On dördüncü əlaqə

77 14 8
                                    

15 il əvvəl

Şəfiqə xanım Tariyel müəllimin otağına girdi. Professor hafizə üzrə mütəxəssisi görər - görməz ayağa qalxdı.
- Buyurun, əyləşin Şəfiqə xanım.
- Vaxt gəlibmi?  - Şəfiqə xanım oturarkən dedi.
- Hə, artıq siz işdən çıxmalısınız. Ən qısa müddətdə LLP ilə bütün işləri həll etmək lazımdır.
- Ən qısa müddət dediyiniz 15 il sürəcək.
- Təbii ki, lazimi avadanlıqları təchiz etmək, tədqiqat üçün patent və lisenziya işlərini həll etmək sonra eksperimenti keçirmək bu qədər il sürəcək.
- Eybi yox. Dözərik. Hər necə də olmasa bizim kəşf edəcəyimiz şey bütün dünyanın taleyini dəyişəcək.
- Yeni bir era başladacağıq. Amma bu işin üstünün vaxtından əvvəl açılacağı təqdirdə heç kimin sizin bizlə əlaqənizin olduğunu bilməməlidir.
- Danışdığımız kimi olacaq. Burda dava edəcəyik və siz məni işdən çıxaracaqsınız. Mən də sizin mənim elmi işimdə gözünüz olduğu üçün dava etdiyimizi deyəcəm.
- Çox yaxşı fikirdir. Beləcə gələcəkdə bizim düşmənlərimiz ya da bizdən qaçanlar ilk sizə sığınacaqlar.
- Yəni... Niyə bizdən biri qaçsın ki?
- Seçdiyimiz qurban haqqında danışıram. O problem çıxarda bilər.

15 dəqiqə sonra Tariyel müəllimin otağından qışqırıq səsləri eşidildi. Şəfiqə xanım qapını çırpıb otaqdan çıxanda bir neçə işçinin də işığa yığılan həşəratlar kimi səsə yığışdığını gördü. Şəfiqə xanım irəliləyəndə Tibb Universitetinin 6 - cı kurs tələbəsi ona yaxınlaşdı.
- Müəllimə siz yaxşısınız? 
Şəfiqə xanım Tariyel müəllimin bəhs etdiyi seçilən qurbana baxıb sadəcə üç kəlmə dedi :
- Narahat olma Orxan.

İndi.
Mən qarşımda Tariyel müəllimi görərkən üzümə Fight Club filminin sonunda tamaşaçının üzünə yayılan ifadə hopdu. Bu işin başında hər kəs ola bilərdi. Əgər mənə LLP - nin Azərbaycandakı rəsmi nümayəndəsinin Ləman olduğunu desəydilər mən belə təəccüblənməzdim. Amma bu adam mənim ağıl rəhbərim Tariyel müəllim idi.
- İşi şəxsiləşdirmək lazım deyil - O həyasızcasına danışır - hər şey elm və gözəl gələcək naminədir. Sən isə bu böyük işin təsadüfi qurbanısan.

Biz yarıqaranlıq bir otaqda oturmuşuq. Filmlərdə polislər cinayətkarları belə otaqda dindirirlər. Belə bir otaqda yuxarıdan düşən gur işıq qarşısınızdakı insanın bütün üz mimikalarını aydın görmənizə səbəb olur ki, bu da sizə yalan danışılacağı təqdirdə bunu asanlıqla tutma ehtimalınızı artırır. Təbii ki, bunun üçün bədən dilinə aid bir neçə kitab oxumağınız lazımdır. Amma bu otaq polislərin dindirilmə otaqları ilə müqayisədə çox böyükdür. Bu daha çox filmlərdə narkotik satıcılarının onlara bir çamadan dollar gətirən alıcıları ilə görüşdükləri yerdəndir.

- Tariyel müəllim elm falan deyirsiniz amma mənim ailəm təhlükədədir bu dəqiqə. Siz mənim bütün həyatımı məhv etdiniz.
- Sənə bizim uşaqlar danışmayıblar eyni zamanda iki yerdə olmaq məsələsini?
- Danışıblar, amma...
- Day bunun amması yoxdur. Həm türmədə qalıb gözəl gələcəyin gəlməsinə səbəb olacan, həm də ailənin yanında gözəl bir həyat sürəcən.
- Mən bilmirəm. Niyə axı mən?
- Su girdi qaba oldu içməli. Artıq bu emosional düşüncəni beynimizdən atmaq lazımdır.

