narahat edəcək bir şey beynimizdə ilişib qalarkən biz bəzən bunu hiss etmirik. Amma şüuraltı dərk edir ki, orda dərinlərdə bir yerdə həll olunmamış problem qalıb. Bunun üçün bizdə səbəbini bilmədiyimiz nevrotik simptomlar yaranır. Freud əvvəllər " içinə cin girib " deyə tanımlanan xəstəliklərin səbəbini fiziksəl beyində olduğunu sübut etdi. Gəl ki, cəhalət səbəbi ilə bu gün belə bəzi insanlar cinin, şeytanın olduğuna inanır. Modern elmdən xeyli əvvəllər yaşamış Freud dil sürüşmələrini, yanlış qavramaları, illüziyaları, yuxuları araşdıraraq heyrətamiz nəticəyə gəldi. O beyində gizli neyron qruplarının, insanın özünün bilavasitə əlaqəsi olmayan gizli sistemin olduğunu iddia edirdi. Artıq bu dövrdə özümüzü az tanıdığımızı və daxili dünyamızın mərkəzində deyil, kənarda künclərdə bir yerdə olduğumuzu hər kəs qəbul etdi. Biz öz içimizdə olub bitənlərin çox az hissəsindən xəbərdarıq. Zehnimizin dərinliklərində yatan bu güc mənim bütün taqətim kəsiləndən sonra bir avtomobili qaldırmağıma və ayağa qalxıb qarşı yola keçməyimə kömək etmişdi.
" Oğluma çatmalıyam ". Əgər ki, oğlumun intihar etməsinin qarşısını ala bilməsəm neylərəm bu gücü?! Uzaqdan taksi gəlir. Onu durdurmalıyam. Əlimlə durmasına işarə edirəm. Dur. Hay mən sənin ananı.... Taksi dümdüz keçdi. Amma onun ardınca gələn qara wolkswagen düz qarşımda saxladı. Sürücü pəncərəni aşağı endirdi və soruşdu :
- Qardaş, yaxşı görünmürsən. Kömək lazımdır?
- Mən təcili olaraq " Qız qalası " nın yanına getməliyəm.
- Maşına otur. Mən də İçərişəhərə gedirəm.
Mən qapını açıb sürücünün yanındakı oturacağa atdım özümü.
*************************************
Qara limuzin şəhərin kənarında yerləşən evin qarşısında dayandı. Sürücü maşından düşüb arxa qapını açdı. Corc Hoffman əsasını yerə dayayaraq düşdü. Evə baxarkən keçmişini düşündü. Sonuncu dəfə 20 - il əvvəl bu evdə olmuşdu. Heç kim bilməsə də bu evin sahibəsinin oğlunun atası idi o. Çünki Hoffman öz könlünü vətənindən xeyli uzaqda yaşayan bir xanıma vermişdi. O illər əvvəl SSRİ - yə elm adamı olaraq dəvət edilmişdi. Universitetlərin birində gənc Corc gözəl bir qızla rastlaşdı. O qızın gözəlliyinə, qız isə onun ağlına aşiq olmuşdu. Qız Bakıdan idi. Onlar cəmi bir həftə birlikdə olsalar bu sevginin toxumları qızın bətninə düşmüşdü. Onlar evlənəcəkdilər. Lakin gənc alimin atasının qəfil ölümü onları ayırdı. Hoffman təcili Vyanaya döndü. Dəfn mərasimi və atasının ölümünün ailəsinə vurduğu zərbə ilə məşğul olarkən kiçik bir dövlətdə olan sevgilisini unutdu. Bütün bu illər ərzində həsrət çəksədə artıq Azərbaycana getsə belə qızı tapmayacağını bilirdi. Lakin bir gün televizor əsrin ən mübariz xalqını nümayiş etdirdi. Azərbaycan xalqı SSRİ - nin müstəmləkəçiliyindən çıxıb müstəqil dövlətlərini yaratmışdılar. Hoffman ekranında gördüyü Azərbaycan xalqından ibarət kütləyə baxaraq düşündü. " Görəsən o da ordadırmı? ". O gün anlamışdı ki, gəncliyində olan sevgilisini tapmasa rahat olmayacaq. Corc Hoffman beləcə illər sonra Azərbaycana gələndə artıq gənc alim yox, LLP - nin vitse-prezidenti idi. İstədiyi hər şeyə nail olmuşdu. Sahib olduğu imkanlardan istifadə edərək qızın ünvanını asanlıqla tapdı və 20 il əvvəl indi qarşısında dayandığı evə gəldi. Onda məlum olmuşdu ki, qız heç vaxt evlənməyib və bütün həyatını oğluna həsr edib. Hoffman bir oğlu olduğunu öyrənəndə içindən qəribə bir sevinc hissi keçmişdi. Amma oğlu epileptik idi. O vaxt keçmiş sevgilisi onun gözlərinin içinə baxıb demişdi :
- Sənin burda bir oğlun yoxdur. İllər əvvəl necə atıb getdinsə bizi indi də elə get. Sənin gücün, pulların, varlığın, sevgin bizə lazım deyil.
- Mən istəməzdim belə olsun. Amma atam öldü və sonra dönə bilmədim.
- Niyə? Niyə bizi heç yadına salmadın?
- Mən səni hər gün düşünürdüm. Amma Bakıya gəlsəm səni tapa bilməyəcəyimi düşünürdüm.
- Tapdın, indi isə get. Oğlum gələcək bir azdan. Səni burda görməsin.
- Mən onu görmək istəyirəm.
- Onun qarşısına çıxman onun üçün yaxşı olmaz.
- Niyə?
- O epileptikdi.
Bu sözdən sonra Corc Hoffman heç nə deməmiş üzünü çevirib getmişdi. Bu ailədə onun yeri yox idi. Onların dağılmış həyatını bir az da dağıda bilməzdi. Amma oğlunun xəstəliyini müalicə etmək üçün həkim göndərdi. Oğlanın epilepsiyasının sağalması üçün beyninin temporal lobunun orta hissəsi kəsildi. Epilepsiya sağalsa da oğlan artıq yeni xatirələr yarada bilmirdi. Əməliyyata qədər olanları xatırlasa da əməliyyatdan sonra olan hər şey dəqiqələr içində hafizəsindən silinirdi. İndi isə illər sonra Hoffman yenə hər şeyi əlinə üzünə bulaşdırmış şəkildə bu qapıya yaxınlaşdı. Ehmalca qapını döydü.
- Kimdir? - deyə içəridən tanış səs gəldi.
- Corc Hoffman.
Bir anlıq sükut yarandı.
- Mənəm Şəfiqə. Aç qapını. Xahiş edirəm.
************************************
- Maşına otur. Mən də İçərişəhərə gedirəm.
Mən qapını açıb sürücünün yanındakı oturacağa atdım özümü.
- Çox sağol qardaş. Səni Allah göndərdi.
- Yox, o göndərdi - deyən sürücü başı ilə arxaya işarə etdi.
Mən arxaya çevrildim və əlindəki tapançasını mənə tuşlamış Ləmanı gördüm. Üstəlik o mənə aşağıdakı cümlələri dedi :
- Orxan Rəsulov, buraya qədər. Son sözlərinizi deyin.
![](https://img.wattpad.com/cover/117411308-288-k55196.jpg)
BINABASA MO ANG
Bağlantı
Science FictionBeyinin dərinliklərinə səyahət etdiyinizi düşünün. Orda tapacağınız hər şey hamımıza aiddir. Bu bizim hekayəmizdi. Hər birimizin.