Onu öldürməmək üçün səbəb axtarıram.

- Professor bunu mənə necə etdiniz?  Mən ki....mən elə bilirdim biz dostuq.
- Dostuq Orxan. Amma dostluq ayrı, iş ayrı.

Onu öldürməmək üçün səbəbim yoxdur.

- Bax Orxan. Boynuma alıram ki, hər şey tam istədiyimiz kimi getmədi. Və bu həm sənin üçün, həm də bizim üçün heç yaxşı bir vəziyyət deyil. Heç vaxt nəzərə ala bilməyəcəyimiz bir faktor ortalıqda dolaşmağa başladı.
- Şahin.
- Eynən. Oğul ölümünün əzabını yaşayan bir ata ilə qana susamış qatilin bir vücudda birləşmiş halı.
- Bir işi də görə bilmirsiniz - mən bu əclafı incitmək üçün dedim.
- Şahin gözlənilməz məqam idi. Amma bizim həll edə bilməyəcəyimiz bir şey deyil.
- Nə etdiniz? - ağlıma Şahini öldürdükləri və bu cinayəti də mənim boynuma yıxacaqları variantı gəldi.
- Şahin əvvəlcə məni ailəmlə şantaj etməyə başladı. Səni ona verməyəcəyim təqdirdə ailəmə əl uzadacaqdı. Səni ona verməyim bütün planımızı pozacaqdı. Ağlıma gələn yeganə variant səni polisə təslim etmək idi. Və tam belə bir məqamda tale mənim üzümə güldü. Sən mənə zəng edib mənimlə görüşmək istədiyini dedin.
- Bizim yerimizi polislərə sən satdın? - yanımda oturan və bütün söhbət boyu susmağı tərcih edən Elnarə çımxırdı.
- Düz tapdın - professor gülümsədi - amma bulvarda sizi dəniz sahilində görəndə qaçdığınızı anladım. Polisləri səsləmək istəsəm də düşündüm ki, siz yenə qaça bilərsiniz. Mən isə sadəcə ifşa olunduğumla qalaram. Onun üçün sizi küncə qısmaq üçün katerə minməyi təklif etdim. Biz katerə minəndə mən artıq polislərə işarə vermişdim. O tələbə qız orda olsaydı da olmasaydı da polislər sizi sahildə gözləyəcəkdilər.
- Şeytan - mən xırıldadım - birdə məni qoruduğunu deyirdin mənə. Mən inandım sənə. İnandım. Elə bilirdim ki, mənə kömək edirsən.
- Əslində kömək etmişəm. Laboratoriyada içinə girdiyin beyinin orbitofrontal korteksini çıxarmaqla həyatını qurtardım.
- Nə?  Deməli o sən idin. Mənim şirkətdəki düşmənim.
- Bunu etməsəydim həmin beyinə sahib tələbə yenidən həyata gəldikdən sonra səndən əl çəkməyəcəkdi. Həyatını zəhərə çevirəcəkdi.
- Mənim həyatımı sən zəhərə çevirdin - deyə qışqıraraq ayağa qalxsam da Ceyms Bond kimi karizmatik agentlərin real həyatda da olduğunu sübut edən iki gənc məni çiyinlərimdən tutub aşağı oturtdular.
- Əslində sənin həyatını zəhərə çevirməmişəm. Sən hər şeyi yanlış anlayırsan.
- Səni öldürməmək üçün bir səbəb de mənə.
- Məni öldürsən çox qiymətli dostlarım da səni öldürəcək.
- Sən nə qədər əclaf adam imişsən - Elnarə dedi.
- Əclaf?  Orxan katerdə məni uzaqlaşdırıb qaçış planı hazırlamaqla mənim planımı pozmuşdun. Vaxt bitirdi və Şahin dəli kimi sağa-sola hücum edirdi. Ləmanı qaçırdı Şahin.
- Nə? - Mən dəli oldum - nə etdi? 
- İşlərin bu dərəcədə qəlizləşməsi heç xoş deyildi.
- Nə oldu Ləmana? - Mən qışqırdım.
- Şahinlə telefonla danışarkən bizim uşaqlar onun yerini təyin etməyi bacardılar. Tam vaxtında yetişib Ləmanı qurtardılar. Şahində indi türmədədir.
- Necə?
- Biz ora getməmişdən əvvəl polisə zəng etdik. Polisin orda tapdıqları Şahinin əllərinə qandal vurmağa kifayət etdi.
- Ləman indi hardadır?
- Bax Orxan. Bu yaxşılığı sənin qara qaşına, qara gözünə aşiq olub etmədim. Bizim planımıza razılıq vermən üçün....
- Ləman hardadır?
- Bizdədir narahat olma.
Bu an professorun üzündən bir kölgə keçdi. Cəmi bir saniyə. Və bu mənə onun ağzından söz qaçırtdığını anlamağa kifayət etdi. Üzümü turşudub aşağı əyildim.
- Nə oldu? - Professor soruşdu.
- Şahinin adamlarının vurduğu yerlər zoqquldayır.
- Ay uşaq ordan ağrıkəsici gətir. - Tariyel müəllimin uşaq dediyi adam Ceyms Bondlardan biri idi. O ağrıkəsici dalıyca getdikdən sonra içəridə Mən, professor, Elnarə, bir mühafizəçi və məni bura gətirən " Çerçil " qalmışdı. Mən Elnarəyə baxıb gözlərimi yumdum.
- Orxan yaxşısan?  - Professor soruşdu.
Elə o an Elnarə sıçrayıb ayağa qalxdı. Mühafizəçi tapançasını çıxardısa da Elnarə az qala onun boyu hündürlüyünə qaldırdığı təpiyi ilə silahını yerə saldı. Mən özüm isə bütün ağrılarıma rəğmən qollarımı Tariyel müəllimin bədəninə dolayıb onu yerə çırpdım. " Çerçil " qaçmaq istəsə də mən stolu götürüb onun başına çırpdım. Yerə düşən şlyapasının yerində qırmızı ləkə peyda oldu. Daha gənc olmağımın verdiyi bütün avantajla yumruğumu onun sifətinə endirdim. O yerə yıxıldı. Elnarə yerdən götürdüyü tapança ilə mənim ardımca qapıya tərəf qaçmağa başladı. Nə də olmasa onun yumruqları mühafizəçinin huşunu itirməsinə səbəb olmuşdu. Hər şey bitmişdi. Mən indi Tariyel müəllimin evinə gedib Ləmanı çıxaracaqdım. Birdən arxadan səs gəldi.
- Dayanın - biz çevriləndə səsin sahibinin bir əlində ağrıkəsici, bir əlində tapança olan mühafizəçi olduğunu gördük.
Heç bir saniyə də keçmədi. Üç güllə Elnarənin sinəsinə sancıldı. Elnarə al qan içində yerə sərildi. Mən aşağı əyilib onun başını qaldırdım. Ağzından qan gəlirdi.
- Elnarə.... - Nə demək lazım olduğunu bilmirdim - Elnarə.
Elnarə heç vaxt xoşbəxt olmamışdır. Öz böyük dərdi ilə həmişə çırpınıb, həmişə tək qalmışdı. İndi o xoşbəxt olmadan ölə bilməzdi. O yaşamalıdır. Dünya bu qədər ədalətsiz ola bilməz. İnsanlara talelər bu dərəcədə dəlicəsinə paylana bilməz. İnsanlardan qalan yeganə şey xatirələr ola bilməz. Niyə?  Niyə mən bu yola Elnarə ilə çıxdım? Elnarə mənim üzümdənmi öləcək? Halbuki hər şey başqa cür ola bilərdi. Elnarə sönmüş ümidlər dolu gözlərlə mənə baxırdı. Amma onun gözlərində həmişə bu ifadə olub. Necə olub ki, indiyədək buna fikir verməmişəm?  Rədd olsun bütün oxuduğum psixologiya kitabları. Demək ki, mən yaxşı psixoloq deyiləm. Elnarə son nəfəsini mənim qollarımda verdi. Rədd olsun bütün əxlaq və mədəniyyət qaydaları. Mən gözlərimin yaşını silib Elnarənin cansız bədəninin yanından silahı qapdım.
- Siz bu qız qədər kişi ola bilmədiniz - dedim.
Rədd olsun hər şey. Ayağa qalxıb əlimdəki tapançanı qaldırdım. Amma eynisini mühafizəçi də etdi. Açılan atəşlər zamanı dondurdu sanki.

*************************
Bir gün sonra

Ləman gözünün yaşını saxlamağa çalışdı.
- Bu çox pis oldu - rəfiqəsi ona dedi.
- Əclaflar. Orxanı.... - O sözünü bitirə bilmədi - güllə Orxanın düz başından dəyib.

Bağlantı Where stories live. Discover now